Arxiv
13 Noyabr 2020, 17:30 | DİASPOR
Estoniyada Bayrağ Günü və Şuşanın azad olunması qeyd olunub

Tallində fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü və qədim şəhərimiz Şuşanın, eləcə də digər torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan və Türkiyənin Estoniyadakı səfirləri, diplomatik korpusun nümayəndələri, eston ictimaiyyətinin, azərbaycanlı icmasının təmsilçiləri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.

 

Azərbaycan, Türkiyə və Estoniyanın Dövlət Himnləri səsləndirildikdən sonra Vətən savaşında həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza müraciətindən videoçarx nümayiş etdirilib.

 

Tədbirdə Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Azərbaycan evinin rəhbəri Zəhra Qəhrəmanlı, Azərbaycanın bu ölkədəki səfiri Murad Nəcəfbəyli, Türkiyənin bu ölkədəki səfiri İnam Özyıldız, türkoloq Artur Laast, azərbaycanlı icmasının üzvü, eston radiosunun əməkdaşı Sənəm Əliyeva çıxış ediblər.

 

Çıxışlar zamanı icma nümayəndələrini təbrik edən natiqlər Estoniyada yaşayan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevi dəstəklədiklərini, qələbə xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını, Azərbaycanın suverenliyinin rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalanmasından fərəh və qürur hissi keçirdiklərini bildiriblər. Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

 

A.Laast Azərbaycanın haqlı mövqeyinə dəstəyindən və Qarabağın ən qısa zamanda işğaldan tam azad olunacağına hər zaman inandığından danışıb.

 

N.Hacıyev tədbir iştirakçılarına 1988-ci ildə eston ictimaiyyətinə tanıtmaq üçün öz əlləri ilə tikdiyi Azərbaycan bayrağını nümayiş etdirib və Estoniyada Azərbaycan icmasının fəaliyyətə başlamasının tarixi barədə ətraflı məlumat verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv