Modern.az

Seyran Səxavət: "Elə bil ki, 30 ildir bir doğmanı, yaxınını gözləyirsən və axır gəlib çıxdı..."

Seyran Səxavət:

Ədəbi̇yyat

17 Oktyabr 2020, 17:20

"30 il yol gələn xoş xəbəri bu gün almışıq. Artıq bu təəssürat deyil başqa bir şeydir, uçuram, göylərdəyəm. Mən 20 il əvvəl demişdim, nə qədər ki, Qarabağ torpağı işğal altındadır, lap aşağıdan yuxarıya kimi kim özünü kişi hesab edir etsin. Mən kişilikdən istefa verirəm və özümü kişi hesab eləmirəm. Artıq mənim istefam tərsinə dövran edir".

 

Bu sözləri Modern.az-a açıqlamasında Füzulidən olan tanınmış yazıçı Seyran Səxavət deyib. O Füzuli şəhərinin düşmən tapdağından azad olunması xəbərini hədsiz bir sevinclə qarşıladığını söyləyib:

 

"Sözün əsl mənasında canımda, varlığımda diriliş hiss edirəm. Yavaş-yavaş özümə hörmət etməyə başlayıram. Uçmağa qanadım yoxdur, belə şeydə heç qanad lazım deyil. "Qanadlandım uçmağa, haqq qapısın açmağa" - belə bir deyim var. Bu xəbərdən sonra uçmaq üçün qanad da lazım deyil, vətən sevgisi insanı uçurur. Buna təəssürat demək olarsa, mənim təəssüratım bundan ibarətdir".

 

  1. Səxavət bildirib ki, Füzuliyə gedəndə ilk haranı ziyarət edəcəyini hələ bilmir:

“Bu yaşda mən dəli kimi özümü ora çırpacam, bura çırpacam. Qəbristanlığa, məktəbə, Füzulinin mərkəzinə fərqi yoxdur, vətənin hamısı eynidir. O torpaqdan götürüb üzümü-gözümü yuyacam ki, çox ağlamayım. Ermənilər onu da yozarlar ki, Azərbaycan yazıçısı qorxudan ağlayır, onlar qanmır axı sevincdən ağlamaq nədir. Ermənilərdən allahın xəbəri yoxdur. İnterviyularımın birində demişdim ki, deyəsən, bunları Allah yaratmıyıb".

Yazıçının sözlərinə görə, Füzulinin azad olunmasını arzu edən, lakin bu günləri görə bilmədən dünyadan köçən ziyalıların, şairlərin, elm admlarının hamısının Füzulidə dolaşan ruhu da bu gün azadlıq tapıb:

“Qətiyyən demək olmaz ki, dünyadan köçənlərin bu möhtəşəm qələbədən xəbəri yoxdur. Ruhları gəzir o torpaqlarda. Vətən sevgisi elə bir şeydir ki, sevəndən sonra dünyadan köçənlərimizə mütləq əyan olacaq. Onlar özləri sevinəcəklər, sevinirlər də. Onların da ruhu o biri dünya ilə bu dünya arasında qalmışdı. Artıq ruhları azad olundu”.

 

Yazıçı son olaraq əlavə edib ki, özünü tam sevinmiş hesab etmir:

"Mənim üçün ən vacib Şuşa, Laçın, Xankəndi alındıqdan sonra mən daha çox sevinəcəm. Bəlkə onda mən də “təndə” oldum".

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər