Modern.az

Bizim Əsgər: “Vətənimizin köksündə qanayan Qarabağ yarasını sağaltdıq” -MÜSAHİBƏ

Bizim Əsgər: “Vətənimizin köksündə qanayan Qarabağ yarasını sağaltdıq” -MÜSAHİBƏ

Müsahibə

14 Noyabr 2020, 09:42

Modern.az saytında “Bizim Əsgər” rubrikası davam edir. Qonağımız Vətən müharibəsinin qazisi Həsən Ələddin oğlu Müzəffərlidir. Həsən əslən Xocalıdandır. Xocalı soyqırımının dəhşətlərini böyüklərindən eşidən Həsəndə düşmənə nifrət, Vətənə məhəbbət hissi hakim kəsilib.


- Həsən, bizə özünüz haqqında qısa məlumat verin...


- 21 yaşım var. Xocalıdan olan məcburi köçkünəm. Bakıda məskunlaşmışıq.


- Döyüşlərə könüllü olaraq qatılmışdınız?


- Bəli. Döyüşlərə könüllü olaraq yazıldım. Çox  xoşbəxtəm ki, Vətən savaşına qatıldım və torpaqlarımızın düşmən işğalından azad olunmasında mənim də payım oldu.


- Əsasən hansı bölgələrdə döyüşdünüz?


- Suqovşandan arxa tərəfdə, Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etdim. Sentyabrın 27-dən başlayaraq,  hardasa 25 gün döyüşlərdə iştirak etdim. Çox sevinirəm ki, biz Suqovşanı və Talış kəndini işğaldan azad etdik. Uzun illər öncə məhz bu torpaqlarda qanları tökülən oğullarımızın qisası qiyamətə qalmadı. Sonra yaralandım və müalicə üçün Bakıya gətirildim.


- Yaralarınız qəlpə yaralarına bənzəyir. Yeriməkdə də çətinlik çəkirsiniz. Yaralarınız sizi çoxmu incidir?


- Bəli kürəyimdən və ayağımdan qəlpə yaraları aldım. Ağrılarım olur. Mən xoşbəxtəm ki, bu gün biz döyüşçülər bədənimizdə aldığımız yaralarla Vətənimizin uzun illərdir köksündə qanayan Qarabağ yarasını sağaltdıq.


- Bəs 10 noyabr Qələbə xəbərini alanda hansı hissləri keçirdiniz?


- Sevincdən aldığım yaraları da unutdum. Özümü hamıdan sağlam və xoşbəxt hiss etdim. Bu elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil.


- Döyüş yoldaşlarınıza və bu gün Vətənimizin keşiyində duran əsgərlərimizə Salamını eşitmək istərdik.


- Ali Baş Komandanımız başda olmaq şərti ilə bütün əsgərlərimizi salamlayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Ali Baş Komandan İlham Əliyevə demək istərdim ki, Siz hər zaman çıxışınızda bizə inandığınızı və bizdən güc aldığınızı söylədiniz. Biz əsgərləriniz də Sizə və Sizin apardığınız müdrik siyasətə inanıb döyüşdük. Əmin idik ki, haqq səsimizi siyasi tiribunada eşitdirəcəksiniz.Siz bizə həmişə ədalətli olmağı öyrətdiniz. Döyüş meydanındakı düşmənlərimizdən qisas almağı, sivil insanlara qarşı isə mərhəməti öyrətdiniz. O mərhəmət ki, 1992-ci ildə mənim Xocalımda günahsız insanların qanını axıdan düşməndə heç zaman olmayıb və ola da bilməz. Mənim əziz Ali Baş Komandanım, biz əsgərlər Sizin düşmənə göstərdiyiniz dəmir yumruğunuzda birləşdik ki, ona zəfərin nə olduğunu göstrək.

Bu gün düşməndən azad etdiyimiz torpaqlarımızda soyuq səngərlərdə olan əsgərlərimizə demək istərdim ki,  sizin silah tutan əlləriniz bütün xalqımızın birliyinə doğru uzanan milyonlarla əllərdən güc alır. Sağlamlığımı bərpa edib Sizin yanınıza qayıtmaq və orada keçirdiyimiz həyəcan və sevincləri yenidən sizlərlə birlikdə yaşamaq istərdim.

Birlikdə döyüşdüyüm əsgərlərə demək istərdim ki, sizi heç zaman unutmayacağam. Siz mənim həyatıma 25 gün apardığım Vətən müharibəsində əbədi dostlarım kimi həkk olundunuz. Təbii ki, müharibədə siz mənim, mən də sizin kimi qeyrətli dostlar qazandıq. Ən böyük qazancımız isə geri aldığımız Vətən torpağımız oldu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir