Modern.az

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

Təhsil

23 Yanvar 2010, 16:13

Yanvarın 23-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, ötən ilin yekunları ilə bağlı və 2010-cu ildə qarşıda duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin bir sıra əməkdaşına ölkədə rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında xidmətlərinə görə fəxri fərmanlar təqdim edib. Həmçinin rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar RİTN-in birlik və müəssisələrinin işçiləri və internet saytları arasında keçirilmiş müsabiqənin qalibləri müəyyən olunub və mükafatlandırılıb.
Sonra kollegiyanın gündəliyində duran məsələlərin müzakirəsi olub. Nazir Əli Abbasov 2009-cu ildə Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişaf etdiyini qeyd edib.
Ölkədə informasiya-kommunikasiya texnologiyaları

sektorunun inkişafı üzrə bəzi rəqəmləri misal gətirən nazir bir çox ölkələrin maliyyə böhranı zamanı enmə nümayiş etdirdiyi bir dövrdə Azərbaycanın İKT sahəsinin 2008-ci illə müqayisədə 13,7% artması faktını bir daha qeyd edib. Onun sözlərinə görə, 2009-cu böhran ilində İKT sektorunda əldə olunan gəlirlərin orta illik artım tempi 13,7% təşkil edib. Bu artım tempi ilə Azərbaycan dünya üzrə İKT-nin 2009-u ildəki artım tempini 2 dəfə qabaqlaya bilib.
Uğurla bitirilən il və görülən işlərə dair dövlət başçısının müsbət rəyi barədə danışan Əli Abbasov qeyd edib ki, “bu, ölkənin İKT sahəsində çalışan bütün əməkdaşlarının fəaliyyətinin bir göstəricisidir”. Bununla yanaşı müsbət rəylərin özü ilə böyük məsuliyyət gətirdiyini qeyd edən nazir bildirib ki, hər bir əməkdaş görülən işə daha məsuliyyətlə yanaşmalıdır ki, gələcəkdə yeni zirvələri fəth etmək mümkün olsun.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda həyata keçirilən layihələr barədə danışan RİTN başçısı bütün bu layihələrin ölkə vətəndaşlarına keyfiyyətli və əlçatan rabitə və informasiya texnologiyaları xidmətlərinin təqdim olunması məqsədlərini daşıdığını bildirib.
Bundan sonra kollegiya iclası zamanı ötən ilin yekunları, nazirliyinin 2004-2009-cu illər ərzindəki beynəlxalq əlaqələri, eləcə də RİTN-də kargüzarlıq işinin təşkili və vətəndaşların müraciətlərinə baxılması haqqında məruzələr oxunub.
Həmçinin iclasda RİTN-nin bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər. Yekun nitqində nazir Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq iştirakçıları 2010-cu ildə daha yüksək nəticələrin əldə olunması üçün bütün səylərini əsirgəməməyə çağırıb.
Kollegiya iclasından sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən rabitə və informasiya texnologiyaları sahəsinin bir sıra işçisinə fəxri adların verilməsi mərasimi keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub