Modern.az

Bir ildə Ali Məhkəmədə 4 min 862 işə baxılıb

Bir ildə Ali Məhkəmədə 4 min 862 işə baxılıb

Təhsil

25 Yanvar 2010, 19:36

Yanvarın 25-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olub. Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərlə müqayisədə 2009-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi artıb. R.Rzayev eyni zamanda, qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışıb. Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2009-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib, çıxışlar ətrafında geniş müzakirələr və təhlillər aparılıb. Tədbirdə bildirilib ki, Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılmış işlərin və daxil olmuş müraciətlərin sayı 2008-ci illə müqayisədə artıb. Belə ki, mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında isə 28,9 faiz artma müşahidə olunub. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında 13,1 faiz azalma qeydə alınıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,8 faiz artıb. Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 min 388 işə baxılmışdırsa, 2009-ci ildə bu rəqəm 4 min 862 olub. Bu da 2008-ci illə müqayisədə 474 iş (10,8 faiz) çoxdur. Ali Məhkəmənin plenumunun 2008-ci ildə 6 iclası, 2009-cu ildə isə 4 iclası keçirilib. 2009-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunub. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət edilmişdisə, 2009-ci ildə 21 min 162 müraciət daxil olub. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 4,9 faiz azalıb. Plenumda qeyd edilib ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin çıxardıqları qərarlarda qanunvericiliyin əvvəlki illərə nisbətən daha düzgün tətbiq edilməsi sayəsində mümkün olub. Plenumda Ali Məhkəmənin 2009-cu ilin birinci yarısına dair iş planı təsdiq edilib, konkret cinayət və mülki işlərə baxılıb. Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı