Modern.az

Qarabağda döyüşən Lerikli qardaşlar - “Anası dedi ki, hər iki oğlunu bu Vətən üçün böyüdüb” - MÜSAHİBƏ

Qarabağda döyüşən Lerikli qardaşlar - “Anası dedi ki, hər iki oğlunu bu Vətən üçün böyüdüb” - MÜSAHİBƏ

17 Noyabr 2020, 12:31

Modern.az saytında Azərbycan əsgərini vəsf edən, igidliyini xalqa çatdıran “Bizim Əsgər” rubrikası davam edir.
Qonağımız Lerikdən rubrikamıza qatılan Rizvan Əsədovdur. O, bizə bacısı oğlanları, bir ailədən Vətən Müharibəsinə qatılan və qəhrəmancasına savaşan talış qardaşlar haqqında danışacaq.

Əsgərlərimiz Asiman və Əhliman Şərifov qardaşlarını siz də yaxından tanıyın. Onlar Lerikin Dəvrədibi kəndindəndirlər.


-
Rizvan bəy, Şuşada Azərbaycan bayrağının dalğalandığı zəfər günlərimizdə xoş gördük sizi. Bizə bacınız oğlanları haqqında məlumat verməyinizi istərdik.


- Çox sağolun Leyla xanım. Belə bir rubrikada igid əsgərlərimiz haqqında danışmaqdan çox şadam. Vətən Müharibəsində hər birimiz - mən də, siz də dayanmadan işlədik və çalışdıq ki, dövlətimizin yanında olaq. İşlərim səbəbindən müsahibəmiz biraz uzandı, amma mən gördüm ki, siz öz məqsədinizdən dönmədiniz və israrlı olaraq bu qardaşlar haqqında danışmağımı məndən xahiş etdiniz. Bir daha bu müsahibəni ərsəyə gətirdiyiniz üçün sizə və saytın rəhbərliyinə təşəkkür edirəm.

Öncə bildirmək istərdim ki, Vətən Müharibəsində mənim iki yox, üç bacım oğlu iştirak edirdi. Şərifov Asiman Ədalət oğlu və Şərifov Əhliman Ədalət oğlu eyni ailənin övladlarıdır və hər ikisi hazırda sağ-salamatdırlarr.
Digər bacım oğlu İbrahimov İmaməli Elman oğlu isə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. O, Lerik rayonunun Hovil kəndindən idi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağolsun.


- Şəhidimizə rəhmət diləyirik. Necə oldu ki, Şərifov qardaşları döyüşlərə qatıldılar?


-  Asiman hərbi xidmətdə idi və gizir kimi xidmət göstərirdi. Əhliman isə qismən səfərbərliklə bağlı könüllü hərbi xidmətə çağırılıb və  döyüşlərə qatılıb. Qardaşlarda uşaqlarda vətənpərvərlik, vətənə bağlılıq hisləri çox yüksək olub. Asimanın 24, Əhlimanın isə 22 yaşı var.

- Əsgər qardaşlarımız etnik olaraq talışdırlar?

- Bəli, etnik qrup olaraq talışdırlar. Xalq olaraq isə hamımız Azərbaycan xalqıyıq. Onlar fəxr edirlər ki, azərbaycanlıdırlar və müstəqil Azərbaycan Respublikasının vətəndaşıdırlar.


- Qardaşlar döyüş vaxtı ailələri ilə əlaqə saxlaya bilirdilər?


- İmkan düşdükcə uşaqlar evə zəng edirdilər. Lakin bu, çox gec-gec baş verirdi. Bəzən 4-5 gündən bir...


- Əhlimanla Asiman eyni yerdə döyüşürdülər?

- Xeyr. Onlar Qarabağın müxtəlif bölgələrində - ayrı-ayrı döyüşürdülər və bir-birlərindən xəbərsiz idilər.


- Ali təhsilləri varmı?


- Xeyr, yoxdur. Hər ikisi orta məktəb təhsillidirlər.


- Şərifovların böyük oğlu MAXE-dir. Zatən döyüş bölgəsindəydi. Bəs ikinci oğul da cəbhəyə yollananda anaları hansı hissləri keçirdi?


- Anaları bildirdi ki, iki oğlunu məhz bu Vətən üçün böyüdüb. Buna görə də döyüşlərə göndərir. Necə deyərlər, sevinc və fəxarətlə övladlarını cəbhəyə yola saldı.


- Qardaşların fiziki göstəriciləri necədir? Uşaqlıqdan hərbiyə və idmana həvəsli olublar?


- Bəli uşaqlıqdan idmana həvəsli idilər. Böyük qardaş hərbiyə çox həvəsli idi və məhz buna görə də həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət göstərirdi. Hazırda Asiman gizirdi. Ömrünü və həyatını bu peşəyə bağladı və çox xoşbəxtəm ki, hərbi xidməti zamanı gizir rütbəsinə layiq görülüb.

Çox mərhəmətli övladlardır. Ruh yüksəklikləri ən üst səviyyədədir. Düşməndən heç bir qorxu hiss etmirlər. Əhliman hərbi xidmətini də düşmənlə sərhəd bölgəsi olan Tovuzda keçmişdi. Onların mərhəmətinə və ədalətinə heç bir şübhəm yoxdur.


- İcra Hakimiyyəti, qonşular, qohumlar iki övladını döyüşlərə göndərən bu ailə ilə maraqlanırlarmı?


- Rayon İcra Hakimiyyətinin başçısı özü şəxsən bütün əsgər ailələrini nəzarətə götürüb. Tək bacım oğlanları ilə yox, bölgəmizdən döyüşlərə yollanan bütün əsgərlərimizin ailələri ilə görüşüb, onların problemlərini həll etməyə çalışır. Dövlət tərəfindən də lazimi köməkliklər olunur. Qonşular və qohumlar da sağ olsunlar ki, tez-tez ailədən xəbər tuturlar. Kənd camaatı sağ olsun, müharibə günlərində bir-birinə dəstək oldular.


- Bəs əsgərlərimizin valideynləri haradasa çalışırlar?

- Anaları ikinci qrup əlildir. Nə ataları, nə də anaları işləyir. Həmçinin,  nənə və babaları da onlarla birlikdə yaşayır. Ailənin madi durumu aşağıdır.


- Siz dayıları olaraq döyüşçülərimizlə danışa bilirdiniz?


- Döyüşlərin ən qızğın zamanınmda hardasa bir ay öncə biri ilə danışmışdım -kiçik qardaşla. Onunla fəxr etdiyimizi bildirdim.


- Həmin vaxt əsgərimizin könlüdən keçən nə isə var idimi ki, sizdən dayı kimi ərk edib istəsin?


- Mənə bildirdi ki, “narahat olmayın. Hər şey yaxşıdır. Qarabağımızı düşməndən azad edib geri qayıdacam”.


- Bacınız oğlanlarının timsalında soyuğa, şaxtaya baxmadan torpaqlarımızı qoruyan əsgərlərimiz üçün “Əsgər salamı”nızı eşitmək istərdik.

- Burdan sizin vasitənizlə həm əsgər ailəsi adından, həm də Cənub zonası adından bütün əsgərlərimizi salamlayıram. Çox sevinirəm ki, canını torpaqlarımız uğrunda fəda edən igid əsgərlərimiz sayəsində bayrağımız Şuşaya sancıldı. Bu bayrağın Şuşada dalğalanması bütün əsgərlərimiz və bütün xalqımız üçün böyük şərəfdir. Bütün əsgərlərimiz sağ-salamat öz evlərinə qayıtsınlar. Allah bütün şəhidlərimizə rəhmət etsin...



Şərifov qardaşlarının şəhid olan xalası oğlu - İbrahimov İmaməli Elman oğlu, Lerik rayonunun Hovil kəndindəndir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi