Modern.az

Qoru özünü, canımız əsgər!

Qoru özünü, canımız əsgər!

Ədəbi̇yyat

29 Oktyabr 2020, 16:02

Bu gün hər bir Azərbaycan vətəndaşının özünə ən doğma, yaxın bildiyi, daha çox ünsiyyətdə olmaq istədiyi oğlumuz, qardaşımız, necəsən? Bilirəm ki, nə qədər çətin olsa belə, deyəcəksən, – “Məndən nigaran qalmayın, yaxşıyam, çünki vətənimin 30 ilə yaxın mənfur düşmən tapdağı altında qalan torpaqları uğrunda vuruşuram və hər bir qələbədə mənim də payımın olduğundan daha da ruhlanıram”.


Əziz əsgər, Poladların, Mübarizlərin layiqli davamçısı, mərd oğlumuz!  Bu gün sən öz vətənpərvərliyin, igidliyin, rəşadətinlə millətimizə nə qədər qürur, fəxarət verdiyindən xəbərin varmı? Minlərlə yeniyetmələrimizə örnək, nümunə olduğundan necə, xəbərin varmı? Onlar da sənin yolunu getmək, vətənə xidmət etmək, əsgər olmağa tələsirlər.


Sənin kimi əsgərləri olan Milli Ordumuzun sayəsində Qələbənin çox da uzaqda olmadığına bütün varlığımla inanıram. O gün yaxındadır, tezliklə gələcək. Çünki Ordumuzun başında dərin zəkaya, yüksək diplomatik taktikaya, natiqlik istedadına malik, öz kəsərli çıxışları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, obyektiv düşüncə tərzi, qətiyyətli mövqeyi ilə dünyaya meydan oxuyan, anbaan nüfuzu artan Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dayanır. Məhz onun uzaqgörənliyi, məqsədyönlü və incə siyasəti sayəsində Qarabağ uğrunda gedən döyüşlər yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazılmaqdadır!


 Doğma əsgərimiz! Heç şübhəsiz ki, müharibə bitdikdən sonra sən də İnşallah, geri dönəcək, sevdiyin sahə üzrə çalışacaqsan. Bilirsənmi, hamı məhz səninlə iş birliyində olmağı arzulayacaq. Bunu mən də bir alim olaraq çox istərdim. Bəlkə, bu barədə fikirləşəsən, silahını qələmlə əvəz edib, elmlə məşğul olasan? Hərbi Ordudan Alimlər Ordusuna keçmək, nəzərimizcə, sənə daha  yaxın olar, elə deyilmi? Biz səninlə birlikdə həsrətində olduğumuz gözəl Qarabağımızı qarış-qarış gəzər, zəngin təbiətini, nadir bitkilərini öyrənər, hər daşına, qalasına, havasına musiqi hopmuş, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Niyazi, Rəşid Behbudov və başqa korifey sənətkarlarımızın diyarı - Şuşamızın xarı bülbülünün ətrini duymağa gedərik. Necədir, razısanmı? Əlbəttə ki, bu, bir təklifdir. Bəlkə də sən artıq hansısa bir sahənin mütəxəssisisən, yaxud başqa bir seçim edəcəksən. Bəlkə tarixçi olub, Azıx mağarasında yeni tapıntılar aşkar etmək, Qarabağın daş heykəllərini tədqiq etmiş alimlərimizin yolunu davam etdirərək, yalançı erməni tarixinə zərbələr endirmək arzusundasan. Bəlkə də hərb məktəbində çalışaraq, özün kimi gələcək qəhrəmanlar yetişdirmək, yaxud həkim, mühəndis, siyasətçi olmaq arzusundasan, bilmirəm.  Ancaq bircə bunu dəqiq bilirəm ki, sənin kimi mətin, ağıllı oğullar hərb meydanında zəfər qazana bildikləri kimi, hansı sahə olur-olsun, fərq etməz, istədiyinə nail ola biləcək. Yolun açıq olsun, əsgər!


Əziz əsgər, yəqin ki, məktubda mənfur düşməndən az bəhs etdiyimi düzgün anlayacaqsan. Bəli, mən onun adını çəkib, əməllərini, çirkin niyyətlərini sadalayaraq, məktubun saf məzmununa xələl gətirmək istəmədim. Çünki o, 10 minlərlə şəhidlərimizin, raket atəşinə tutulan günahsız mülki əhalimizin, uşaqlıq dünyası əllərindən alınmış körpələrimizin qatili olaraq artıq özü tarixin ən ləkəli səhifələrinə imza atmışdır.


Azərbaycan isə öz yeni şərəfli tarixini yazmaqdadır. Bu tarixin canlı şahidi, qəhrəmanı sən və sənin silahdaşlarındır, əziz Azərbaycan əsgəri! Bu gün Vətənin keşiyində dayanmaq kimi müqəddəs bir amal uğrunda silaha sarıldığın tək, çox tezliklə həsrətlə gözlədiyimiz Qələbə günündə sən vətənimizin üçrəngli bayrağına sarınacaqsan!  Bu müqəddəs Azərbaycan bayrağını Şuşa qalasında, Cıdır düzündə dalğalandıracaqsan! Biz səninlə birlikdə zəfər bayramlarını qeyd edəcəyik! Bütövlüyü bərpa olunan Azərbaycanımız günəş kimi yenidən doğacaq və gur saçan işığı, nuru ilə dostlarımızın qəlbinə həlim bir istilik, düşmənlərimizə yanğı verəcək. Buna bütün varlığımla inanıram!


Əminəm, o gün gələcək! Çünki bizim ölümdən qorxmayan, şəhidlik zirvəsinə ucalmağı özünə şərəf bilən sənin kimi igid, dəyanətli oğullarımız, düşmən itlərini İTİ QOVAN sərrast müasir hərbi texnikamız, bizə hər zaman mənəvi dəstək olan türk  qardaşlarımız, bacılarımız, eləcə də haqq işimizi yaxşı dərk edib, bizə həmrəy olan digər millətlərin nümayəndələri var.   


Çox çəkməz ki, ümumxalq şəhid dəfnləri dayanar və üçrəngli şanlı bayraqlarıımızla bəzədilmiş saraylarda şəhid övladlarının ümumxalq şadlıq mərasimləri keçirilər və şəhidlərin də ruhu şad olar.


Əziz əsgər, sənə olan tükənmək bilməyən rəğbət və məhəbbətimi izhar etməkdən usanmıram. Ürəyimdə hələ sənə deyiləsi o qədər sözlər var ki... Qalsın növbəti məktuba...  


Qoru özünü, canımız əsgər! Qələbəmiz üçün qoru! Vətənimiz, millətimiz üçün qoru!  Gələcəyimiz üçün qoru! Allah köməyin olsun!


Qarabağ Azərbaycandır! Yaşasın azad Azərbaycan! Yaşasın millətimizin qürur mənbəyi, güvənc yeri, Azərbaycan tarixində ilk dəfə olaraq misli görünməmiş birlik yaradılmasına nail olmuş, adı dillərdə dastan olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, hamımızın sevimlisi cənab İlham Əliyev!

 

 

Böyük ehtiram və rəğbətlə,
AMEA Botanika İnstitutunun elmi katibi,

biologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Xəlilova

                                                   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir