Modern.az

Şuşalı məmur: “Sarkisyana dedim ki, kəsdiyimiz duz-çörəyə tüpürdün!” - MÜSAHİBƏ

Şuşalı məmur: “Sarkisyana dedim ki, kəsdiyimiz duz-çörəyə tüpürdün!” - MÜSAHİBƏ

2 Noyabr 2020, 14:46

Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov Qarabağ  döyüşləri və Şuşa ilə bağlı xatirələrini Modern.az-la bölüşüb. Onunla söhbəti təqdim edirik:


- Zahid müəllim, torpağı işğalda olan bir köçkün kimi cəbhədə gedən döyüşləri necə qiymətləndirirsiniz? 30 ildən sonra Qarabağa, Şuşaya qayıdırıq. Təəssüratlarınızı eşitmək istərdik.

- Hamımız çox böyük həsrətlə Şuşaya qovuşacağımız günü gözləyirik. 30 illik həsrətdən sonra şuşalıların vəziyyətini sözlə ifadə etmək çətindir. 30 il ərzində Şuşanın mədəniyyətini göz bəbəyimiz kimi qoruduq ki, əmanətimizi Şuşaya qaytara bilək. Bir dəfə Xan Şuşinskinin yanında oturub buz kimi su içirmişlər. Xan əmiyə də su təklif edəndə o içməkdən imtina edir. Soruşanda cavabı maraqlı olub. Boğazını göstərərək “burada xalqın əmanəti var. Soyuq su səsimi məhv edə bilər” deyib. İndi biz də fəxr edirik ki, xalqın əmanətini, qoruya bilmişik. Olmayan Şuşa şəhərinin mədəni irsini qorumaq çətin olsa da, onun öhdəsindən gəlmişik. İnşallah, tezliklə bütün əmanəti Şuşaya qaytaracağıq.


- Siz o şuşalılardansınız ki, Azərbaycan xalqının qanına əli bulaşmış Koçaryan, Serj Sarkisyanla illərlə bir yerdə işləmisiniz.

- Qəbahət deyil ki, Koçaryanla bir yerdə işləmişik. Mən azərbaycanlılyam və öz torpağımda çalışmışam. 1982-ci ildə ulu öndər Heydər Əliyev Şuşaya səfər edərkən məni görmüş və kadr kimi irəli çəkmişdi. Vilayət Komsomol Komitəsinə şöbə müdiri təyin edilmişdim. Həmişə çalışmışam ki simamızı qoruyub saxlayım. O zaman Vilayət komitəsində 100 nəfər adam işləyirdi. Onun da 3-ü azərbaycanlı, 97  nəfəri isə erməni idi.


- Azərbaycan və Ermənistan xalqları uzun müddət bir yerdə yaşayıblar. Dağlıq Qarabağın azadlığından sonra da birgə yaşayışın bərpa olunacağı deyilir. Amma gerçəklik odur ki, Azərbaycan haqq savaşı apardığı vaxtda Ermənistan mülki insanları hədəfə alır. Sizcə, Qarabağ tam azad olunandan  sonra ermənilərlə birgə yaşamağın mənası olacaqmı?

- Ermənilər həyasız və əxlaqsız millətdilər. Onların nə qədər ki ağzı əzilməyib, bu həyasızlıqlarından əl çəkməyəcəklər.


- Ancaq Azərbaycan Ordusu döyüş meydanında düşməni necə lazımdırsa susdurur.

- Bu dərəcədə susdurulmaqlarına baxmayaraq, yenə də əxlaqsızlıqlarından geri qalmırlar. Dinc əhaliyə atəş açırlar. Yaşlıları, uşaqları qətlə yetirirlər. Fəxr edirik ki, Ali Baş Komandan kimi liderimiz, güclü Ordumuz var. Allah şəhidlərimizə də rəhmət eləsin! Qardaşım oğlu da, Şuşaya ilk girənlərdəndir.


- Bəs sizin övladınız Qarabağ, Şuşa uğrunda döyüşürmü?

- Oğlum Qarabağda döyüşmək üçün ilk könüllü adını yazdıranlardandır. Ancaq hələ ki ona çağırış gəlməyib. Nəinki oğlum, mən də döyüşməyə hazıram. Birinci Qarabağ müharibəsinin veteranıyam. Şuşada torpaqlarımızın azadlığı uğrunda döyüşmüşəm. Şuşanı ən sonuncu tərk edənlərdən biriyəm.


- 2009-cu ildə torpaqlarımız işğal altında ola-ola Şuşaya səfər etmisiniz. Təsəvvür etmək belə ağırdı. Elinə, obana, evinə bir neçə dəqiqəlik baş çəkib qayıtmaq məcburiyyətindəsən. Nə hisslər keçirmişdiniz?

- Sizinlə danışıram, yanımda da 10 nəfər şuşalı oturub. Gözlərimdən yaş axır. Ağlamıram. Bu göz yaşları sevinc göz yaşlarıdır. Səhərə qədər yatmamışam. Gözümə yuxu da getmir. Mənim kimi yüzlərlə, minlərlə şuşalının gözlərinə yuxu getmir. Şuşaya qayıdacağımız günü həyəcanla gözləyirik. 2009-cu ildə Şuşaya gedib-gələndən sonra ürəyim 4 yerdən parçalandı. Ölüb yenidən dirildim. Şuşa mənim üçün çox doğmadır. Biz o torpaqlara qayıdıb hər şeyi daha yaxşı quracağıq.
 

- İşğal illərində bir kitab yazmağa başlamısız, ancaq bitirə bilməmisiz. “Şuşa alınmadan o kitabı yazıb bitirə bilmərəm” demisiniz. Bu gün biz o torpaqlara geri dönməyə başlamışıq. O kitabla bağlı nə düşünürsünüz?

- 19 kitabın müəllifiyəm. O kitabların hamısı Şuşanın tarixinə, memarlığına, mədəniyyətinə, incəsənətinə aiddir. Amma bir mövzum da var: “Şuşa və şuşalılar” O kitabı bitirməmişəm. İnşallah ki o kitabı 2-3 günə bitirə biləcəm.


- Tanınmış ingilis yazıçı Tomas de Valın Birinci Qarabağ savaşından bəhs edən kitabında sizinlə  müsahibəsi yer alıb. Təbii ki, o müsahibədə bir məğlub kimi danışmısınız. Əgər Tomas de Val İkinci Qarabağ savaşı haqqında kitab yazarsa, o kitabda  qalib  müsahib olmaq istəyərsinizmi?  Hər halda, qalib kimi deyilən sözlər başqa cür olur.


- Baxıram ki məlumatlısınız. Tomas de Val ya 1994 ya da 95-ci  il olardı, məndən  Bakıda müsahibə almışdı.  O zaman Serj Sarkisyan Ermənistanın müdafiə naziri idi. Mən müsahibədə “baxmayaraq ki biz duz-çörək kəsmişdik, ancaq o, mənim elimin, obamın, nəslimin, kökümün qəbrini dağıdıb” demişdim. Koçaryan həmişə deyirdi ki, Qafqazda duz-çörək hər şeydən üstündür. Ancaq o duz-çörəyə tüpürdü. Bu sözləri də onun üzünə demişdim. Tomas de Valın o kitabına mən də baxmışdım. Ancaq o kitabı yarımçıq yazdığından əsəbləşmişdim. İkinci dəfə isə əgər Qarabağın azadlığından yazarsa, qalib kimi müsahib olmağa hazıram.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir