Modern.az

Qarabağda döyüşmüş ata-oğul: “Arxamızda bizi uğurlayan bir qadın vardı”

Qarabağda döyüşmüş ata-oğul: “Arxamızda bizi uğurlayan bir qadın vardı”

Reportaj

27 Noyabr 2020, 12:06

İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün xeyli sayda vətəndaşımız  döyüşlərə könüllü qatılaraq qəhrəmanlıq göstəriblər.


Demək olar, hər gün Azərbaycan insanı  döyüş qəhrəmanları ilə tanış olur. Onların şücaəti, vətənpərvərliyi barədə yeni-yeni informasiyalar əldə edir.


Artıq  tarix yazan Azərbaycan əsgərini tarixin yaddaşına hopan simasından, səsindən, təbəssümündən, hətta ayaq səsindən tanıyırıq. Tarixə çevrilmək üçün zamanın yetişdirdiyi qəhrəman olmalısan.


Modern.az
saytı Vətən Müharibəsində iştirak etmiş növbəti qəhrəmanı oxucularına təqdim edir:


Vətən müharibəsi başlayanda igid Azərbaycan kişisi kimi onlar da döyüşə qatıldılar. Ata Səməndər Şahmarov və oğlu Şahmar Şahmarlı...


“Özümüzü biqeyrət kimi hiss edirdik”


Səməndər Şahmarov deyir ki, illərdir müharibənin başlamasını səbirsizliklə gözləyirdi:


“Birinci Qarabağ Müharibəsində də iştirak etmişəm. Ancaq o zaman qələbə sevinci yaşaya bilməmişdik. İçimizdə isə məğlubiyyətlə barışa bilməmək əzmi vardı. O vaxtdan amalımız, məqsədimiz bu olub ki, müharibə başlasın və biz də döyüşlərdə iştirak edək, qəhrəmanlıq göstərək. Açıq deyim, Birinci Qarabağ Müharibəsindən sonra özümüzü biqeyrət, heç nəyə yaramayan kimi hiss edirdik. Bu damğa çox ağır damğadır. Birinci Qarabağ Müharibəsində nə ordu vardı, nə də silahımız. Adi avtomatla silahlanmışdıq. SSRİ-dən qalma silahları gedib bazalardan tapıb çıxarırdıq ki, düşmənə qarşı döyüşə bilək. Özünümüdafiə dəstələrində iştirak etmişdik. Mən Birinci Qarabağ Savaşında Suqovuşan, Hadrut uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Xankəndiyə qədər gedib çıxmışdıq. Ancaq qalib gəlməyimiz mümkün olmadı”.


Səməndər Şahmarovun sözlərinə görə, əvvəlcə iki dəfə döyüşmək üçün müraciət edib, nəhayət üçüncü dəfə arzusu gerçəkləşib:


“2016-cı ilin aprel döyüşlərində  könüllü olaraq müraciət etdim. Cavab bu oldu ki ehtiyac yoxdur. 2020-ci ilin Tovuz hadisələrində də müraciət etdim. Adımı qeyd etdilər. Elə Tovuz hadisələrinin üzərindən 2 aya yaxın müddət keçəndən sonra İkinci Qarabağ Müharibəsi başladı. Üçüncü dəfə etdiyim müraciətimə müsbət cavab verildi. Beləliklə, döyüşmək arzum gerçək oldu. Zabit kimi döyüşlərə qatıldım. Tağım komandiriyəm. 50 yaşım var. Ailəm də  bilir ki, vətən və müharibə mövzusu mənim üçün hər şeydən önəmlidir. Yaşımın çox olmasına baxmayaraq, döyüşmək əzmim tükənməyib”.


Qarabağ müharibəsinin ata-oğul qəhrəmanları

Qəhrəmanımız döyüşlərdə oğlu ilə bərabər iştirak etməsindən məmnun olduğunu dilə gətirib:


“Oğlum da mənimlə bərabər Qarabağ müharibəsində düşmənə qarşı döyüşürdü. Hər ikimiz fərqli istiqamətlərdə döyüşmüşük. Mən Goranboyda, oğlum isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub. Vaxt tapan kimi oğluma zəng edirdim. Ona bir ata kimi dəstək verirdim. “Heç nədən qorxma. Güclü ol. Torpaq uğrunda şəhid olsan belə, vətən sağ olsun”,-deyirdim. Oğlumun 21 yaşı var, o da ancaq qələbə çalmaq haqqında düşünürdü. Oğlumda vətən sevgisinin güclü olması məni daha da ruhlandırırdı.  Qarabağ müharibəsində bir missiyamız vardı. Torpaq uğrunda ancaq irəli gedə bilərik.  Beynimizdə ancaq qələbə qazanmaq haqda düşüncə vardı: “Şəhid olsaq da, mütləq qələbə çalacağıq”.


“Döyüşə gedəndə ailəm mənə bir söz dedi:  “Allah sənə yar olsun””

Qarabağ müharibəsinin iştirakçısı ailəsinin dəstəyinin onu daha da güclü etdiyini də vurğulayıb:


“Bu gün ordumuz çox güclüdür. Əsgərimizin ruhu da yüksəkdir. Ancaq bu müharibədir. Gərək özünü itirməyəsən. Döyüşməyi, qələbəni fikirləşəsən. Bir ata olaraq oğlumda və onun həmyaşıdlarında vətən sevgisinin güclü olmasını görmək mənə qürur verirdi. Döyüşlərdə mənə stimul verən həm də Azərbaycan qadınının gücü idi. Könüllü kimi döyüşlərə qatılanda ailəm mənə bir söz dedi:  “Allah sənə yar olsun”. Bir qadın üçün həm oğlunu,  həm də həyat yoldaşını döyüşə göndərmək çətindir. Amma sevinirəm ki, arxamızda biz ata-oğulu uğurlayan bir qadın vardı. Azərbaycan əsgərinin arxasında mərd ana, mərd qadın dayanırsa, o əsgərə zaval yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir