Modern.az

İctimai Birlik 278 nəfərə hüquqi yardım göstərib

İctimai Birlik 278 nəfərə hüquqi yardım göstərib

Aktual

30 Oktyabr 2020, 12:12

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə  bu ilin iyul-oktyabr aylarını əhatə edib.

 

Bu barədə məlumat verən təşkilatın rəhbəri Xalid Kazımov deyir ki, “Regionlarda əhalinin sosial cəhətdən həssas qruplarına hüquqi yardım göstərilməsi” layihəsi pandemiya dövründə  əhalinin hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli olub: "Təşkilat  respublikamızda  COVİD-19 pandemiyasının başladığı bu ilin martından  əhaliyə onlayn hüquqi  yardım göstərməyə başlayıb. Əhaliyə həm təşkilatın Bərdə rayonundakı ofisində, həmçinin ehtiyacı olanların  hüquqi yardıma asan çıxışı üçün yaradılan imkanlardan istifadə edilərək hüquqi yardımın göstərilməsi həyata keçirilib. Bununla təşkilat respublikamızda koronavirusla mübarizə istiqamətində görülən işlərə öz dəstəyini verib. Həyata keçirdiyimiz layihənin bir istiqaməti də COVİD-19 pandemiyası dövründə əhaliyə onlayn hüqüqi yardım göstərilməsi idi. Layihə çərçivəsində bu istiqamətdə 40 nəfərə hüquqi yardım göstərilməsi nəzərədə tutulsa da, 88 nəfərə hüquqi yardım göstərilib. Həmin şəxslər ölkənin 19 rayonunu əhatə edib. Həmçinin, imkansız və gündəlik ərzaqa ehtiyacı olan tənha və azyaşlı uşaqları olan 3 ailəyə daxili imkanlar hesabına ərzaq və maliyyə yardımı edilib. 2 ailə isə Şuranın maliyyə dəstəyi ilə ərzaq yardımı göstərilən Qeyri-hökumət təşkilatlarına yönləndirilib.

 

Layihənin ikinci istiqaməti kimi əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına hüqüqi yardım göstərilməsi nəzərədə tutulurdu. Layihə müddətində həssas sosial qruplardan olan 120 nəfərə hüquqi yardımın göstərilməsi nəzərdə tutulsa da, xidmət göstərdiyimiz şəxslərin sayı 177 nəfər olub. Təşkilat “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” və  “Qaynar xətt”  nömrəsinə müraciət edən vətəndaşlara hüquqi yardım göstərib. Hüquqi yardım göstərilən şəxslər Azərbaycanın 42 rayonunu əhatə edib. Təkcə ölkə daxilindən deyil, xaricdən (Ukrayna və Rusiya) də təşkilatın sosial şəbəkə hesabına yazaraq hüquqi yardım almaq istəyən soydaşlarımız olub.

 

Layihənin üçüncü istiqaməti kimi aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsinin təşkil edilməsi nəzərədə tutulurdu. Bu fəaliyyət çərçivəsində 12 nəfərə xidmət göstərilməsi planlaşdırılsa da, 4 ay ərzində 13 nəfərin məhkəmədə müdafiəsi təmin olunub. Həmin şəxslər ölkənin 12 rayonunu əhatə edib. Xidmət göstərilənlərdən 6 nəfərinin məhkəmə işi yekunlaşıb və müdafiə etdiyimiz şəxsin xeyrinə qərar verilib. Artıq həmin məhkəmə işlərindən  3 ilə bağlı məhkəmə qərarları icra edilir, 3 iş üzrə isə məhkəmə qərarları icra mərhələsindədir. 6 iş üzrə məhkəmə prosesi isə davam etdirilir. 1 nəfər Qarabağ müharibəsi iştirakçısının müharibə veteranı müavinətinin əvvəlki 3 il müddətində verilməsi ilə bağlı iddia birinci məhkəmə instansiyasında təmin edilsə də, Şəki Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayətini təmin edib. Bu iş üzrə də hazırda kasasiya şikayəti hazırlanır. Məhkəmə işlərindən 8-i aliment tələbi, 2-si "Müharibə Veteranı" müavinətinin "Müharibə Veteranı" vəsiqəsinin verildiyi tarixdən 3 il əvvəlki müddətdə hesablanması tələbinə dair, 1-i Valideynlik hüququnun məhdudlaşdırılması, 1-i isə Qarabağda döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi ilə bağlı olub".

 

X.Kazımov deyir ki, layihə zamanı pulsuz hüquqi yardım almaq üçün müraciət edən şəxslərin böyük əksəriyyətini xanımlar  təşkil edib: "Müraciətlərin əksəriyyətini “facebook”, “instagram” səhifəsi vasitəsi, “WhatsApp” vasitəsi ilə almışıq. Bir çox hallarda isə müraciət edən xanımlar anonimliyi qorumağı xahiş edib. Daxil olan müraciətləri təhlil edəndə aydın olur ki, xüsusən region sakinlərinin daimi onlayn xidmət göstərən ödənişsiz hüquqi yardıma ehtiyacı var. Bu halı nəzərə alaraq qarşıdakı aylarda da təşkilatın internet (//regionalhumanrights.org/), e-mail, “facebook”, “instagram” səhifəsi, “WhatsApp” və  “Qaynar xətt” (0702902299) nömrəsi vasitəsi ilə əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına hüqüqi yardım göstərilməsini davam etdirəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir