Modern.az

Şuşalı deputat: “Ali Baş Komandanın qarşısında baş əyirik”

Şuşalı deputat: “Ali Baş Komandanın qarşısında baş əyirik”

Parlament

9 Noyabr 2020, 15:36

“Evimizə qayıdırıq. Həsrətə son veririk. Təsəvvür edin ki, biz artıq bilet alıb, avtomobilə minib Şuşaya gedə biləcəyik. Əlbəttə ki, xalq olaraq sevincimizin həddi-hüdudu yoxdur. İllərin həsrəti, nisgili sona çatdı. Hər bir azərbaycanlı bu gün şuşalıdır”.

 

Bu sözləri Modern.az-a şuşalı deputat Fatma Yıldırım Şuşanın azad olunması barədə təəssüratlarını bölüşərkən deyib. O qeyd edib ki, Şuşa bizim mədəniyyət beşiyimizdir:

 

“Bu xəbər bizə uşaqlığımızı qaytardı, gələcək xoş günlərimizə təminat verdi. Orda böyük xatirələrimiz var. Evimizin qapısını açacağım anı, doğmalarımızın məzarlarını ziyarət edəcəyim günü səbirsizliklə gözləyirəm.

 

Bu illər boyu həmişə qulağıma Qarabağın, Şuşanın fəryadı gəlirdi: “Gəlib nə vaxt bizi azad edəcəksiniz?!” deyirdi Şuşa. Bu gecə Şuşa torpağı çox dərin bir nəfəs aldı. Çünki onun üzərində artıq qəhrəman Azərbaycan oğulları gəzir. O artıq düşmən tapdağından azad edilibdir. Ora bayrağı sancan igid əsgərlərimizin sevincini təsəvvür edə bilirəm. Bu gün onlar xalqımıza, dövlətimizə ən gözəl hədiyyəni bəxş etdilər”.

 F.Yıldırım xüsusilə qeyd edib ki, Ali Baş Komandan millətə verdiyi sözünü tutdu:

 

“O, hər zaman deyirdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. Düşmənin neçə gündür pərən-pərən düşməsi, sübut edir ki, Şuşaya sahib olmaq bütün Qarabağa sahib olmaq deməkdir. Çünki biz bu gün Şuşaya sahibik. Bu gerçək 30 ildir xunta rejimi, ermənilərin yaratdığı güclü ordu mifinin məhv olması deməkdir.

 

Sevincimizin həddi-hüdudu yoxdur. Dünən qələbə xəbərindən sonra Şuşa həsrəti ilə dünyasını dəyişən atamın məzarını ziyarət etdim. Ona gözaydınlığı verdim. Əminəm ki, bu həsrətlə dünyadan köçən bütün şuşalıların indi ruhları şaddır. Bu qələbə sevincini bizə yaşadan hər kəsin, başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla qarşısında baş əyirik. Şəhidlərimizə Allah rəhmət etsin. Onlar qələbə şəhidləri kimi Azərbaycan ölkəsi var olduqca yaşayacaqlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı