Modern.az

Bizi yanıldan GƏNCLƏR

Bizi yanıldan GƏNCLƏR

Ədəbi̇yyat

21 Oktyabr 2020, 16:33

Cəbrayıl Dövlətzadə... İndi 19 yaşlı bu qəhrəmanın adı Azərbaycanda dillər əzbəridir. Düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.


Valideynləri, dostları onun mərd, qüvvətli, nəcib keyfiyyətli, qətiyyətli bir gənc olduğunu deyirlər. Atası bildirir ki, sonuncu dəfə onunla əlaqə saxlayanda "məndən nigaran olmayın, Vətənə canım fəda olsun" sözlərini deyib. 


Və Cəbrayıl tək deyil!.. Şəhid olan hər bir gəncin cəbhədə göstərdiyi igidliklərdən ailələri və döyüş yoldaşları qürurla bəhs edirlər.


Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işindən və peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdən hesab olunur. Bu yolda Azərbaycan müəllimlərinin və təhsil kontingentinin zəhməti böyükdür. Bu gün gənclərin vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında təhsil  müəssisələrində aparılan vətənpərvərlik təbliğatının rolu danılmazdır. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlmək üçün gənclərimizin vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması istiqamətində hansı işlər görülüb. Bu uğurun əsas  formulu nədir?


Hər kəsə elə gəlir ki, onun vətəni dünyanın ən gözəl məskənidir. Əgər mən də belə düşünürəmsə bunu mənim nöqsanım saymayın. Axı mənim vətənim doğurdan da gözəldir! Bu sözlər böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə məxsusdur.


Bu sözləri o, 80 ci illərdə qələmə alıb. Sovet İmperiyasının qılıncının ən kəsərli dövrlərində bu cür yazmağa cürət edən şairin bir millətçi kimi əqidəsi hər kəsə yaxşı məlumdur. Ancaq bu sözlərlə onun bizə aşıladığı vətən sevgisi və vətənpərvərlik hissi çox daha dəyərlidir.


Bəli, vətəni bizə B.Vahabzadə, A.Səhhət, M.Araz, X.Rza, C.Novruz kimi söz nəhəngləri sevdirib. Biz vətəni sevməyi Səməd Vurğunun dili ilə “El bilir ki, sən mənimsən” deyərək öyrənmişik. Biz vətəni Abbas Səhhətin təbirincə “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” deyəndə tanımışıq. Biz Məmməd Arazın dili ilə “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” deyəndə vətən üçün canımızdan keçməyi öyrənmişik. Onlar bizə içdiyimiz suyun, gəzdiyimiz torpağın, yediyimiz çörəyin, udduğumuz havanın dəyərini bilməyi öyrədiblər. Başa salıblar ki, Azərbaycan bizim üçün yalnız müəyyən sərhədləri olan bir torpaq sahəsi deyil. Azərbaycan ilk növbədə bizim Ana Vətənimizdir. Çünki o, bizi bir ana kimi öz qoynunda bəsləyir, boya-başa çatdırır. Hər birimizin yaşadığı şəhər, kənd, ev bu torpağın üzərində yerləşmişdir. Vətən ulu babalarımızın uyuduğu torpaq, gələcək nəsillərin yaşayış yeridir.


Vətəni sevmək, onu qorumaq, gözəlləşdirmək, daha da varlı və qüdrətli etmək xalqımızın ən ümdə dəyərləridir. Hər bir Azərbaycan vətəndaşı şərait tələb etdikdə silaha sarılaraq vətəni müdafiə etməyi özünün müqəddəs vəzifəsi hesab etməlidir.


Dünya qəhrəmanlıq tarixini araşdıranlar sübut edirlər ki, qəhrəmanlıq atadan yox,  məhz anadan oğullara ötürülür. Buna görə də illərlə qəlbində Qarabağ nisgili gəzdirən qəhrəman Azərbaycan qadınının ürəyində vətən sevgisi ilə böyütdüyü oğullar qanı, canı bahasına indi Qarabağda qəhrəmanlıq salnaməsi yazır. Gənc oğullar gözünü qırpmadan canını vətən üçün fəda edir. Bu gün ön cəbhə arxa cəbhə anlayışı yoxdur. Hər bir kəsin, kiçikdən böyüyə hər bir azərbaycanlının qəlbi Qarabağla  döyünür, onun azadlığı üçün çarpır. Hər gün  cəbhədən qələbə xəbərlərini alarkən məni düşündürən bir nəsnə var. Bu gün 30 ildir xalqın ürəyində gəzdirdiyi Qarabağ nisgili, torpaq, vətən dərdi üzə çıxıb. O artıq ürəklərdə deyil, dillərdə deyil, əməllərdə görünür.


Bu hadisələr göstərir ki, bu gün Azərbaycan gənci tarix qarşısında imtahan verir. Yaşlı nəslin narahatlıqla avropasayağı geyim tərzi, saç düzümü, davranışı, dinlədiyi musiqiyə görə qınadığı Azərbaycan gənci bu tarixi sınaqdan üzü ağ çıxır. Bizi düşündürən gələcək nəsil bu gün bizi yanıldır, o öz keçmişinə sahib çıxır. Əsası Ulu Öndərimiz tərəfindən böyük əziyyətlər hesabına qoyulmuş, inkişaf etməkdə olan Azərbaycanın mərd, yenilməz, cəsarətli, eyni zamanda ziyalı, dünyagörüşlü gəncləri yetişib. Çağdaş Azərbaycan gənci həm milli, həm də dünyəvi dəyərlərə sahib bir millətin övladıdır. Bu gənclər milli kimliyimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına və tarixi həqiqətlərimizin dünyada təbliğinə çalışır. Keçmişinə sahib çıxmağa qadir olan gənclərimiz Azərbaycanın gələcək potensialına, gücünə və qüdrətinə böyük ümidlər yaradır. Bu gənclər Qarabağın xilaskarı, Azərbaycanın gələcəyidir.

 

Səyyarə Məmmədova,
Azərbaycan Milli Elmlər Akademiyası

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir