Modern.az

Yıxılmaz Ali Baş Komandan!!!

Yıxılmaz Ali Baş Komandan!!!

15 Oktyabr 2020, 00:05

Düşmən aldığı zərbələrdən artıq özünü itirib. Paşinyan bu gün bir daha erməni silahlı bölmələrində xeyli itkilərin olduğu, saysız-hesabsız hərbi texnikanın və infrastrukturun Azərbaycan Ordusu tərəfindən sıradan çıxarıldığı barədə məlumatlar səsləndirib. Özünü yazıq görkəmə salan baş nazir beynəlxalq birlikdən hərbi-siyasi dəstək almaq üçün utanıb-qızarmadan yalvarışlar edir.

Düşmən Ermənistan Azərbaycanın güc və qüdrəti qarşısında diz çökmək üzrədir. Mən bunu gəlişi gözəllik naminə demirəm. Otuz ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni və onun havadarlarında  belə bir fikir formalaşmışdı ki, artıq hər şey bitib, Qarabağ bir daha Azərbaycanın olmayacaqdır. Bütün beynəlxalq tədbirlərdə də bu yaramazlığı nümayiş etdirirdilər.

Hətta xatırlamış olarsınız, Rusiyanın Soçidə keçirdiyi bir tədbirdə Nikol Paşinyan çıxışının sonunda həyasızcasına nöqtədən danışmışdı. Bizim prezidentimiz də həmin toplantıda ona yekə bir nida göstərmişdi. İndi bu nidanın ağrısını və biabırçılığını çəkə bilmir. O zaman bu nidanın gücünə içimizdəki bəzi özündənrazılar da ironiya ilə yanaşmışdılar. Yenə də bəzi mövqelərə baxarkən təəssüflərimi gizlədə bilmirəm. Onlar sətiraltı düşüncələri ilə İlham Əliyevin yıxılmasını daha çox arzulayırlar. Artıq bu mümkün olan bir şey deyil.

Ali Baş Komandanımız elə bir tarix yaratdı ki, onu bir daha xalqın ürəyindən çıxarmaq barədə fikirləşməyə belə dəyməz.  Hamımız əl-ələ verərək ona düşmən üzərində başlatdığı bu qələbəni sona çatdırmağa kömək etməliyik. Xalq və İlham bu gün yekdildir. Düşmən Ermənistanın məğlubiyyət planı məhz bu iki birliyin sayəsində baş tutub.

Paşinyanı vahimə içərisində saxlayan, onun yuxusunu qaçıran və qorxudan Silahlı Qüvvələrimizə döyüş əmri verən və onu məharətlə idarə edən Ali Baş Komandanımız İlham Əliyev məhz xalqdan aldığı sarsılmaz gücə bağlıdır. Eşq olsun Ordumuza, eşq olsun İlham Əliyevə, eşq olsun qəhrəman xalqımıza!!!! 


Eldar Sabiroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir