Modern.az

Dil- xalqı birləşdirən DƏYƏR

Dil- xalqı birləşdirən DƏYƏR

Ədəbi̇yyat

30 Noyabr 2020, 15:31

Xeybər Göyyallı


Onun təəssübünü hər kəs çəkməlidir


Dil kütləviliyi , qarşılıqlı anlaşmanı təmin edən və xalqı birləşdirən əvəzsiz bir dəyərdir. Məhz bu səbəbdən də kütləvi auditoriya üçün  hazırlanmış hər hansı bir mətn dil normativləri cəhətdən tam (texniki nöqsanlar bağışlanılandır) qüsursuz olmalıdır.  Qarşılıqlı anlaşma və kütləvi ünsiyyətin təmin edilməsinin ən vacib şərtlərindən, bəlkə də, ən birincisi, düzgün nitq və savadlı yazıdır Savadlı nitq və düzgün yazı birbaşa dil normativlərinə əməl etməklə bağlıdır. Çox təəssüflər olsun ki,  kütləvi informasiya vasitələri sayılan televiziya,  internet portalları , qəzet və s. dil normativlərinə lazımi səviyyədə əməl olunmur. Azərbaycan  dövlətinin  dilimizə göstərdiyi son dərəcə yüksək diqqət və qayğının qarşılığı kifayət qədər ödənilmir. Əvvəlki yazılarımda qeyd etdiyim kimi,  peşə missiyasını dil materialları ilə həyata keçirənlərin bir çoxu hələ də dil normativlərinə “özfəaliyyət” prizmasından yanaşırlar. Belə düşüncə tərəfdarları dilin ümumxalq mülkiyyəti olduğunu unudurlar. Elə bu cür diletant yanaşmanın nəticəsidir ki, mediamız  səhv və qüsurlarla doludur.
                                   

SÖZ YERİNDƏ OLMAYANDA
...

  
Kütləvi informasiya vasitələrində ən geniş yayılan və bağışlanılmaz nöqsanlar, ilk növbədə,  Azərbaycan dilinin incəliklərini bilməməkdən irəli gəlir. Fikrimizi oxucuların da vaxtaşırı televiziyalardan eşitdiyi, qəzet və internet portallarında rastlaşdıqları konkret nümunələrlə əsaslandıracağıq. Bəzi texniki məsələləri əvvəlcədən özüm üçün həll etmədiyimdən (nümunələrin surətini çıxarmadığımdan) gətirəcəyim misalların  ünvanını məqsədli olaraq burada göstərmirəm. Ancaq onu da diqqətə çatdırım ki, gətirəcəyim konkret nümunələr və onların ünvanı qeyd dəftərçəsinə yazılıb. Bəlli səbəblərdən dil qüsurlarına yol vermiş kütləvi informasiya vasitələrinin adları bu məqamda qeyd edilmir. Amma faktlar ortadır. Keçək nümunələrə. Dahi sözünü   ən çox  televiziya verilişlərindən eşidirik . Bu sözü aparıcıların bir çoxu epitet kimi  fərqinə varmadan harda gəldi işlədirlər. Televiziya aparıcılarının əksəri müsahibinin intellektinə, ictimai nüfuz və çəkisinə uyğun oldu, olmadı hər kəsə şamil edirlər. Dahi aktyor demək və yazmaq  müsahib üçün  mənəvi təhqir, aparıcı (jurnalist) üçün isə qəbahət sayılır. Aktyor istedadlı, bacarıqlı, yaradıcı ola bilər

 Bəlkə də, çoxları baxıb, bir-iki il əvvəl televiziyaların birində “Möhtəşəm ördəklər” adlı bir kino nümayiş olunurdu. Doğrusu, kinoya baxmamışam, televizorun pultu ilə kanalı dəyişdirərkən təsadüfən  rastlaşmışdım. Çox güman ki, əcnəbi kino olub. Heç ördəyə möhtəşəm demək olar?!

Televiziyaların birinin hər gün yayımlanan xəbərlər proqramının  xanım müxbiri yol hərəkəti barədə hazırladığı ”Xanım, yoxsa bəy?” adlı reportajında deyir: ”Cinsiyyətindən asılı olmayaraq heç kəs yol hərəkəti qaydalarını pozmalı deyil”. Bu məqamda cinsiyyət yox, cins(indən) sözü işlənilməlidir. Xüsusi olaraq hazırlanmış  telesüjetin adında da  bəy və xanım sözlərinin əvəzinə  kişi və qadın demək və yazmaq daha doğru olardı.

2019-cu ildə   meşələrdə bitən yaban meyvələrin əhali tərəfindən istifadə olunması barədə hökumət tərəfindən bir qərar verilmişdi, sonradan tez-tələsik də ləğv olundu. Həmin vaxt söhbətgedən qərarı sabiq deputatlardan biri   alqışlayaq demişdir ”... Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır?”  Yazı-pozu adamı sayılan sabiq deputat rusdilli  olduğundan vəhşi heyvanla  yabanı bitkini fərqləndirə bilməmişdir.

    Məlum səbəblərdən adını çəkmədiyim saytlardan birində dərc olunmuş sərlövhəyə diqqət edək: “ Kilolu xanımlar üçün dəbli geyimlər”. Beş cümlədən ibarət olan informasiya səpkili yazının iki cümləsində “kilolusu” və “kilolu” sözləri işlənilib.

  Bu günlərdə saytların bir çoxunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  simvolu (loqosu) altında “ Heyvan rifahının qida təhlükəsizliyində rolu” sərlövhəsi ilə bur yazı  dərc olunmuşdur. Məqalənin sonundakı qeyddən də aydın görünürdü ki, yazını adıçəkilən elmi mərkəzin əməkdaşları hazırlayıblar. İradımız rifah sözünün yerində işlədilməməsi ilə bağlıdır. Rifah ərəb sözü olub, xoş güzəran, firavanlıq mənalarını ifadə edir. Bu sözü yalnız insana aid etmək olar. Xalqın rifahı, insanların rifahı demək və yazmaq olar. Təəssüflər olsun ki. bu səpkili informasiya və məqalələri bir çox redaksiyalar nəinki redaktə edir, heç korrektə belə etmədən dərc edirlər. Hüquq-mühafizə orqanlarından göndərilmiş informasiyalara da eynilə yanaşılır. Bu informasiyalar da nöqtə-vergülünə toxunulmadan işıqlandırılır. 19 mart 2020-ci il tarixində bir çox saytlar “Şirvanda oğul atasını yumruqla qətlə yetirdi” sərlövhəsi ilə bir kriminal xəbər tirajlamışlar.    Yuxarıda dediyimiz kimi, informasiya eyni mənbədən yayılıb, saytlar da heç nəyə toxunmadan xəbəri dərc ediblər. Belə qənaətə gəlinir ki, informasiya səpkili yazının sərlövhəsi də hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərində qoyulub. Axı redaksiyanın ən kiçik informasiyanın üzərində redaktə aparmaq ixtiyarı vardır. Yumruqla qətlə yetirmək olmaz, yumruqla öldürmək olar. Qətl isti və soyuq silahla törədilir.

Mətbuatda  gündəlik  yer alan kriminal olay və avtoqəzalarla  bağlı informasiyalar bu və ya digər formada dil qüsurları ilə doludur. “Bakıda maşın piyadalara çırpıldı” – bu informasiya da bütün saytlarda eyni sərlövhə altında dərc olunub. Maşın daşa, divara, darvazaya və s. çırpılar, insanı isə vurar.

 Şifahi nitq və mətbuatda yayımyayın sözləri dolaşıq salınır.  Yayım sözü  yaymaq  feilindən  törəyib. Yaymaq feili səpələmək, dağıtmaq mənasını ifadə edir.Yayım sözünün leksik mənası yayım işi deməkdir. Televiziyanın da missiyası informasiya və bilgini hamıya yaymaq hər kəsə bildirməkdir.

Dilimizdə yayınmaq, yayındırmaq, yayınma  və s. sözlər də vardır. Televiziya verilişləri və internet portallarında  televiziya yayımı əvəzinə,  səhvən televiziya yayını ifadəsi işlənilir.

 

 Tanınmış şəxslərin dilindən  “səhhətimlə məşğulam” ifadəsini tez-tez eşidirik. Xəstələnmiş deputat, müğənni ,aktyor sağlamlığı ilə bağlı verilmiş sualın qarşılığında deyir: “ Hazırda xəstəxanadayam, sağlamlığımla məşğulam”.  Bu ifadə çox işlənildiyindən artıq kütləviləşib. Ancaq  unutmayaq ki, ictimaiyyətdə tanınan şəxslərin hər hansı, o cümlədən bu ifadəni işlətməsi hələ onun doğruluğunu təsdiqləmir.

 

 ƏCNƏBİ  SÖZƏ EHTİYAC YOXDURSA...

   
Kütləvi informasiya vasitələrində yol verilən nöqsanlardan biri də ehtiyac olmayan alınma sözlərin işlədilməsidir. Nümunələrə diqqət edək: “ Nazirlərin görüşü ərəfəsində Yerevan provakativ addımlar atır”, “...bütün rezerv qüvvələr geri çağırılır”, “....AŞPA-nın deleqasiyasının rəhbərliyinin  olduğu görünür”. “Çünki bizim məqsədimiz bu uşaqları cəmiyyətə adəptə etməkdir”. Göründüyü kimi, informasiyalar xarici mənbələrdən tərcümə olunub. Burada işlənilmiş  provakativ, rezerv , deleqasiya və adəptə ( “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə adaptasiya sözü daxil edilmişdir) sözlərinin dilimizdə qarşılığı vardır. Uzun illərdir dilimizdə təxribat, ehtiyat , nümayəndə(lik) və uyğunlaşmaq  sözləri işlənilir. Belə olan halda, əcnəbi sözlərə lüzum varmı?

Son illər mediada əcnəbi sözlərə meyl artıb. Bir çox sözlərin dilimizdə  qarşılığı  olduğu halda, heç bir ehtiyac olmadan əcnəbi sözlər  işlədilir. Buna ən çox meyl göstərən gənc nəslin nümayəndələridir. Bir çoxlarına elə gəlir ki,  əcnəbi sözləri işlətmək savad və dünyagörüşünün yüksəkliyindən xəbər verir. Məs. son illər master klas sözü mətbuatda özünə yer alıb. Azərbaycan dilində ustad dərsləri söz birləşməsi olduğu halda, master klasa  nə ehtiyac var. Güman edirik ki, bu  cür alınma sözləri  işlədənlər  əhatə dairəsindən  bir qədər fərqli görünmək niyyəti güdürlər. 

                          
YAZI SƏRLÖVHƏDƏN BAŞLAYIR

     

Həcmindən asılı olmayaq, hər bir yazı sərlövhədən başlayır. Sərlövhə özlüyündə hər hansı  kiçik bir  informasiya və irihəcmli məqalənin reklamı və “çağırışıdır”. Etiraf edək ki, oxucu çox vaxt sərlövhəyə nəzər yetirdikdən  sonra məqaləni oxumağa başlayır. Onu da səmimi qeyd edək ki, hazırlıqlı oxucu sərlövhəni  dil normativləri cəhətdən  saf-çürük edərək mətni qiymətləndirir. Əgər sərlövhə qüsurludursa, mətnin içərisində nədən bəhs olunması daha onu maraqlandırmır. Bugünkü mediamızda dərc olunan materialların sərlövhələri də nöqsansız  deyildir. Nümunələrə diqqət yetirək.: “Azərbaycanlı icra başçısı yenidən yenə həbs olundu”. Burada, sadəcə, yenidənyeni sözlərindən biri işlənilməli idi.  İnternet portallarında rastlaşdığımız ikinci bir nümunəyə baxaq: “İraq qana büründü”. Qana bürünmək olmaz, qana boyanmaq olar.

Daha bir nümunə:”Onu COVİD-19-a yoluxdurmasından qorxan kişi qayınanasını boğdu”. Oxucu, sərlövhədəki fikri öz məntiqi sayəsində anlayır, ancaq cümlənin strukturu qüsurludur.      


VERGÜL KİÇİK OLSA DA....
 

 
Dildə  kiçik heç nə yoxdur. Ən kiçik saydığımız nöqtə və vergül belə fikrin doğru, dürüst çatdırılmasına xidmət edir. Bir çox müstəqil qəzet və saytların əməkdaşlarının  durğu işarələrinin  işlənilməsi barədə adi təsəvvürləri belə yoxdur. Bu məqamda onlar barədə danışmaq niyyətində deyilik. Geniş  nüfuz dairəsinə malik olan və cəmiyyət tərəfindən qəbul edilən  bir çox saytlarda da  çoxsaylı vergül səhvlərinə rast gəlinir. Tələb olunan yerdə yox, ehtiyac olmayan yerdə vergül qoyulur. İlə qoşması və ilə bağlayıcısından sonra vergül qoyulmaz. İlə qoşma və bağlayıcı funksiyasında çıxış edəndə-hər iki halda birgəlik məzmunu yaradır. Məs. Bu  işdə səninlə tam şərikəm.(qoşma), Bakı ilə Gəncə Azərbaycanın qədim şəhərləridir(bağlayıcı).

Ən bağışlanılmaz hal  isə “və” bağlayıcısı  olan yerdə  vergülün qoyulmasıdır. Və bağlayıcısı ilə bağlayıcısının sinonimi olub, söz və cümlələri bir-birinə  birləşdirir. Məntiqlə birləşdirmə olan yerdə vergül ola bilməz. Vergülün  funksiyası söz, söz birləşməsi və cümlələri bir-birindən ayırmaqdır.

  Birmənalı olaraq mediada “məlumata görə” sözündən sonra vergül qoyulur.Məs.Məlumata görə hadisə axşam baş vermişdir. Bu cümlədə görə sözü qoşma olduğundan ondan sonra vergülə ehtiyac yoxdur.

“Görə” cümlədə bağlayıcı və ara söz funksiyasında çıxış edir. “Görə” qoşması yönlük halda işlənən sözlərə qoşulduqda səbəb-məqsəd məzmunu yaradır. Bu zaman görə sözündən sonra vergül qoyulmaz. Məs. El-oba camaatı atana görə sənə hörmət qoyurlar. ”Görə “  sözü fikrin mənbəyini bildirəndə ara söz (modal söz) olur, bu zaman ondan sonra vergül qoyulmalıdır. Məs. Deyilənə görə, bir zaman yer üzü su altında qalıb.

Sayt və bir çox çap mediasında  harada görə sözü varsa, ondan sonra  fərqinə varmadan vergül qoyulur. 


SÖZ SƏHV YAZILANDA... 


Bəzi sözlərin bitişik yazılmasında mübahisə olsa da, ancaq orfoqrafiya lüğətimizdə bitişik yazıldığı təsbit olunmuş sözlərin  yazılışına birmənalı şəkildə əməl olunmalıdır. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə bugünküadıçəkilən sözləri doğru olaraq bitişik yazılıb. Adıçəkilən sözü mətbuatda səhv olaraq ayrı yazılır. Adıçəkilən sözü  bir məfhumu ifadə edir və adətən, mübtəda və tamamlıqdan əvvəl işlənilir. Məs. adıçəkilən kitab və s.

Mətbuatımızda bugünkü sözü ilə yanaşı, bu gün sözü də səhvən bitişik yazılır. Bugünkü sözü bir vurğu ilə deyilir və bir  məfhum ifadə etdiyindən bitişik yazılmalıdır. Bu gün sözü  isə ayrı-ayrı vurğularla deyilir və iki müxtəlif məna (bu və gün) daşıdığından ayrı yazılmalıdır.

 Bir çox saytlarda əməkhaqqı sözü səhvən ayrı yazılır. Əslində, əməkhaqqı bir vurğu ilə deyilib və bir məfhum ifadə etdiyindən bitişik yazılmalıdır.

 Şayiə sözü səhvən şaiyə formasında yazılır. Bu səhv sözün deyilişdən (şaiyə) irəli gəlir.

 Mətbuatda tez-tez rast gəldiyimiz səhvlərdən biri də hüquqi terminlər söz birləşməsidir. Bu cür yazılış kökündən səhvdir. Hüquq terminləri yazılmalıdır. Təəssüflər olsun ki, bu səhvə  hüquq elminə aid xüsusi nəşrlərdə də yol verilir. Hüquqi əsas, hüquqi yardım yazılması doğrudur. Necə ki, dilçilik terminləri, kimya terminləri yazılır, eləcə də hüquq terminləri yazılmalıdır.

 Mətbuatda içüzü sözü səhvən ayrı yazılır. Nümunəyə baxaq: Bəzi adamların, təəssüf ki, iç üzü gec açılır. Əslində,  bu məqamda üz sözləri birləşərək məcazi məna kəsb edir. Orfoqrafiya lüğətimizdə  iç - üz yaxın və əksmənalı sözləri öz əksini tapıb. Məcazi mənada işlənilən içüzü sözünün də orfoqrafiyamızda yer alacağı şübhəsizdir.

 Bu günlərdə yazılarımın birində tar-mar sözünü işlətməli oldum. Uzun illər yaddaşımda oturuşmuş tar-mar sözünü defislə yazdım.Yazan məqamda  tar-mar sözündə dil normativlərinin açıq-aşkar pozulduğunun şahidi oldum. Tar-mar sözünün yazılışı defislə yazılan sözlərə dair müəyyənləşdirilmiş qaydalara əsla uyğun gəlmir.Tərkibində eyni sözün təkrarı, əksmənalı, yaxınmənalı olan sözlər və tərkibindəki sözlərdən biri və ya hər ikisi ayrılıqda heç bir məna ifadə etməyən sözlər defislə yazılır. Bu barədə nümunələrə baxaq: top-top, gülə-gülə (eyni sözün təkrarı):  söz-söhbət, yorğan-döşək (yaxınmənalı) ; isti-soyuq, dərə-təpə (əksmənalı); adda-budda; kələ-kötür(tərkibindəki sözlərdən biri və ya hər ikisi ayrılıqda heç bir məna verməyən).Tar-mar sözünün yazılışı bu qaydaların heç birinə uyğun deyildir.Tarmar bir vurğu ilə deyilir və bir məfhum ifadə edir.Tarmar sözü qarışmış, qarışıq, nizamsız, dolaşıq mənalarını ifadə edir.Tarmar etmək isə dağıtmaq, viranə qoymaq mənasındadır. Belə olduğu halda, tarmar sözü defislə yazıla bilməz. Tarmar sözünün doğru yazılışının “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin növbəti buraxılışında təsbit olunacağına əminəm. 

  
Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan dili heç vaxt indiki qədər rəsmi dövlət dili hüququna malik olmamışdır. Bu geniş səlahiyyəti dilimiz dövlət müstəqilliyimizin bərpası sayəsində əldə etmişdir. 

Azərbaycan dilinin min illərlə oturuşmuş,”daşlaşmış”, heç vaxtı pozulması mümkün olmayan qayda-qanunları  mövcuddur. Məhz bu toxunulmaz və dəyişilməz dil normativləri  sayəsində dilimiz öz varlığını bu günə kimi qoruyub saxlamışdır. Unutmayaq ki, Azərbaycan dili yalnız ünsiyyət və qarşılıqlı anlaşma vasitəsi deyil, o həm də böyük   Azərbaycan mədəniyyəti, elm, ədəbiyyat və incəsənətinin yaradıcısı və qoruyucusudur.

Kütləvi informasiya vasitələri dilimizin inkişafına təkan verdiyi kimi, həm də onun güzgüsüdür.

Azərbaycan ədəbi dili xalqımıza xidmət edən, onu birləşdirən canlı və qarşılıqlı anlaşma vasitəsi olduğundan hər bir azərbaycanlı da onun təəssübünü çəkməli, inkişafı, təmizliyi və şəffaflığının qayğısına qalmalıdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır