Modern.az

“Sonuncu ümidimi onun üzərinə örtülən bayrağa bükdüm” - Oğlu ilə fəxr edən Şəhid atası - REPORTAJ

“Sonuncu ümidimi onun üzərinə örtülən bayrağa bükdüm” - Oğlu ilə fəxr edən Şəhid atası - REPORTAJ

Reportaj

13 Noyabr 2020, 13:27

Torpağı azad edən şəhidlər...                                                             

 

Axşam Elvin İsmayılovu Sumqayıtın Şəhidlər Xiyabanında dəfn etmişdilər. Ertəsi gün isə mən Elvinin  yaşadığı evə gəlmişdim. Məhəllədəki beşmərtəbəli  binaların hamısının üzərində Azərbaycan bayrağı dalğalanırdı. Qonşular şəhidin evini nişan verdilər.  Füzulini azad edərkən şəhid olan Elvin İsmayılovun  yaşadığı mənzilə qalxıram. Ağlayan qadınların səsi evdən bloka gəlir. Bizim adətimizdir axı, dünyasını dəyişənlərin yas məclisində qadınlar onu öyər, boyunu sevib oxşayarlar.  Bir qadın dil deyib ağlayır:


Xalası:

Elvin, lay-lay...

Eşitmədiyimiz səsinə,

Duruşundan doymadığımız boyuna

Canım qurban...

Mən sənin yoxluğuna heç inanmıram...

Deyirəm, bəlkə Elvin deyil...

Lay-lay, Elvin, ay lay-lay...


Nənəsi:

Elvin, sənə canım qurban, səni çox istəyərdim...

Söz deyəndə üzümə gülən...

Yaman tez soldun, bizə dil açdırdın...

Sənə yaman gözəl yerdən ev veriblər,

Ağacın dibində, bir küləkli yerdə,

Dənizlə üz-üzə...

Şəhidlərlə qonşu olmusan...

Sənə öz canım qurban...

Elvin, ay lay, lay-lay ay lay...


Anası:

Sənin heç anana yazığın gəlmədi?!

Sənə bağlama hazırlamışdım...

Balam, lay-lay eyyy... bircəm, laylay eyyyy...


İsmayılovlar evinin ağbirçəyidir Mələk xala. Elə öz yaşadığı məhəllədə süpürgəçi işləyir.  İnsanlar var ki, taleyinə, qismətinə rahat çörək qazanmaq yazılmır. Bu ailənin bütün üzvlərinin çörəyi daşdan çıxır. Çətinliklər boynuna biçilir. İsmayılovlar ailəsi həmin çətin günlərlə yaşayan ailələrdəndir. 20 ildir ki, əri Məhəmmədin gözləri şüşə zavodunda işlədiyinə görə zədələnərək tutulub. Harasa getmək lazım olanda Elvin babasının əlindən tutub, aparıb-gətirərdi. Babasını əl ağacı idi. Əslində Elvin nənə-babaya hörməti, böyük yolunu saxlamağı anasından öyrənmişdi. Sevil Şirəliyeva bütün çətinliklərə baxmayaraq, uşaqlarına vətən sevgisini, böyüyə hörməti təlqin etmişdi. Anası da bu ailənin həm qızı, həm gəlini olub. Üç uşağı, xəstə qayınatası, zəhmətkeş qayınanası ilə ailənin yükünü çəkənlərdən biri də Sevildir. Ailə bu dar evə sığmadığından, Mələk elə yaşadıqları məhlənin  yuxarı hissəsində oğlu üçün 1 otaqlı ev də kirayələmişdi. Elvini əsgərliyə elə həmin kirayə evdən yola salıblar. Bunları Mələk xalanın söhbətlərindən anladım.



- Mələk xala, ayrılıq yaman olur. O da ki, olsun ki, hər gün gördüyün, sevdiyin nəvəndən ayrılasan...

- Canım yandı... Elə gözəl balam var idi... O, mənim ağıllı, təmkinli balam idi. Səsini bir qonşu eşitmədi. Bütün qohum-əqrəbanın, qonşuların sevimlisi idi.  Valideynlər öz övladlarını tənbeh edəndə, Elvini misal çəkib deyirdilər ki, “Elvin kimi ol”. Sizə qurban olum, indi daha neyləyim ki... Vətənin gözü aydın. Hamının xəcalətinə son qoydu bu şəhidlərimiz. Hamısı biz yaşayaq deyə getdilər, torpaqlarımızı qaytardılar... Nə deyim, nədən danışım?!  Bayaq dedim axı, süpürgəçi işləyirəm.  İşdən həyətə gələndə gördüm ki, həyətə adamlar yığışıb.  Yanımızdakı qonşu binada digər bir Elvin adlı oğlan da cəbhədədir. Şəhidlik xəbəri gəlib, ancaq tabutu hələ gəlməyib. Fikirləşdim ki, yəqin o Elvinin tabutunu gözləyirlər. Dayandım, qonşular başıma yığıldı. Məndən nəvəm Elvini soruşdular. Dedim ki, iki gün əvvəl danışmışıq, yaxşıdır vallah...  Gecə saat 12 olardı... Oğlum Arif gəldi,  pasportunu götürdü, heç nə demədən getdi. Evə girmədi.... Üzümüzə də baxmadı. Demədi nə olduğunu...


... Arif deyir ki, tanımadığı bir nömrədən zəng gəlmişdi. Demişdi müstəntiqəm, gəl Füzuliyə.  Fikirləşmişdi ki, yəqin Elvin davaya-zada düşüb, amma tez də fikrindən daşınmışdı. Çünki övladı ədəb-ərkandan kamil idi. Dalaşqan adam deyildi. Sonra oğlunun dostu Valid zəng vurmuşdu. Demişdi ki, Elvin Füzulidə yaralanıb, gedək oraya:


- Gecə ilə yola çıxdıq.  Döyüşlər başalayandan 1-2 gün qabaq danışmışdıq  oğlumla. Dedi, salamtçılıqdır. Məndən nigaran olmayın. Döyüş ab-havasını başa saldım, dedim, heç nədən çəkinmə, qorxma. Qorxu ilk güllə açılana qədərdir. Sonra adam öyrəşir... Artıq yolda Valid mənə həqiqəti demişdi. Hara getdiyimi bilirdim. Füzulinin Əhmədbəyli kəndindəki hospitala çatdıq. Məni otağa apardılar.  Baş tərəfdə də bir nəfərin üstünə ağ çəkmişdilər. Elə bil mənə əl edirdi. Getdim ona sarı. Hissim məni aldatmamışdı. Oğlum idi. Dedilər üzünü açmayacağıq. Ayağına baxdım. Oğlumun ayaqları idi. Onu anadan olandan qucağımda böyütmüşdüm. Bir ata üçün balasının bədənini tanımasına nə var ki... Oradan tabutu götürüb Sumqayıta yola düşdük. Balamın həyatı bununla da bitdi. Lakin ona sevinirəm ki, Vətən torpaqlarını azad edənlərdən, o məğrur anı yaşayanlardan olub... Evə xəbər göndərdim ki, hazırlaşsınlar. 1992-ci ildən bəri tökülən şəhid qanlarının, günahsız qırılan insanlarımızın qanını mən ala bilmədim, mən döyüşsəm də, bu qələbəni gətirə bilmədim. Laçında döyüşdüm, nələr gördüm, nələrin şahidi oldum... O vaxtkı Ordumuz ilə bugünkü Ordumuz müqayisə oluna bilməz. Mənə düşməyən şərəfli ad oğluma nəsib oldu. Mən getməyim, o getməsin, bəs bu vətəni kim azad edər?! Tanrının məqamına şükür!


Biz Ariflə həyətdə söhbət edəndə bir cavan qız gəlib, Elvinin təzəcə çərçivəyə salınmış şəklini çəkdi. Soruşdum, kimdir bu gənc qız?  Arif dedi ki, bu gənc qızın atası  Ruslan Yarmetov 1994-cü ildə şəhid olub, ləzgidirlər. O zaman bu qız bələkdə idi. İndi nənəsi Simnarə xala gəlib oturub anamın yanında ki, ona yoldaş olsun.


Söhbətə Valid Həsənov qoşulur:



- Elvinlə biz dost idik. Həəə... yaşımızın fərqli olmasına baxmayın... Aramızda düz 15 il yaş fərqi var. Ancaq könül, ruh dostu idik. Oxumağa maddi imkanı olmadığından hələ ali təhsil almaq haqqında düşünmürdü. Ailənin çətinliklərini çəkirdi çiyinlərində, müxtəlif kafe-restoranda işləyərək, ailəsinə çörəkpulu qazanmağa yardım edirdi. Deyirdi ki, anam da əlildir, babam da... atam da hər vaxt iş tapmır. Qeyrətli və məğrur oğlan idi Elvin. Bizi birləşdirən Allaha olan sonsuz sevgimiz idi. Hər zaman söhbətlərimizdə o böyük Yaradanın bizdən nə istədiyini, nə verdiyini və qarşımızda qoyduğu sirrinin hansı vasitəylə açılması yollarından danışar, həyatın fəlsəfəsini müzakirə edərdik. İnanın ki, çox vaxt Yaradanın bizə hansı sirləri açmasının dərinliyinə gedib çatardıq. O zaman elə xoşbəxt olurduq ki... Onu özümün kiçik qardaşım bilirdim.  O qədər yaxşı insan idi ki... Az yaşı ilə çoxlarından böyük idi. Çox kitab oxumamışdı, ancaq elə bil ki, bütün kitabları oxuyub başa çıxmışdı. Tanrıdan vergili idi sanki.  İnsanın yaradılış və əməl fəlsəfəsinə o qədər aşiq idi ki, bu eşq onu vaxtından əvvəl böyütmüşdü. Və buna görə də bizim hər görüşümüz ruhi qida, istirahət idi. Və inanın ki, biz çox vaxt görüşlərimizi indi onun özünün uyuduğu Şəhidlər Xiyabanında vədələşərdik.  Orada yatan o müqəddəslərə Tanrıdan rahatlıq istəyib, nə gözəl amal uğrunda  şəhid olmalarına heyranlıq edərdik. Sən demə, məzar-məzar tanıdıqlarının yanında yeri var imiş... Onu mənim kimi kimsə tanımırdı. Çünki biz bütün sualların açarını bir-birimizin vasitəsi ilə tapardıq. Danışaraq, müzakirələr apararaq... Onun kamilliyi bir də onda idi ki, dünya malına aşiq olmağa vaxt tapmamışdı. Mənə deyirdi ki, Valid, səninlə danışanda elə bil güzgü ilə danışıram. Ruhum təzələnir.


... Ordumuzun Vətən torpaqlarını azad etmək uğrunda  döyüşə atıldığını eşitmişdik. Əllərimiz göydə, Allahdan ordumuza güc istəyirdik. Dua edirdik. Elə bu vaxt Elvinlə birlikdə hərbi xidmət keçmiş dostu Seymur mənə xəbər verdi ki, ailəsinə mən deyə bilmirəm... Mən özümdə güc toplayıb, getdim ağır xəbəri atası Arifə deyim...


Bilirsiniz, inanmaq çox çətindir, özünü inandırmaq da çox çətindir. Belə ağır xəbəri demək hər kəsə asan gəlməsin... Məqam nə qədər uca məqam olsa da, ağır məqamdır. Təsəvvür edirsiniz, insan var idi... və birdən yoxdur. Neyləsən də yoxdur daha. Yol boyu əvvəlcə danışmadıq. Sonra Arif çox təkid etdi. Əvvəlcə yaralıdır desəm də, sonda doğrusunu dedim.  Dedim ki, oğlun şəhid olub. Onda baxdım ki, uca bir ağac kəsiləndə yerə yıxılan kimi Arif yerə çökdü... dizləri qatlandı Arifin... Səfərimiz o qədər ağır idi ki... Nə yol qurtarırdı, nə də iztirab. Və yalnız Elvinin nəşini görəndən sonra... sonuncu ümidimi də elə onun üzərinə örtülən bayrağımıza bükdüm.  Azərbaycan bayrağına bükülən tabutu götürüb, bax bu həyətə gətirdik. Biz buraya çatanda səhər saat 5 idi. Bilirisiniz, buraya nə qədər adam toplaşmışdı... Camaatımız bütün gecəni yatmamışdı... Hamı Azərbaycanın azad olunmuş torpaqlarında şəhid olan Elvin İsmayılovun mübarək qədəmlərini gözləyirdi. Gördüyüm mənzərədən bilmirdim qürur hissi keçirim, yoxsa ki, ağlayım... Hər halda budəfəki göz yaşlarıma qürurum qarışmışdı. Mənim hamıdan balaca, ancaq dünyagörüşü və həyat hekayətinə görə hamıdan böyük qardaşım Tanrının ən uca məqamına yetişmişdi. İnsanın əzəl namusu Vətəni və torpağıdır. Mənim qardaşım bu namus, bu torpaq uğrunda şəhid oldu.


Elvinin tabutunu həyətə gətirəndə Mələk nənənin naləsi həyəti başına götürdü. Ağ saçlarını yolub balasının tabutunun üstünə tökdü... Nə dillər dedi, nə ağılar  ağladı...

Mübarək qədəm oğlum,

Orduya gedən oğlum.

Torpağı ana bilib,

Bayraqla dönən oğlum...

 

Dur ayağa can balam,

De görüm ağrayır haran...

Niyə cavab vermirsən?

Yəqin ağırdır yaran...


... Elvin haqqında xatirələrini bölüşənlərdən biri də babası 82 yaşlı Məhəmməd kişidir. Deyir ki, cavan vaxtında əvvəlcə İrəvanın Qafan şəhərində  mis mədənində işləyib.  Sonra köçüb gəlib Sumqayıta, burada ailə qurub. Sonra Poladəritmə, şüşə zavodlarında işləyib. “Fəhlənin işi yüngül olmaz deyir”, - ağsaqqal...


- Elə bir gün olmazdı ki, əlimiz-ayağımız kəsilməsin.  Bu gördüyün evi də şüşə zavodunda işləyəndə bir güc-bəla ilə aldım. Allah Heydər Əliyevə rəhmət eləsin. Adamın gərək adamı olsun. Mənə də arxa-dayaq durdu o rəhmətlik. İşlədiyim yerdə adamım olmadığından mənim ev növbəmi satırdılar başqasına. Bir gün  Azərbaycan Sov.KP MK-nın katibi Heydər Əliyevə şikayət məktubu yazdım. İnanın ki, məktub ünvanına yetişəndən bir az sonra bu mənzili aldım. Sonra ailə böyüdü, artdı...yenə mənzil nöbəsindəyəm... İndiki başçı bizi saymır. Dəfələrlə bu kor gözlərimlə qəbuluna getmişik. Heç qəbul etməyiblər. Eh... bundan sonra, dünya nəyimə gərək. Sadəcə istəyirdim ki, balalarım bir az geniş evdə yaşasınlar. Elvin bax bu dar evdə böyüdü. Mənim gözüm görsəydi, gedib nəvəmin qanını alardım, - deyir və ağlamağa başlayır...


Səsi titrəyə-titrəyə yenə sözünə davam edir:

-  Dünən Azərbaycan prezidenti İlham Əliyev Suqovuşanın, Cəbrayılın azad olunduğunu dedi... Baxmayaraq ki, şəhidim var, bu dəfə sevincimdən ağladım.  Bu böyüklükdə xoş xəbərdən sonra adam necə ağlamasın... Yaxşı, bəs Elvin də getməsin, o biri də getməsin, bu torpaqları kim geri alsın?! Orda şəhid olanların hamısı mənim balalarımdır. Allah onların ruhunu şad eləsin. Ürəyində qeyrəti, təpəri olmayan əsgər gedib o doğma torpaqlara çıxa bilməz, bu döyüşü başa gətirə bilməz... Deyirsən Elvindən danış... Nə danışım nəvəmdən?  Nəslimizin ilk şəhidi oldu. 5 ay idi əsgər getdiyi.  Elvingil geri qazandığımız torpaqlarımızda keşik çəkirmiş. Oturub çay içiblər. Onunla bir olan uşaqlar səngərə tez qayıdıb, Elvin bir az ləngiyib deyəsən, düşmən minaatan mərmisi atıb onların olduğu tərəfə... Bilirsən necədir, qızım, adam qismətdən, yazıdan ayrı düşə bilməz.  Mənim atam da 1941-1945 müharibəsində şəhid oldu. Mən də şəhid balasıyam.  O müharibədə nələr görmədik. İndi dövlətimiz şəhidinin də şərəfini uca tutur, şəhidinin ailəsinin də...



Baba çox kövrəlmişdi. Nəvəsi Nərmin - Elvindən kiçik bacısı gəlib qulağına nəsə pıçıldadı, kişi durub o biri otağa keçdi. Bayaqdan biz söhbət etdikcə, şəhidimin anası Sevil Şirəliyeva da süfrənin bir küncündə yanıb sozalırdı. Danışmaq istəyir. Səsi batıb, səsi çətinliklə çıxır. 


- Oğlumun adına bağlama bağladım ki, ona əsgər payı göndərim, - deyib, pəncərənin altındakı böyük çantanı göstərir:


- 10 gün əvvəl danışdıq. Ürəyi istəyən əşyaları, yeyəcəkləri almağımı xahiş etdi. Pul əldə edən kimi gedib bütün istədiklərini alıb o boğçaya yığdım. Taksi ilə danışmışdıq ki, aparsın. Göndərə bilmədim, balam özü gəldi. Özü də gör necə gəldi. Qismət olmadı oğluma. İndi deyirəm ki, o bağlamanı aparın başqa əsgərlərə çatdırın, nə fərqi, onlar da mənim balam. Elvinim bacılarının da dayağı idi...


Bir ay yarım əvvəl, bu pandemiya ayazıyandan sonra gedib Beyləqanda ailəliklə görüşdük. Evdən yemək aparmadım, atası dedi ki, orada kafedən alıb yedirərik. Allah məni öldürsün, bəlkə balamın hansısa yemək keçdi ürəyindən, nə bilim?!  Yedik-içdik, güldük-danışdıq. Soruşdum ki, ana qurban, vəziyyət necədir? Burda sizə necə baxırlar?  Dedi ay ana, narahat olma, vallah, rahat yorğan-döşəyimiz, geniş çarpayımız var. Hər şey əladır. Dedim bala, erməni zad görsən, qorxma.  Dedi, ana, sən nə danışırsan, erməni kimdir ki, ondan qorxaq, biz burada ona görəyik ki, erməninin canıını alaq. Əsgərliyə yola salanda da, hərbi hissədə  görüşdə də xeyli şəkil çəkdirdik. Balamdan yadigar qalan o anlar oldu. Ancaq indi, bacılarının üzünə baxa bilmirəm. Bu səhər kiçik bacısı 11 yaşlı Sevinc qaçıb gedib Şəhidlər Xiyabanına, hamı onu axtardı, narahat olduq. Sonra bir tanımadığımız nömrədən zəng gəldi, qadın dedi ki, narahat olmayın uşaq mənimlədir, mən də oğlumun qəbrini ziyarətə gəlmişdim... Sevinc Elvinlə nəfəs alırdı.



Qardaşın yeri bacı üçün hər zaman əzizdir. Qardaş bacının baş tacı, dayağıdır. Elvinin özündən  5 yaş kiçik bacısı Nərmin onu belə xatırldı:


“Elvini mən dünyalar qədər istəyirdim. O bizə qardaşdan artıq idi, bizi o qədər gözəl başa düşürdü, hər zaman qayğımıza qalır, bizi qucaqlayır, saçlarımıza sığal çəkərdi. Bizi uşaqlıqdan həyətdə hər kəsdən qoruyurdu və ondan tez-tez Qarabağı azad edəcəyik,biz ermənidən güclüyük, biz ən gözəl xalqıq kimi kəlmələr eşitmişəm. Qardaşım üçün çox darıxıram, onun səsini eşitmək istəyirəm. Bütün günü şəkillərinə baxıb təsəlli tapıram. Onu cəbhədən evimizə gətirəndə o qədər insan toplaşıb alqışlayırdı ki, çaşıb qalmışdım. İnanmırdım bunlar mənim qardaşıma görədir. Fəxr edirəm!”


19 yaşlı şəhid Elvin Arif oğlu İsmayılovun həyat hekayətini elə dostu Validin son sözləri ilə bitirirəm:


“Elvin haqqında çox danışa bilərəm... Qoy valideynləri də, doğmaları da başlarını uca tutsunlar. Onların əzizləri canını Vətən uğrunda fəda edənlərdən oldu.  Sevdiyin insanı buraxmaq çox çətindir. Qəlb buraxmaq istəmir. Baş bu gedişi anlamır. İnsan çırpıntılar içərisində qalır. Ruhunla sevdiyin insanı cismən buraxa bilərsən, ruhundan ayırmaq çətin olur. Elvin kimi insanlar milyardda bir dənə olur... İnanın ki, o bir başqa oğul idi...”.


Aida Eyvazlı GÖYTÜRK

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir