Modern.az

Həmsədrlərdən Cenevrədə əldə olunan razılaşma barədə BƏYANAT

Həmsədrlərdən Cenevrədə əldə olunan razılaşma barədə BƏYANAT

31 Oktyabr 2020, 02:01

Oktyabrın 30-u Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüblər.

 

Modern.az ATƏT-in saytına istinadla məlumat verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Tərəflər həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi və BQXK prezidenti Peter Maurer ilə də danışıblar.

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşünə dair yaydıqları bəyanatda deyilir ki, həmsədrlər tərəfləri oktyabrın 17-si Parisdə və oktyabrın 25-i Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr tarixli Moskva Birgə Bəyanatına uyğun olaraq dərhal humanitar atəşkəsin qurulması da daxil olmaqla, öhdəliklərini tam şəkildə yerinə yetirməyə bir daha çağırır.

 

Bəyanatda qeyd edilir ki, atəşkəs və ya digər öhdəliklərin yerinə yetirilməsinə dair ön şərt irəli sürmədən tərəflər təcili əsasda aşağıdakılar da daxil olmaqla, bir sıra addımlar atmağı qəbul edirlər:

 

- tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlar;

- tərəflər BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər;

- tərəflər bir həftə ərzində BQXK-ya və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə giriş və mümkün mübadilə üçün saxlanılan hərbi əsirlərin siyahısını təqdim edəcəklər;

- tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

 

Daha sonra bəyanatda bildirilir ki, tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarla bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.

 

Yekunda həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcəklərini bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı