Modern.az

Cəbrayıl Dövlətzadənin DASTANI...

Cəbrayıl Dövlətzadənin DASTANI...

8 Oktyabr 2020, 07:45

Modern.az saytı “Torpağı azad edən şəhidlər...” silsiləsindən ilk yazını təqdim edir....


(I hissə)


Fevral ayıdır.  Yenə gecə Məleykənin gözlərinə yuxu getmir.  Oğlu əsgər gedəndən bu gündədir. Gecələr yatağına qor dolur,  min xəyal edir.  Namazlarında gündə 5 dəfə əlini Tanrıya açıb, gözünün işığı, qolunun qüvvəti olan oğluna can sağlığı, qəzadan-bəladan uzaq  olmağı diləyir.  Lap Sücaət şeirində yazdığı  kimi: “Balaları gülə-gülə  yatırıb, Ağlayıram, yatmıram ki, gecələr...”.  Telefonuna tanınmadığı nömrədən zəng gəlir.  Yenə ürəyi titryəb-əsir. “Ay Allah, görəsən nə xəbər gələcək? Görəsən kimdir gecənin bu aləmində zəng vuran. Kaş ki, Cəbrayıl ola...”. Əlləri, ürəyi titrəyə-titrəyə telefonu açır, yavaş səslə: -Kimdi?- deyə soruşur. Xəttin o biri başından zəif səslə bir nəfər deyir:


-Mənəm də...


- Kimdi axı...


- Ay ana, mənəm də...


 - Bıyyyy.. başına dönüm, ömrüm sənə qurban. Coni, bərkdən danış da... elə yavaş danışırsan ki, səsini tanımıram.


-Bu vaxtı sənə məndən başqa kim zəng edəcək ki, ana...  Uşaqlara mane olmamaq üçün yavaş danışıram da,.. bilmirsən guya?  Nə var –nə yox, necəsiniz?


-Yaxşıyıq. Qardaşın da yaxşıdı. Televizorda replərə baxıb, o da böyüyüb. Forslanır özü üçün.


Elə bu vaxt Cəbrayılın öskürək səsi gəlir. Anası:


-Cannnnn... ana qurban, niyə öskürürsən yenə, xəstələnmisən eləmi?


- Soyuq suda oldu...


-Nə?!


-Soyuq suda oldu...


-Soyuq su içirsən yenə?!, - ana elə bilir ki, oğlu soyuq su içir. Lakin xüsusi təyinatlıların əsgəri Cəbrayıl Dövlətzadə əməliyyatlarda, təlimlərdə soyuq suda davamlılıq dərsindən danışır. Ana nə bilsin ki... Cəbrayıl bilir ki,  anası söhbətin nədən getdiyini başa düşmədi. Sözü dəyişmək istəyir.


- Cannnnn, anan qurban, özüvə yaxşı bax, Dərman verirlər? Ordakı əsgər, o böyük əsgər keçən dəfə dedi ki, bacı narahat olma, biz əsgərlərə yaxşı baxırıq. Düz deyər yəqin? Deyir ki, xəstələnəndə dərman alırıq, qoymuruq xəstələnməyə.


-Düz deyir.


-Dərman iç, ömrüm qurban.


-İçirəm.


- İdman -zad edirsən?


Cəbraıl gülür...


-Ana, dünənləri... tam  danışa bilmirəm... bir 10 kilometr yol getmişik, sonra da 19 kilometr qayıtmışıq. Belimizdə də ağır yük...


-Zülm çəkirsiz eeee..


-Nə zülüm... Əladır (gülür).


-Bədənin –zadın şişər...


-Nə şişmək? Dözümlülük keçirik. Dözümlülük. Normadır.


-Yox eeee.  Bədənin şişməyib? Pəhləvanlar kimi olmamısan?


- Dözümlülükdür də... Bərkiyir bədən...



-Cannnnnn... Ölərəm sənin üçün... Allah haqqı iki-üç gün qabaq səni yuxumda görmüşəm.


-Ana, Allaha and olsun... Burada hamıya eyni cür baxırlar.  Çox səviyyəli yerdir. İnan mənə burada hamıya eyni gözlə baxırlar. Elə bil ki, mən oktyabrda gəlmişəm, başqası iyulda. Hər iki vaxtın çağırışçısına eyni münasibət var. (Öskürür)


-Cannnn... ölərəm elə...  xəstələnmisən... Həkimlər- zad baxmır? Əməlli-başlı öskürür e....


-Heç nə yoxdur...


- Nə vaxt gəlirsən? Bayramda? Martda gəlirsən də  inşallah?


-Həəəəə... Bayramda gəlirəm. Normativi verib gələcəm. 10 turnik vursam, 100 kilometri 13 dəqiqəyə qaçsam, 60 dənə press, 65 dənə jim vursam, gələcəm....


- Allah məni öldürsün... (gülür), sən də 100 faiz dözürsən ki, gələsən evə...


-Əladır da...


- Ölərəm səndən ötrü... Sən  dəqiq mənə oxşamısan eeee... zəif deyilsən, güclüsən. 


Cəbrayılın yenə öskürək səsi gəlir.


-Qadan- balan mənə gəlsin...


-Ey ay ana, bəsdi də...


-Həəəə... yaxşı... səni istəməyənlərin canına getsin... Allah sənin şəfanı versin.


-Ana necə dolanırsınız? Pulunuz var?


-Var, balam... hər şey yaxşıdır. Allah özü bilsin...Sən martda gələndə artıq rahat evdə qalacaqsan, vay-faylı rahat evimiz, rahat çarpayıda yatacaqsan...


- 1 il 6 ay dözəcəm.


- 1 il 6 ay nədir? 4 ayın gedib eeeee... ömrüm qurban. 1 il 2 ayın qalıb.


-5 ayın içindəyəm .


- Hə.... o günləri, ayın 2-si 4 ayın tamam oldu.


Məleykə oğluna təsəlli verir:


- Ömrüm, günlər gəlib keçəcəy eeee... tez gəlib keçəcək. Elə bil dünən yola salmışdım.  İndi beş ayın tamam olacaq, martda gələndə 6 ayın tamam olacaq. Səbr elə... hər şey yaxşı olacaq... Anan sənin gözlərinə qurban olsun. Bir dənə bilirsən nə fikirləş? Özünə yaxşı bax, əsas can sağlığıdır. Yeməyinə fikir ver. Bir dənə məni, bacını, qardaşını fikirləş. Nənən də, baban da, Allah canlarını sağ eləsin, hamısı səni çox istəyirlər. Ancaq unutma ki, səni ən çox istəyən anandır.


-Ana, narahatm, hansı çətinliyiniz var, bilirəm. Bir ondan narahatam...


-Ömrüm qurban, inan mənə, həmin işdən çıxmışam. Sabah gedib evin yanındakı “Mega Star”a işə düzəlirəm. CV vermişəm. Əvvəlcə satıcı kimi, sonra nəzarətçi kimi götürəcəklər.


-Evə yaxındır?


-Hə yaxındır. Axı mənim diplomum var, qabağa geədə bilərəm. Əvvəlki iş uzaq idi, özün bilirsən, ayağım ağrıdığından gedib-gələ bilmirdim. Heç də narahat olma. Mən də yaxşıyam, bacın da yaxşıdır, qardaşın da yaxşıdır. Hamımız yaxşıyıq. Bir dənə səndən nigaran qalmışam, Qurana and olsun.


-Anaaaa... bax, vallah... elə bil ki, evdə yaşayırıq. Hər şəraitimiz var.  Qurana and olsun, bax...erməni-zad görmürük.



-Ay bala bilirəm dəəəə... anayam axı... Sən Türkiyədə olanda da telefon əlimdə qalırdı ki, görüm hardasan... telefonu geç açanda ürəyim partlayırdı. O gün Vüsal gəlmişdi. Sənə salam deyir. Deyir Cəbrayıl mənim canımdır, çox yaxşı qardaşdır, çox yaxşı övladdır. Hamısı sənin üçün dua edir. Vüsal Şəmkirdədir. Maaşını qaldırıblar. Deyir ki, sən gəlib burda işləsən, sənin maaşın onunkundan da yüksək olacaq.


-Gecəniz xeyrə...


-Cannnn.. gedirsən.... oğlum... bir dənə...  Burada telefon söhbəti bitir.


İndi isə Məleykə olanlara inanmaq istəmir. Əlində telefonu oğlundan yadigar qalan şəkillərə baxır, baxır, səsini dəfələrlə dinləyir... usanmır.  Hər sualımdan sonra fikri uzaqlara uçur. Yenə telefonunu qurdalayır. Yenə Türk dünyası boyda bir qəhrəmanın şəkillərini göstərir,  görüşlərindən danışır. Sevib- oxşayır oğlunu.


“Mənim Cəbrayılım dünyanın ən yaxşı, ən qeyrətli oğlu idi...”.


-Məleykə, başına dönüm, Sənin dünyaya gətirdiyin oğul dünyanın döyüş tarixinə, salnaməsinə adını qızıl hərflərlə yazdı. Sənin 19 yaşlı  oğlun, Azərbaycanın və Azərbaycan Ordusunun yetişdirdiyi peşəkar bir generalın Polad Haşımovun qanını aldı...

 

-Mən oğlumun üzünü görmədim. Tabutuna sarılıb, gecədən səhərə qədər bu evin döşəməsində uzandım.  Tabutun ağzını yekə mismarla mismarlamışdılar. Gücüm çatmadı örtüyünü açım... Dedilər  torpağa tapşıranda, icazə verəcəklər baxmağıma, ancaq  yenə qoymadılar son dəfə balamı görüm...Bax o bayrağı görürüsən, o bayrağı verdilər mənə.


(ardı var...)


Aida Eyvazlı GÖYTÜRK

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?