Modern.az

Nəvəsi Məmməd Aslanın məzarına Kəlbəcər torpağı SƏPƏCƏK

Nəvəsi Məmməd Aslanın məzarına Kəlbəcər torpağı SƏPƏCƏK

22 Oktyabr 2020, 13:52

Vətən həsrəti ilə beş il öncə həyatını dəyişən böyük söz adamı Məmməd Aslan bu dünyadan “Kəlbəcər” deyə-deyə köçdü. Kim bilir, bəlkə də onun ağrılarına doğma Kəlbəcəri məlhəm ola bilərdi...

Buna qismətmi deyək, alın yazısımı deyək...

Özündə Kəlbəcəri yaşadan Məmməd Aslan vəfat edəndə sanki Kəlbəcər bir daha işğal olunmuşdu.

Nə sirr idisə, adamlar qəribsəyəndə onun yanına gəlir, sanki Kəlbəcərin havasını ondan alırdılar.


Söz ustadının qızı Təbrizə Aslan deyir ki, kaş atası bu günləri görəydi, torpaqlarımızın işğaldan azad edilməsini atası o qədər istəyirmiş ki... Hətta qızından çox Vətəni istəyirmiş.

 

“Ordumuzun zəfərinin şahidi olduqca, deyirəm ki, kaş atam sağ olaydı, görə biləydi bu günləri. Neçə gündür ki, atamın Kəlbəcərlə bağlı bir misrası beynimdədi:

Qayıtsa min Kəlbəcər,
qayıtmaz o Kəlbəcər”.
 

Atasının Kəlbəcərlə bağlı arzularını dilə gətirən həmsöhbətimiz davam edir:

“Daş vermə baş daşıma,
Qalmasın iz Kəlbəcər.

Atam Kəlbəcər qarşısında o qədər ədalətli idi ki, həmişə deyirdi:

Mən ölsəm bu halda, səni qurtara bilmirik,
Mən ölsəm mənə başdaşı vermə.
 

Kəlbəcər haqqında danışanda  içindəki kədər, nisgil aydın hiss olunurdu. Amma Kəlbəcərin geri alınacağına dair bir ümidinin olduğunu xatırlaya bilmirəm.

Bəlkə də ümidləri var idi,  amma mənim yanımda Kəlbəcərlə bağlı ümidlərini dilə gətirmirdi”.

 
Təbrizə Aslan atasının torpağa bağlı olduğunu xüsusi qeyd edib:

“Vətən haqqında danışanda çox sevinərdi. Çünki torpağına çox bağlı idi. Onun şeirlərinin yarıdan çoxu vətən, dağlar, çiçəklər, əsasən də Kəlbəcərə aid idi. Atamın belə bir misrası var:

Vətən gözdür, biz kiprik,
Gözümüzün keşiyini çəkirik. 

Dostları deyirdi ki, başqa heç nə yazmasa belə, bu misralarla o, tarixdə qalacaq”.


Məmməd Aslanın qızı atasının ruhunu tezliklə şad etməyi düşündüyünü də deyib:

“Kiçik oğlum deyir ki, işğaldan azad ediləndən sonra Kəlbəcərə gedib oradan torpaq gətirib babamın qəbrinin üstünə tökərik. O zaman atam torpaqlarımızın alınacağını hiss edəcək. O zaman onun ruhu şad olacaq”.

 

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər