Modern.az

“Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc

“Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc

Parlament

28 Oktyabr 2020, 17:24

“Raket zərbələri açıq-aşkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin qərarıdır və bununla düşmən bir aylıq  dövrdə hərbi meydandakı məğlubiyyətinin əvəzini Azərbaycan xalqından çıxmaq niyyətidədir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Bərdədən olan deputatı Zahid Oruc bu gün Ermənistanın Bərdədə törətdiyi vəhşiliyə münasibət bildirərkən deyib.

 

Zahid Orucun sözlərinə görə,  millətimizə qarşı müharibə elan edilməsinin fərqində olmalıyıq:

 

“Paşinyan rejimi dərk edir  ki, min illlik erməni ideallarını, saxta və cəfəng maksimalist məqsədləri uduzaraq, salamat qala bilməyəcəklər. Onlar qərarı belə veriblər ki, heyflərini silahsız insanlardan çıxsınlar. Həm dövlətçilik tarixinə, həm də mədəniyyətə malik olan və hər zaman müxtəlif düşmən hücumlarına məruz qalan, lakin onu dəf etməyi bacaran xalqıq. Hər kəs bu savaşı uzun illərdir ki, gözləyir. Bu gün evindən sağ-salamat çıxaraq şəhərin mərkəzi ilə hərəkət edən insanların bu cür qəfil, amansız hücuma məruz qalması bu Ermənistanın rəzilliyini, ləyaqətsizliyini göstərir. Bağlı qapılar arxasında Ali Baş Komandanımıza sülh istəyi ilə müraciət edən, hərbi meydandakından daha amansız siyasi-diplomatik müharibə aparan qüvvələr Bərdənin küçə və yollarındakı səhnəni görməlidirlər. Bilməlidirlər ki, sülhü kimlər üçün istəyirlər və Pompeonun  çıxışı İrəvandan verilən cavabdır. Humanitar pauzanın üstündən xətt çəkilməsi deməkdir”.

 

Deputat Azərbaycan xalqının iradəsini yıxmağa çalışanların məğlub olduğunu da qeyd edib:

 

“Bütün itkilərə baxmayaraq, heç kim  o qədər ağrıların, acıların içərisində “müharibə dayansın” demir. Biz bu ağrılara qatlaşıb onlara Şuşadan, Xankəndidən cavablar verəcəyik. Hesab edirəm ki, özlərinin dediyi kimi, məğlub olduqlarını bilə- bilə Azərbaycanın sərhədlərini döyüş meydanına çevirmək istəyirlər. Onlar silahlarının hamısını Qarabağa gətiriblər. Ali Baş Komandanımızn dediyi kimi, Azərbaycan Qarabağı təkcə Ermənistandan yox, ATƏT-in  Minsk qrupuna  daxil olan dövlətlərdən də qoruyur. Ermənistanın məğlub olması onları da məğlub duruma salır. Bu rəzil hücumun cavabı 10 qat artıqlığı ilə veriləcək. İki gün ərzində 26 insanımızı öldürüblər. Bu terror deyil, açıq şəkildə hərbi həmlədir, hücumdur. Bərdəni cəbhəyə çevirmək istəyirlər. Gəncənin, Bərdənin və digər şəhərlərin qisasını bu zərbəni vuranlardan almalıyıq. Əminəm ki, ən yaxın zamanda bu cavabı görəcəyik”.

 

Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi