Modern.az

2009-cu ildə Bakıda heç bir yeni tikilinin əsası qoyulmayıb

 2009-cu ildə Bakıda heç bir yeni tikilinin əsası qoyulmayıb

26 Yanvar 2010, 13:58

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi Azərbaycanın daşınmaz əmlak bazarının 2009-cu ildəki vəziyyətinə dair yekun məlumat açıqlayıb. Birlikdən Modern.az-a verilən məlumatda bildirilib ki, ölkəmizin daşınmaz əmlak bazarında 2009-cu ili böhran ili kimi səciyyələndirmək mümkündür: “Təkcə tikintinin tempinin aşağı düşməsi bu iddianın üzərində dayanmağa əsas verir. Belə ki, rəsmi açıqlamada hökumət 2009-cu il ərzində Bakı şəhərində 1 dənə də olsun yeni tikilinin əsasının qoyulmadığını bildirir”. Ölkədə hələlik daşınmaz əmlak bazarını araşdıran yeganə qurum olan “Əmlak Bazarı İştirakçıları” İctima Birliyinin il ərzində apardığı monitorinq isə göstərib 19  yeni tikilinin əsası qoyulub. “Amma bu binaların mütləq əksəriyyətinin tikintisi 2008-ci ildə layihələndirilib və tikinti üçün icazə sənədləri də elə həmin ilə təsadüf edib. Sadəcə icraçı tikinti şirkətləri müxtəlif səbəblərdən tikinti işlərinə 2009-cu ildə başlayıblar. Amma hətta il ərzində 19 binanın əsası qoyulubsa belə, bunun özü də ötən illərlə müqayisədə çox kiçik rəqəmdir və bu sahədə ciddi problemlərin olmasından xəbər verir. Müqayisə üçün deyək ki, 2003-cü ildən bu yana təkcə paytaxt Bakıda 1 il ərzində orta hesabla 175 binanın tikintisinə başlanıb ki, bu 2009-cu ildə qeydə alınan nəticədən 9.2 dəfə böyükdür”. Tikintinin tempinin azalması ilə paralel olaraq bazarda tələb, alıcılıq qıbiliyyəti də aşağı düşüb və bu özünü qiymətlərdə də göstərib. “Azərbaycanda iqtisadi böhranın təsirləri 2008-ci ilin sentyabr ayından müşahidə olunmağa başladığı üçün biz əsas təsirləri və dinamikanın düşmə tendensiyasını da məhz həmin dövrdən hesablamışıq. Nəticələr aşağıdakı kimidir: 2009-cu  il ərzində ilkin mənzil bazarında qiymətlər 17.5%, böhrandan bu yana 23.6%, təkrar mənzil bazarında 2009-cu ildə 14.2%, böhrandan bu yana 27.1%, torpaq bazarında 2009-cu ildə 14.5%, böhrandan bu yana 40.2%, qeyri-yaşayış sahələri bazarında 2009-cu ildə satış qiymətlərində 10.8%, icarə qiymətlərində 11.5%, böhrandan bu yana satış qiymətlərində 18.3%, icarədə 18.4% qiymət azalması qeydə alınıb”-deyə İctimai Birlikdən bildirilib.  Tikinti materialları bazarında 2009-cu ilin əvvəlində qeydə alınmış nəticədən 21.1% artım, böhrandan bu yana isə 30.3% qiymət azalması müşahidə olunub. Ümumi bazar üzrə 2009-cu ildə 15.2%, böhrandan bu yana 26.1%  qiymət azalması qeydə alınıb.

2008-ci illə müqayisədə 2009-cu ildə bazar üzrə bağlanan əqdlərin dinamikasında 2 dəfədən çox, bazara müraciət edənlərin sayında isə 69% azalma müşahidə olunub. Yeni tikililərin hesabına bazarda artan təklifin fonunda tələbin kəskin azalması tələb və təklifin strukturunu qeyri-mütənasib formada dəyişib, bu səbəbdən də tendensiya passiv xarakter alıb. Bazarda ən ciddi problemlərdən biri nəğd satışların məhdudlaşması ilə bağlı olub ki, bundan ən çox əziyyət çəkənlər əmlak sahibləri, tikinti şirkətləri və rieltorlardır.

Bazar seqmentləri arasında bütün göstəricilər üzrə 2009-cu ildən maksimum itki ilə çıxan torpaq bazarı olub. Şəhər mərkəzində torpaq sahələrinin real dəyərindən baha olması, şəhərətrafı ərazilərdə isə torpaqların sənədlərində ciddi problemlərin mövcudluğu bazarın bu seqmentində problemlərin daha qabarıq üzə çıxmasına təsir göstərib, bu da öz növbəsində torpaq qiymətlərinin azalmasına təkan verib. Torpaq bazarında ən ciddi problemlərdən biri isə bu seqmentin ipoteka prosesindən kənarda qalmasıdır. Torpaqların girov predmeti kimi banklar tərəfindən qəbul olunmaması, ümumiyyətlə kredit təşkilatlarının torpaq girovlarına qeyri-rəsmi etimadsızlığı mülkiyyət növü kimi bu seqmenti daşınmaz əmlak predmetindən uzaqlaşdırıb və qiymətlərə daha ciddi təsir göstərib. Bundan başqa, tikinti tempinin kəskin azalması, mənzil tikintisi ilə məşğul olan şirkətlərin fəaliyyətindəki durğunluq, tikinti işlərinə cəlb olunan vəsaitlərin və bu sahəyə qoyulan investisiyaların həcminin azalması və s. torpaq bazarına mənfi mənada ciddi təsir göstərib.

“2010-cu ildə ipotekaya marağın xeyli artacağı gözlənilir. Amma araşdırmalar göstərir ki, bazarda aktivliyi artırmaq, dinamikanı bərpa etmək üçün ipoteka kreditlərinin həcmi azı bu məbləgdən 2,5-3 dəfə qaldırılmalıdır”-deyə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən bildirilib.

 

Bəzi ekspertlər 2010-cu illə bağlı proqnoz verərkən dövlət büdcəsindən tikinti işlərinə və infrastruktur layihələrinə ayrılan vəsaitləri əsas götürərərk təhlillər aparırlar. Amma nəzərdən qaçırmaq olmaz ki, büdcədən tikinti işlərinə ayrılan vəsaitlər investisiya yönümlü xərclər deyil. Başqa sözlə, mənzil tikintisi, ipoteka kreditləşməsi və daşınmaz əmlak bazarının inkişafına təsir göstərən amillərlə infrastruktur və sosial yönümlü layihələrin icrasına yönələn tədbirlərdən meydana çıxan təhlillər acı nəticələrə gətirib çıxara bilər. Bu baxımdan 2010-cu ildə dövlətin daşınmaz əmlak bazarının inkişafına təkan verəcək qərarlarına ehtiyac böyükdür.     

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi