Modern.az

Tbilisidə Bayrağı Günü və Şuşanın azad edilməsi qeyd olundu

Tbilisidə Bayrağı Günü və Şuşanın azad edilməsi qeyd olundu

10 Noyabr 2020, 12:12

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə bayram şənliyi keçirilib.

 

Heydər Əliyev Parkında baş tutan tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarının dalğalandırıldığı mərasimdə azərbaycanlı diplomatlar, iş adamları, SOCAR və “Akkord” şirkətlərinin bu ölkədəki nümayəndəliklərinin rəhbərləri və üzvləri, gürcü ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev soydaşlarımızı ikiqat bayram – Dövlət Bayrağı Günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə təbrik edib. Səfir Gürcüstan azərbaycanlılarının yüksək vətənpərvərlik hissinə malik olduqlarını, öz övladlarını da bu ruhda tərbiyə etdiklərini vurğulayıb. F.Quliyev bu tarixi dönəmdə Azərbaycan dövlətinə və ordusuna göstərilən dəstəyə görə, soydaşlarımıza və gürcü ictimaiyyətinin nümayəndələrinə təşəkkürünü bildirib.

 

Tədbirin bədii hissəsində Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin nəzdində fəaliyyət göstərən “Ceyran” musiqi-rəqs qrupu, aşıq Nargilə Mehdiyevanın rəhbərlik etdiyi uşaqlardan ibarət aşıqlar qrupu, Rasim və Ramin Pirməmmədov qardaşları çıxış ediblər.

 

Bayram şənliyi çərçivəsində uşaqlar Azərbaycan bayrağına həsr olunmuş müxtəlif rəsmlər çəkiblər. Sonda Azərbaycan bayrağının rənglərində olan şarlar havaya buraxılıb, "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" şüarları səsləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi