Modern.az

“Ermənilər çıxırlar, sabah Laçına da nəzarət bizdə olacaq” - Laçınlı deputat 

“Ermənilər çıxırlar, sabah Laçına da nəzarət bizdə olacaq” - Laçınlı deputat 

30 Noyabr 2020, 13:50

“Noyabrın 10-da imzalanmış üçtərəfli sazişin maddələrinə uyğun olaraq Laçın rayonu dekabrın 1-də Ermənistan işğalçıları tərəfindən azad edilməlidir. Bizdə olan məlumata görə, Laçının kəndlərindən ermənilər köçüb gediblər”.


Bu fikirləri Modern.az-a Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə bildirib.


Deputatın sözlərinə görə, peyk vasitəsilə əldə edilən kadrlardan, eləcə də mətbuatdan izlədiyi məlumatlara əsasən, ermənilər artıq Laçını tərk etməyə başlayıblar:


“Təəssüf ki, ermənilər Kəlbəcərdə olduğu kimi, öz xislətlərini Laçını tərk edən zaman da ortaya qoyurlar. Köçdükləri əraziləri yandırır, dağıdırlar. Düşünürəm ki, üçtərəfli razılaşmanın maddələrinin pozulması, yaxud da əlavə vaxtın verilməsi ilə bağlı rəsmi məlumatlar qeydə alınmayıb. Hesab edirəm ki, dekabrın  1-də Laçının da erməni işğalçılarından azad edilməsinin şahidi olacağıq”. 


Laçından olan deputat hər bir laçınlının sevinc içində olduğunu da qeyd edib:


“Dekabrın 1-ni bütün Azərbaycan səbirsizliklə gözləyir. Ancaq laçınlılar üçün xüsusi bir gün olacaq. Çünki 30 ilə yaxın idi ki, Laçın işğal olunmuşdu. Laçınlılar vətən həsrəti ilə yaşayırdılar. Sabah vətən, torpaq, ev-eşik həsrətinə son qoyulacaq. Biz o günü səbirsizliklə gözləyirik. İnşallah, sabah Laçının azadlığa qovuşmasını bayram kimi qeyd edəcəyik”.


Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənəd imzalanıb. Həmin sənədə əsasən, noyabrın 20-də Ağdam, sonradan 10 gün vaxt uzanmaqla noyabrın 25-də Kəlbəcər təhvil verilib. Dekabrın 1-də isə Laçın işğaldan azad ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı