Arxiv
30 Oktyabr 2020, 15:57 | DİASPOR
Qazaxıstan və Özbəkistandakı diasporumuz Azərbaycana hansı dəstəyi verdi…

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları davam edir. Azərbaycanın öz əzəli və əbədi torpaqlarını azad etmək üçün apardığı bu müharibəyə dünyanın hər tərəfindən fərqli reaksiyalar gəlməyə davam edir. Xalqımızı ən çox maraqlandıran isə eyni soykökə malik olduğumuz, türkdilli ölkələrin Qarabağ müharibəsinə münasibətidir. Təəssüf ki, qardaş Türkiyədən başqa digər dövlətlərin açıq şəkildə dəstəyini görə bilmədik.

Bu barədə Modern.az-a sözügedən ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının nümayəndələri danışıb.


Qazaxıstandakı Azərbaycan diasporunun fəallarından olan Zakir Binnətli bildirib ki, çaxnaşmaya səbəb rusdilli media orqanlarının hadisələri düzgün qiymətləndirməməsi olub:

“Bizlər burada ictimai rəyi öz tərəfimizə çevirmək və öz haqlılığımızı sübut etmək üçün daim çalışırıq. Amma təəssüf ki, Qazaxıstanda bəzi rusdilli KİV-lər dövlətin rəsmi mövqeyindən kənara çıxırlar. Birtərəfli, ermnipərəst mövqe nümayiş etdirirlər. Biz bunları nəzərə alaraq saytlarda, başqa media orqanlarında məsələyə qəti münasibətimizi bildirdik. Gördüyümüz işləri ətraflı olaraq Facebook səhifəmizdən izləmək mümkündür. Səfirimiz də mövzuyla bağlı televiziyaya geniş müsahibə verdi. Alınan tədbirlərdən sonra bu cür təhditlər azaldı. Qazaxıstan prezidenti bu hədalət döyüşündə Azərbaycanın haqlı olduğunu vurğuladı”.


Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Mərkəzinin sədri Firdovsi Hüseynovun sözlərinə görə, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana tam dəstək bildirilib:

“Millətlərarası münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində iclasımız olacaq. Komitə, buradaki azərbaycanlılarla görüşüb fikrilərimizi almaq, dəstəyini bildirmək istəyir. Bundan başqa, burada bir diaspor təşkilatı olaraq öz tərəfimizdən bütün beynəlxalq və dövlət qurumlarını Azərbaycana, dinc əhaliyə qarşı törədilən cinayətlər haqqında məlumatlandırdıq. Fəaliyyətimizi sosial şəbəkələrdə çox yaymasaq belə, məktublar ünvanlayıb, olanlara etirazımızı bildirmişik. Özbəkistan dövləti də rəsmi olaraq Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyir”.

Fidan ƏLİ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv