Modern.az

"Prezident Administrasiyasının əməkdaşı" və "icra başçısının müavini" yaxalanıb

"Prezident Administrasiyasının əməkdaşı" və "icra başçısının müavini" yaxalanıb

Təhsil

26 Yanvar 2010, 16:48

Milli Təhlükəsizlik Nazirliyi (MTN) özünü dövlət hakmiyyət strukturlarının vəzifəli əməkdaşı kimi qələmə verərək vətəndaşları aldadan şəxsləri ifşa edib. Modern.az xəbər verir ki, MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumata görə, Bakı şəhər sakinləri - 1954-cü il təvəllüdlü Hacıəli Hacıqulu oğlu Abbasov və 1963-cü il təvəllüdlü Mirzə Yusif oğlu Quliyev cinayət əlaqəsinə girərək, özlərini vəzifəli şəxs kimi təqdim edib dələduzluq yolu ilə özgəsinin külli miqdarda əmlakını ələ keçiriblər.

Məlum olub ki, Hacıəli Abbasov özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının təhsil məsələləri üzrə əməkdaşı, Mirzə Quliyev isə özünü Bakı şəhərinin rayonlarından birinin icra hakimiyyəti başçısının müavini kimi təqdim edərək, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan test imtahanlarının nəticələri üzrə keçid balı toplaya bilməmiş bir sıra abituriyentləri yalan vədlər verməklə aldadıblar.

Onlar abituriyentləri, guya Heydər əliyev Fondunun xətti ilə bəzi ali təhsil ocaqlarına qəbul etdirəcəklərini Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Mətləb Eldar oğlu Hüseynov vasitəsilə onun valideynlərinə vəd edib və onların külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.

H.Abbasovun tapşırığı ilə M.Quliyev həmin vətəndaşlardan birinə 10 min AZN müqabilində Dövlət İqtisad Universitetinə qəbul etdirəcəyini Mətləb Hüseynovun vasitəsilə vəd edib və bu işə razılaşacağı təqdirdə göstərilən pulu ondan hissə-hissə qəbul etməyə razı olduğunu bildirib. M.Hüseynov aldadıldığını başa düşərək, əlavə vaxt əldə etməklə Abbasovu və Quliyevi ifşa etmək məqsədilə onlara ilkin olaraq 2 min AZN məbləğində pul verməyi vəd edib və bunun üçün möhlət istəyib. Cinayətkarlar bu şərtlə və məbləğlə razılaşıb.

Bundan sonra M.Hüseynov Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək göstərilən hallar barədə məlumat verib və Abbasovla Quliyevin cinayət başında yaxalanması üçün köməklik göstərməyə hazır olduğunu bildirib.

2010-cu il yanvarın 18-də M.Hüseynov Bakı şəhərində fəaliyyət göstərən çay evlərindən birində M.Quliyevlə görüşərək, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul üçün 2 min AZN məbləğində pulu, hərbi xidmətə çağırış məntəqəsinə təhkim olunmaya dair sənədi və TQDK-nın abituriyent ödəmə kartını ona verib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayətkarlar yaxalanıb.

Fakt üzrə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respub­likası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) maddələri ilə cinayət işi başlanıb.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır