Modern.az

Bizim əsgər - Generalın ölümündən sarsılan jurnalist - Qardaşı İlham Tumasın cəbhə yolundan DANIŞIR

Bizim əsgər - Generalın ölümündən sarsılan jurnalist - Qardaşı İlham Tumasın cəbhə yolundan DANIŞIR

Reportaj

10 Noyabr 2020, 15:50

Modern.az saytında “Bizim Əsgər” rubrikası davam edir. Budəfəki qonağımız Elşən Ağayev cəbhədəki qardaşından danışacaq. Söhbət zabit kimi Vətən savaşında iştirak edən tanınmış jurnalist İlham Tumasdan gedir. Yeri gəlmişkən, İlham Tumas Birinci Qarabağ müharibəsinin də iştirakçısı olub.
 

- Elşən bəy, sizin qardaşınız-bizim həmkarımız İlham Tumasın cəbhəyə gedişi barədə ilk xəbəri necə aldınız?


- Leyla xanım təşəkkür edirəm ki ,əsgərlərimizin şücaəti və tanıdılması ilə bağlı belə bir rubrika açmısınız. Atam zəng edib dedi ki, İlhamı səfərbərliklə əlaqədar müvafiq qurumdan çağırdılar. İlham atamgilin yaşadığı ünvanda qeydiyyatda olduğu üçün bu barədə bildiriş ora gəlmişdi.


- Hazırda vəziyyəti necədir?

- Sözün düzü 10 gündən çoxdur ki, özüylə şəxsən əlaqə saxlamaq mümkün olmayıb. İmkan olanda döyüş yoldaşları vasitəsilə bizə xəbər göndərir. Şükürlər olsun ki, son aldığımız xəbərdə yaxşı idi. Allah bütün əsgərlərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Yaralanmış döyüşçülərimizə də şəfa diləyirəm.


- İlham Tuması biz jurnalist kimi tanıyırıq və qələminə çox böyük hörmətimiz var. Sizdən hərbi vəzifəsi haqqında məlumat almaq istərdik.


- İlham da, mən də, əslən Cəbrayılın Qazanzəmi kəndindənik. Şükürlər olsun ki, kəndimiz məhz İlham kimi qeyrətli oğullarımızın rəşadəti sayəsində işğaldan azad olundu. Hər ikimiz ehtiyatda olan zabitik. Ayrı–ayrı vaxtlarda Dağlıq Qarabağda döyüş bölgələrində yerləşən eyni hərbi hissədə xidmət keçmişik. Hər ikimiz baş leytnantıq.


- Əslən Cəbrayıldan olduğunuzu söylədiniz. İlham Tumasın Cəbrayıl sevgisi və həsrəti barədə danışa bilərsiniz?

- İlham yazar kimi fəaliyyətə başlayanda Tumas təxəllüsünü seçdi. Ata yurdumuz Cəbrayılda “Tumas Ata” dağı vardı və bu dağ bizim evimizə çox yaxın idi. İlham da, mən də uşaq vaxtı bu dağa gedərdik və orada çox böyük xatirələrimiz var. Tumas dağını İlham dağ boyda ürəyində və təxəllüsündə daşıyırdı. Bu da onun aşırı dərəcədə vətənpərvərliyindən irəli gəlirdi. Çox şükür ki, 27 illik ayrılığımıza son qoyuldu.



- Bəs İlham bəyin birinci Qarabağ müharibəsində iştirakı haqda nə xatırlayırsınız?


- 1992-ci ildə İlham Bakı Dövlət Universititetinin 2-ci kursunda təhsil alırdı. Xocalı faciəsindən sonra bir çox tələbə könüllü olaraq Milli Orduya yazıldı, həmçinin də İlham. İlham həmin il bir neçə aktiv döyüş əməliyyatlarında da iştirak etdi. Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşmuşdu.


- O zaman döyüşlərdə hər hansı bir xəsarət alımışdı?


- Ayağından  yaralanmışdı. Sağaldıqdan sonra Universitetə qayıdıb təhsilini davam etdirdi.


- Bizdə məlumat var ki, İlham Şəhid General Polad Həşimovla birgə hərbi xidmət keçib və onun ölümü qardaşınıza çox pis təsir edib. Hətta bundan təsirlənib generalın xatirəsinə “Poladın 7 anı” filmini çəkib...


- Bəli. İlham rəhmətlik general-mayor Polad Həşimovla eyni bölükdə zabit kimi xidmət etmişdi. İlham mənə Poladdan o qədər danışmışdı ki, mən də onu sanki İlham qədər tanıyırdım. İmkan olanda İlham Polad bəylə görüşüb müzakirələr aparardı. Polad Həşimov şəhid olanda İlhama zəng vurdum, dedi ki, o da xəbəri eşidib, amma inanmır. Onda “Polad heç vaxt ölə bilməz” söyləmişdi. Generalın ölümü onu çox sarsıtdı. “Poladın 7 Anı” qısametrajlı filmini çəkəndə İlhamın nə hisslər keçirdiyini bir Allah bilir. Nur içində yatsın nur üzlü generalımız.


- Artıq 2-ci Qarabağ müharibəsi yekunlaşdı və sizin qardaşınız, “Bizim əsgər” İlham Tumas evə qəhrəman kimi qayıdacaq. Ona və vətəni qoruyan əsgərlərimizə salamınızı eşitmək istərdik.


- Bu döyüşlərdə iştirak edən hər bir əsgər, gizir, zabit mənim qardaşımdır. Tam səmimi etiraf edirəm ki, heç birini İlhamdan ayırmıram. Ali Baş Komandanımızdan tutmuş vəzifəsindən asılı olmayaraq döyüşlərdə iştirak edən bütün əsgərlərimizi təbrik edirəm. Xalqımızın gözü aydın olsun deyirəm. Qarabağ Azərbaycandır!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu