Modern.az

44 günlük savaş: kim nə itirdi və nə qazandı…

44 günlük savaş: kim nə itirdi və nə qazandı…

Parlament

16 Noyabr 2020, 10:20

Cavanşir Feyziyev,
Millət vəkili, fəlsəfə doktoru


Sentyabrın 27-dən başlayan əks hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsi işğaldan azad olundu. Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası başa çatdı. Lakin bu heç də münaqişənin tamamilə aradan qalxması və onun yox olması anlamına gəlmir. Hərbi əməliyyatlar nəticəsində azad olunmamış ərazilərdə Azərbaycanın suveren hüquqlarının təmin olunması və həmin ərazilərin Azərbaycanın siyasi-inzibati idarəçiliyinə keçməsi ilə bağlı siyasi səylər artıq diplomatik müstəvidə davam etdiriləcək. Növbəti mərhələdələdə uğurlu olmağın zəmini isə hərbi meydanda qazanılmış qələbələrlə artıq qoyulub və bu günkü nəticə diplomatik masada da Azərbaycanın uğur qazanağına heç bir şübhə yeri qoymur.


Beləliklə, 30 il ərazində Cənubi Qafqazda mövcud olmuş, hətta Sovet İttifaqının çökməsi proseslərində önəmli rol oynamış, post-sovet dönəmində isə həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinə ciddi şəkildə zədələr vurmuş münaqişələrdən biri – Qarabağ münaqişəsi öz həllinin son mərhələsinə- diplomatik həll mərhələsinə qədəm qoyur.


Hərbi əməliyyatlar mərhələsinin son səhifəsi sayılacaq 44 günlük savaşda kim nə itirdi və nə qazandı:

1. Ermənistan


Ermənistan 30 ildən bəri işğal altında saxladığı və dünya birliyinə “Dağlıq Qarabağ Respublikası” adı altında müstəqil dövlət kimi tanıtmağa çalışdığı ərazilərin təxminən 75 %-ni döyüşlər nəticəsində itirdi və ya döyüşsüz təhvil verməyə məcbur edildi. Cənub sərhədləri boyunca öz ərazisində Qarabağı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılmasına məcbur edildi.


Hərbi-siyasi nəticə BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsində və ATƏT-in Mİnsk Qrupunun təqdim etdiyi Baza prinsiplərində Ermənitanın üzərinə qoyulan və münaqişənin sülh yolu ilə həllini nəzərdə tutan öhdəliklərin məcburi şəkildə artıqlaması ilə yerinə yetirilməsindən ibarət oldu. Bu öhdəliklərin beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh yolu ilə yerinə yetirilməsi münaqişənin çözülməsi prosesində böyük irəliləyiş ola bilərdi və Ermənistana iqtisadi təcriddən çıxmaqla yeni və davamlı inkişaf perspektivləri vəd edirdi. Lakin 30 il ərzində davam edən erməni inadkarlığı və imkan düşdükdə hansısa bir kritik vəziyyətdən sui-istifadə etməklə öz ilhaqçılığına rəsmi leqallıq qazandırmaq kimi riyakar niyyətləri Ermənistanı böyük itkilərlə üz-üzə qoydu.


Ermənistanın hərbi potensialının təxminən 60-70%-i Milli Ordumuz tərəfindən məhv edildi və ya qənimət kimi ələ keçirildi. Döyüş səhnəsində itirilmiş yalnız hərbi texnika, silah və sursatın dəyərinin 3 milyard dollardan çox olduğu bilinir.  Döyüşlərdə Ermənistanın 10 mindən çox canlı qüvvə itirdiyi də ehtimal olunur.


Hərbi əməliyyatların gedişində Ermənistan yenə də hərbi cinayətlər törətməkdən çəkinmədi. Döyüş bölgələrindən kənarda və hətta uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan raket atəşinə tutmaqla çoxsaylı mülki şəxslərin həyatına son qoydu. Lakin bütün bunlar döyüş səhnəsində Ermənistana bir anlıq da olsa üstünlük qazandıra bilmədi.


Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa, Yunanıstan və Kiprin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Münaqişənin davam etdiyi bütün illər ərzində təmənnasız yardımına adət etdiyi və bu savaşda da xilas ünvanı kimi baxdığı Rusiya isə münaqişə tərəflərinə münasibətdə tərəfsizlik nümayiş etdirməklə Ermənistanı daha çox məyus etdi.


Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Beynəlxalq aləmdə Ermənistan dövlətindən daha güclü hesab olunan erməni diasporu bir neçə terrorçu qrup və beynəlxalq səviyyədə intensiv media dəstəyi təqdim etməkdən başqa ermənilərə heç bir əməli yardım göstərə bilmədi.


Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və türk torpaqlarında kompakt yaşamağa başladığı vaxtdan keçən təxminən 200 illik bir dövrdə ərsəyə gətirdiyi və “dənizdən dənizə böyük ermənistan” kimi mifik təsəvvürlərə əsaslanan milli ideyası Azərbaycan reallıqları ilə toqquşmada darmadağın oldu.


Ermənistanın gələcəyə hesablanmış geosiyasi inkişaf oriyentasiyasında növbəti dəfə qeyri-müəyyənlik yarandı. Ermənistan daxilində ictimai-siyasi münasibətlər gərginləşdi və bu gərginliyin hələ uzun zaman davam edəcəyi gözlənilir.


Erməni ictimai-siyasi düşüncəsində ziddiyyətlər o qədər dərinləşdi ki, bunun hamı tərəfindən aydın görülməsi və yalnız özlərinin görə bilməməsi sadəcə təəccüb doğurur. 44 gün ərzində erməni ictimai fikrində özü özünü təkzib edən iki fikir cərəyanı və iki diametral fərqli baxış bucağının özünü göstərdiyi müşahidə olunur.  Nə qədər ki, Qarabağ ərazisində döyüşlər gedirdi, ermənilər öz hakimiyyətini tənqid edərək mənasız ölümlərin qarşısının alınması üçün nəyin bahasına olursa olsun, döyüşlərin dayandırılmasını tələb edirdilər. Elə ki, Ermənistan siyasi rəhbərliyi hərbi əməliyyatların dayandırılması haqqında Bəyanata imza atdı, bütün Ermənistan ayağa qalxdı və döyüşlərin son erməni sağ qalanadək davam etdirilməsini istədilər.  Artıq bir neçə gündür ki, Bəyanatdan imtina edilməsi tələbi ilə Yerevanda etiraz aksiyaları davam edir.  Bu milli miqyasda özünü inkarla müşaiyət edilən kütləvi psixi pozğunluq əlamətləridir.


Ermənistanın beynəlxalq siyasətdə hüquqa zidd hərəkətləri onun iqtisadi-siyasi və sosial-mənəvi həyatında tez-tez təkrarlanan “siyasi zəlzələ” effektləri yaradır ki, bu da vaxtaşırı olaraq erməni cəmiyyətini gözlənilməz iqtisadi itkilərlə yanaşı həm də dərin mənəvi-psixoloji sarsıntılara məruz qoyur. Növbəti 44 günlük savaş “zəlzələsi” erməni ictimai fikrini yenidən fraqmentallaşdırdı və erməni siyasi elitasının milli birlik səylərinə elə bir ağır zərbə vurdu ki, bu toplumun özünə gəlməsi və hər hansı milli ideya ətrafında yenidən birləşməsi üçün ona uzun müddət vaxt lazım olacaq.


Bütün bunlar 44 gün davam etmiş savaşda Ermənistanın itirdikləridir. Ermənistanın nə isə qazandığını iddia etmək çətin olsa da müsbət sonluq xatirinə 44 günün tamamında erməni ictimai fikrində güclə sezilən yeni bir yanaşmanın Ermənistanın qazancı ola biləcəyinə ümid etmək istəyirəm.  Son günlər erməni cəmiyyətində öz “milli dəyərləri”nə revizionist baxışlar sərgiləyən və tənqidi fikirlər səsləndirənlər də oldu. Məsələn, Haqqın.az saytı Matenadaran Qədim Əlyazmalar İnstitutunun əməkdaşı Qayane Ayvazyanın bu barədə erməni mediasındakı fikirlərini təqdim edib:  “... 2016-cı ilin aprel döyüşləri status-kvo müddətinin başa çatdığına işarə edirdi. Məsələnin həllini uzatmaqla hakimiyyyət beynəlxalq ictimaiyyəti, Minsk Qrupunu və Azərbaycanı aldatmağa çalışdı... onlar Azərbaycan torpaqlarının bir hissəsinin işğalını milli-azadlıq müharibəsi adlandırmaqla problemin həll variantlarından imtina etdilər.” Ayvazyan bildirir ki, nəticədə hər şey məhv oldu və əvvəllər Dağlıq Qarabağa təklif olunan imtiyazlardan da məhrum oldular. “...Maksimalizm, nifrət, lovğalıq və güzəştsizlik özünü doğrultmadı və faciəvi nəticələrə gətirib çıxardı... 100 illik özünütəcriddən çıxmaq asan olmayacaq, amma Ermənistan qonşuları ilə xoş münasibətlərdə bulanmağa məhkumdur, bunu Ermənistan vətəndaşlarının maraqları tələb edir..”


Belə görünür ki, əsl insani dəyərlərin nədən ibarət olduğunu və erməni cəmiyyətinin bu ümumbəşəri dəyərlərdən xali olduğunu bilən və hətta onu etiraf edənlər də var. Deməli ki, nəhayət “Dənizdən dənizə  böyük Ermənistan” nağılının puç xəyaldan başqa bir şey olmadığını anlayanlar da var və onların sayı artdıqca bəşəri dəyərlər əsasında tərbiyə olunacaq ermənilər də gələcəkdə sivil cəmiyyətlər sırasında özlərinə layiq yer tutmağa başlayacaqlar. Amma biz bunu görəcəyikmi, bunu demək çətindir.


Bir sözlə, 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda Ermənistan bu gününü və yaxın gələcəyini uduzmuş durumdadır. Amma ola bilər ki, qonşumuz bütün bu hadisələrin sonucunda erməni xalqının yeni və sağlam gələcəyini necə qurmaq haqqında azacıq da olsa yeni bir təsəvvür qazanmış oldu. Bu da Ermənistanın yeganə və gələcək baxımından əhəmiyyətli qazancı ola bilər.

 
2. Azərbaycan

Azərbaycan Sovet İttifaqının tərkibindən çıxmaq üçün hələ 80-ci illərin sonunda başladığı milli azadlıq mübarizəsinin gedişində üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələrinin ATƏT-in Minsk Qrupu çərçivəsində razılaşdırılmış Əsas prinsiplər əsasında Ermənistan tərəfindən yerinə yetirilməsinə nail oldu. Ermənistan üzərinə düşən beynəlxalq öhdəlikləri sülh yolu ilə yerinə yetirmək istəməsə də, Azərbaycan onu sülhə məcbur etdi və 30 il işğal altında qalmış ərazilərin təxminən 4/3 hissəsini hərbi yolla azad etdi. Nəticədə İranla dövlət sərhədlərimizin uzun müddət ərzində nəzarətdən çıxmış 130 km-dən çox hissəsi  yenidən bərpa olundu və Milli Sərhəd Qoşunlarımızın mühafizəsinə təhvil verildi. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində işğal olunmuş ərazilərdə möhkəmləndirilmiş hərbi mühəndis-istehkam qurğuları darmadağın edildi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam və Hadrut rayonları azad edildi. Bütövlükdə, 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kəndlərimizin ərazisi hərbi yolla düşmən qruplaşmalarından təmizləndi. Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan və hər bir Azərbaycanlının qəlbində qürur və iftixar simvolu olan Şuşa şəhəri düşmən əsarətindən azad edildi. Azərbaycanın işğal olunmuş ərazilərində qalmış çoxsaylı qədim tarixi abidələri, o cümlədən Yer üzündə ilk insan məskənlərindən biri sayılan qədim Azıx mağarası erməni vandalizmindən xilas olundu.


Azərbaycan Ordusu guya münaqişənin hərbi həllinin olmaması haqqında beynəlxalq qurumlar tərəfindən  beynəlxalq ictimai fikirdə formalaşdırılmış mifi darmadağın etdi.


İşğal olunmuş ərazilərdən didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtmaq arzularına qovuşdu və dədə-baba torpaqlarında öz həyatını yenidən qurmaq imkanları qazandı.


30 il ərzində işğal altında qalmış və düşmən tərəfindən yağmalanmış 12 min kv km ərazi ölkəınin iqtisadi fəaliyyət dövriyyəsinə qaytarıldı və bu ərazilərin abadlaşdırılması və iqtisadi cəhətdən mənimsənilməsi prosesinə başlanıldı. Həmin ərazilərdəki təbii resurslarımızın, o cümlədən çoxsaylı faydalı qazıntıl yataqlarının və geniş su ehtiyatlarının bərpa olunması və yenidən istismara verilməsi ölkənin iqtisadi-soasial inkişafının daha da sürətləndirilməsi üçün yeni imkanlar açdı. 


Aparılan hərbi əməliyyatlarda Azərbaycan Milli Ordusu tarixi qələbələr qazandı. Ordumuz yüksək döyüş qabiliyyətinə və sarsılmaz ruh yüksəkliyinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri öz xalqının azadlığını və müstəqilliyini cəsarətlə və şərəflə qorudu.


44 günlkük savaş ən müasir texnologiyalara sahiblənmiş dünya hərb sənayesinin ən son yeniliklərini ilk dəfə bütün dünyaya nümayiş etdirdi.  Ordumuz tərəfindən aparılan XXI əsrin ilk  yüksək texnologiyalı döyüşləri 44 gün ərzində bütün dünyanın diqqət mərkəzində oldu. Azərbaycan Ordusu dünyada hərbi əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin və yekunlaşdırılnmasının yeni texnologiyalara əsaslanan ilk parktik nümunəsini yaratdı. Müxtəlif  ölkələrin hərbi analitiklərinin qənaətinə görə bu döyüşlərin ayrı-ayrı epizodları hərb elminin ən mükəmməl bilicilərini də heyrətə gətirdi. Onlar belə hesab edirlər ki, ayrı-ayrı əməliyyatlar dünya hərb elminin səhifələrinə düşəcək və Amerikadan Yaponiyayadək bütün ölkələrin hərbi məktəbləri tərəfindən öyrəniləcək.  Beləliklə, müasir hərb elminin ən qabaqcıl taktiki-strateji bilik və bacarıqlarına yiyələnmiş Azərbaycan əsgərinin şücaəti dünya hərb elminə qızıl hərflərlə yazıldı. 


44 günlük savaş Azərbaycan xalqının mətin iradəsini, milli ideya ətrafında sıx birləşmək və sarsılmaz ümumxalq həmrəyliyinə nail olmaq bacarığını, işğala boyun əyməmək əzmini və dünya birliyi tərəfindən göstərilən ədalətsizliyə qarşı barışmazlığını nümayiş etdirdi. Dövlət-Xalq-Ordu birliyi özünün ən yüksək zirvəsinə çatdı. Azərbaycan-Türkiyə qardaşlığı zamanın daha bir sınağından alnı açıq çıxmaqla daha da möhkəmləndi və qardaş Türkiyənin bölgədə və dünyada nüfuzu və rolu daha da yüksəldi.


Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq siyasi rəqabət meydanındakı davamlı qələbələri 44 günlük savaşdakı parlaq hərbi qalibiyyəti ilə zənginləşdi.  Azadlıq savaşı İlham Əliyevin təkrarsız diplomatik məharəti ilə yanaşı həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, onu bölgənin birmənalı söz sahibinə çevirdi.


Bütün bunlar 44 günlük savaşda Azərbaycanın qazandıqlarıdır. Əvəzsiz itkilərimiz də oldu. Yüzlərlə əsgərimiz Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban verdilər. Onlar bu gün fəxr etdiyimiz və bütün gələcək nəsillərin fəxr edəcəyi Qələbə tariximizi öz qanları ilə yazdılar. Döyüş meydanında göstərdikləri fədakarlıq və qəhrəmanlıqları ilə öz adlarını xalqımızın qan yaddaşına qızıl hərflərlə həkk etdilər.


Cəbhə bölgələri ətrafında yerləşən Tərtər, Ağdam, Füzuli  və Bərdə rayonlarında, eləcə də cəbhə bölgəsindən kifayət qədər uzaqda yerləşən Gəncə şəhərində dinc sakinlərimiz də düşmənin namərd hücumlarına məruz qaldı. Nəticədə 91 nəfər mülki vətəndaşımız Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin qurbanı oldular, təxminən 400 nəfər yaralandı. 


Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.


14 noyabr 2020

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?