Modern.az

Rəsul Quliyev də müharibədən danışdı: “Elə etmək lazımdır ki, Laçın dəhlizindən heç quş da uçub keçməsin”

Rəsul Quliyev də müharibədən danışdı: “Elə etmək lazımdır ki, Laçın dəhlizindən heç quş da uçub keçməsin”

4 Noyabr 2020, 12:18

“Dağlıq Qarabağ və ümumiyyətlə Azərbaycanın işğal olunmuş ərazilərində bu miqyasda silah-sursatın cəmləşdirilməsi Ermənistanın Azərbaycana qarşı müharibəyə çox ciddi hazırlaşdığından xəbər verir”.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin sabiq sədri, ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev Vətən müharibəsinin gedişini şərh edərkən bildirib.


Onun sözlərinə görə, bu qədər silah-sursatı müharibə başlayandan sonra Qarabağ ərazilərinə Laçın dəhlizindən gətirmək praktiki mümkün deyil:

“Nəinki hamısını, heç 15 faizini belə gətirmək mümkün deyil. Hərbi əməliyyatları çətinləşdirən 100-lərlə istehkamların qurulması, lağımların qazılması və sair mühəndis istehkamçı tikintilərin həyata keçirilməsi ermənilərin bu torpaqları heç vaxt Azərbaycana qaytarmaq fikirində olmadıqlarına dəlalət edir. İndi Paşinyanın cinayətkarlarla Şuşada yallı getməsi, "Qarabağ Ermənistandır, nöqtə" deməsinin səbəbi məlum olur. Ermənilər birinci gündən Azərbaycan Ordusuna sarsıdıcı zərbə vuracaqlarına

və Kür çayına qədər qovacaqlarına inanırdılar. Sonra Azərbaycanı istədikləri müqaviləyə imza atmağa məcbur edəcəklərinə əmin idilər. Amma alınmadı!”.

Rəsul Quliyev bu vaxta kimi Ermənistan ordusunu "məğlubedilməz ordu" adlandıranlara da etiraz edib.

Ermənistanın əsasən Rusiya Federasiyasının silahlarından istifadə etdiyinə diqqət çəkən eks-spikerin sözlərinə görə, həmin silahların hamısı Sovet dövründə istehsal edilmiş və ya lahiyələşdirilmiş silahlardır.

“Dünən məhv edilmiş KUB raket sistemi 1985-ci ildən sonra istehsal olunmur. Rusiya Federasiyasında istehsal olunan “Armata” adlı tanklar qüsurlarına görü bu günə qədər istifadə edilmir. Hərbi təyyarələrindən isə heç söhbət gedə bilməz. Hamısı Sovet proyekti əsasında hazırlanıb.

Əgər social şəbəkələrdə yazıldığı kimi, bizim ordu Laçın dəhlizinin 12 kilometrliyindədirsə, o zaman dəhlizi tank, artileriya, “Qrad”, “Smerç”, hətta minomyotlar belə vura bilər. Onlardan başqa hərbi dronlar, hərbi təyyarələr və sairə var. Bir sözlə, elə etmək lazımdır ki, o dəhlizdən heç quşda uçub keçməsin. Bu gedişlə Azərbaycan ordusu noyabrın ortalarına qədər Ermənistanı diz üstə çökdürə bilər. Ondan sonra Azərbaycan hərbi texnikasını İsrail texnologiyası ilə modernləşdirməlidir. Aydındır ki, NATO silahları, yəni “Leopard” tankları, F-35 təyyarələri və ya “Apaçi” helikopterləri Azərbaycana satılmayacaq. Ermənilərə heç satıla bilməz, çünki birinci ona NATO-nun üzvü Türkiyə icazə verməz, ikincisi isə Ermənistanda Rusiya Federasiyasının hərbi bazası mövcuddur.

1967-ci və 1972-ci illərdə İsrail Misirin 1500-ə qədər T-55 tankını ələ keçirmişdi. Bu tankları “metallom”a vermədi. Zirehini 2 dəfə artırdı. Sadəcə olaraq, bir dəfə doldurulan yanacaqla 400 km gedən tanklar, 200-250 km gedə bilərdi. Ancaq həm o dövrdə , həm də indi qonşuluqda faktiki İsrail tanklarının zirehini deşə bilən silah yoxdur. Azərbaycanın tankları vurulması mümkün olmayan monstrlara çevrilməlidir. Ermənilərin bu zirehi dağıda bilən ABŞ-ın "Jevelin" tipli tank əleyhinə raketləri yoxdur və yaxın vaxtlarda da olmayacaq. Ordumuzun hazırlığı, texniki bazası bizim yaramaz qonşularımızı bir də bizimlə müharibə etməyə cəsarət etməmək fundamenti yaratmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?