Modern.az

Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF

Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF

Media

23 Oktyabr 2020, 09:46

Ermənistanın işğalından azad edilən Azərbaycanın yaşayış məntəqələrindəki durum çox acınacaqlıdı. Demək olar ki, düşmən daş üstə daş qoymayıb. Meyvə ağaclarını belə baltalayan bir toplumdan nə gözləyəsən?

 

Təbii ki, Azərbaycan öz torpaqlarını azad etdikcə əvvəlkindən də yaxşı abadlıq işləri aparacaq.

 

Bəs, biz necə etməliyik ki, bu erməni barbarlığı yalnız kitablarda, filmlərdə, mətbuatda deyil, həmin vəhşilikləri görmüş bölgələrdə də daim nümayiş etdirilsin.

 

Modern.az mövzu ilə bağlı Azərbaycanın tanınmış jurnalistlərindən mövqe öyrənib.

 

“525 qəzet”nin  baş redaktoru Rəşad Məcid bildirib ki, Azərbaycan bütün dünyanı heyrətləndirən yeni bir turizm mərkəzi yaradacaq:

 

“Laçın rayonunun Ağoğlan kəndindəki İsti su təbii qaynaqlardır. Bu bölgədə gözəl sanatoriyalar salınacaq. Yolboyu gözəl mənzərəli yerlərdə bizim xəyallarımızda olan mənzərəli istirahət yerləri, gözəl tarixi abidələr var. Cənab Prezidentin dediyi kimi, müharibədən sonra bölgənin vəziyyəti tamamən dəyişəcək, eyni zamanda bütün Qarabağın vəziyyəti dəyişəcək. Qarabağın gözəlliklərindən təkcə Azərbaycan xalqı deyil, bütün dünyanın sülhsevər və tarixsevər xalqları bəhrələnəcəklər. Mən də uşaqlığımı keçirdiyim yerlərə gedib arzularımı reallaşdıracam. Bəlkə də oralara köçüb yaşayacam. Bizim şəhərlərimizi, kəndlərimizi viran qoyublar. Hamısını bərpa edəcəyik”.

 

Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlı qeyd edib ki, erməni vandalizmini gələcək nəsillərə çatdırmaq üçün yeni üsul seçmək lazımdır:

 

“Düşünürəm ki, işğaldan azad edilmiş hər bir  yaşayış məntəqəsində ən azından ermənilər tərəfindən dağıdılmış bir evi olduğu kimi saxlamaq lazımdır. Həmin evə  o yaşayış məntəqəsinin işğaldan əvvəlki və dağıdılmış durumunu əks etdirən şəkillər vurulmalıdır. Kəndin başına açılan müsibətlər, sakinlər barədə məlumatlar qeyd olunmalıdır.

 

Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi zamanı vurulmuş, dağılmış hərbi texnikadan da gələcək nəsillər üçün eksponat kimi elə vurulduğu yerdə qoruyub saxlamaq lazımdır.

 

Bütün bunlar həm bölgəyə gələcək turistlər üçün informasiya mənbəyi olacaq, həm də yerli sakinlər üçün yaddaş vəsaiti. Bunlar olduğu halda istər yerli, istərsə də əcnəbi insanlara bələdçi lazım olmayacaq. Onlar hər şeyi öz gözləri ilə görəcəklər”.

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, tarixi unutmamaq üçün memorial komplekslər yaradılmalıdır:

 

“Hər rayonun mərkəzində ondan əvvəllər diyarşünaslıq, tarixşünaslıq  muzeylərimiz olub. O muzeylərdə rayonun, şəhərin işğaldan əvvəlki vəziyyəti, işğal tarixçələri göstərilməlidir ki, ora gələnlərin erməni işğalçılığı ilə bağlı təsəvvürləri yaransın. Yaxud dağıdılmış kəndlərin, yaşayış məntəqələrinin hansısa bir hissəsini dağıdılmış vəziyyətdə saxlamaq lazımdır”.

 

“Türküstan qəzeti “nin baş redaktoru Aqil Camalın fikrincə, azad olunan  şəhərlərin mərkəzində 27-30 ilik işğalları özündə əks etdirən abidələr qurulmalıdır:

 

“Bunlar elə həmin rayonlarda olan abidələrin, heykəllərin əsasında da qurula bilər. Bu hadisələr zaman-zaman Azərbaycan xalqının başına gəlib. Abidələr, heykəllər vasitəsi ilə tarixi yadda saxlamaq, həm də Azərbaycanın öz torpaqlarını hansı qanlar bahasına əldə etdiyini dünyaya göstərmək olar”.

 

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi