Modern.az

Ermənilərin Qarabağda tələyə saldığı qazaxıstanlı: “Yarama duz basırdılar!

Ermənilərin Qarabağda tələyə saldığı qazaxıstanlı: “Yarama duz basırdılar!

Ölkə

2 Dekabr 2020, 12:14

Bu hadisə Qazaxıstan vətəndaşı Baurjan Dostkaliyevin başına gəlib. 1991-ci ildə ermənilər onun dabanını kəsib, yarasına duz basmışdılar...


Baurjan Doskaliyevin //egemen.kz/article/256777-qap-tauyndaghy-tutqyn saytında dərc olunan 30 illik acı xatirələrini təqdim edirik.


Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda yenidən müharibə başlayan gündən, Azərbaycanın haqq savaşı uğrunda  televiziya və  xəbər saytlarında,  sosial şəbəkələrdə müxtəlif məlumatlar yayıldıqca, Baurjanın yuxusu da ərşə çəkilmişdi. Düz otuz il əvvəl başına gətirilən hadisələr, əzablar  yenə onu incitməyə başlamışdı.  Azərbaycan hərbçilərinin döyüş meydanındakı hər yeni zəfərini eşitdikcə, sevinirdi... Lakin  gördüklərini xatırladıqca, Qarabağ dərdi onu yandırırdı.


Baurjan Doskaliyev Uralsk vilayətinin Orda rayonunun Saraljın kəndində doğulub. 1990-cı ilin payızında Sovet Ordusu sıralarına çağrılır. İlk hərbi xidməti dövründə  4-5-ci sinifləri birlikdə oxuduğu  sinif yoldaşı ilə birlikdə Pyatiqorskda, Stavropol diyarında gənc əsgər kursunu bitirirlər. İki aydan sonra Baurjanı  Rostov-Dona göndərdilıər.   Boyu 180 sm, yaraşıqlı bir oğlan olan  Baurjan  45 gün təlimlərdə oldu. Bu təlimlər də onu daha da bərkidir. Keçirilən təlimlərdə çöl daşı kimi möhkəm, seçilmiş əsgərlərdən qaynar nöqtələrə, münaqişə zonalarına göndərilmək üçün bir hücum ordusu—desant qrupu  hazırlanır.  


1991-ci ilin soyuq bir fevral gecəsi. Həmin gecə desant qüvvələri  həyəcan siqnalı ilə yerlərindən dik atılıb helikopterlə Xankəndiyə endilər.  Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində bu şəhər o vaxtlar Stepanakert adlanırdı. 1986-cı ildən etibarən  Sovet İttifaqında aparılan yenidənqurma  “təbliğatı” nəticəsində Dağlıq Qarabağda yaşayan ermənilərin böyük əksəriyyətinin  “qondarma müstəqillik” ümidi və iştahası oyanmışdı. Beləliklə, eyni kənddən olan,  mal-heyvanatı bir yerdə otlayan,  birgə yaşayan iki xalq bir-birlərinə qatı düşmən kəsilmişdi. Xankəndiyə gələn desant qüvvələrinin  missiyası buralarda  sülhü təmin etmək, millətlərarası çaxnaşmanın qarşısının almaq, mülki şəxslərin qorunması idi. Şəhərdə  pasport rejimi,  komendat saatı  yaradılmışdı. Axşam saat 8-dən səhər saat 7-yə kimi çölə çıxmaq qadağan idi, uşaq oldu, qoca oldu fərqi yoxdur, xəbərdarlıq edilmədən vurulurdu. 


“Kazarma çatışmazılığı olduğundan bizi Stepanakertdəki  (indiki Xankəndi) Pedaqoji İnstitutunun əsas binasında yerləşdirdilər.  
Biz verilən təlimata uyğun olaraq Stepanakert (xankəndi), Mardakert (Ağdərə), Şuşa, Ağdam, Xocalının o başından bu başına kimi gəzirdik. Bu desant birləşməsinin içərisində  Qazaxıstanın Altay bölgəsindən olan yeganə mən idim.  Fürsət düşdükcə, Azərbaycanın Qazax rayonundan olan "qazaxlarla" tanış olub söhbət edirdim.  İpək Yolunun üzərində yerləşən Qazax rayonunun  əhalisinin üz cizgiləri bizə çox bənzəyirdi. Buradakı  qazaxlar da ulu babalarımız  kimi  qazax ənənələrini qoruyurdular.  Ümumiyyətlə, mən hər gün gözəl təbiətli Qarabağa aşıq olurdum. Burada hər növ meyvə yetişirdi.  Bizim Kökşetauya bənzəyirdi. Fikirləşirdim ki, bu gözəl yurdun uğrunda vuruşmağa dəyər.


Sovet Ordusunun bizə verdiyi  təlimata uyğun olaraq, biz yerli əhalini qoruyurduq. Gündüzlər azərbaycanlılar da, ermənilər də özlərini çox sakit aparırdılar.  Ancaq elə ki, günəş batırdı, qaranlıq düşürdü, bir də görürüdün ki, haradasa yenə güllə-boran səsləri gəlir. O zaman ermənilər tərəfində çox muzdlular var idi.  Silah-sursatları olmadığından, gecələr  postlara, buraxılış məntəqələrinə hücum edirdilər.


Mənim də mənsub olduğum hərbi hissənin üzvləri  sübhələndiyimiz kəndlərə və evlərə gedib, qəfil axtarışlar aparırdıq. Və mütləq biz həmin evlərdən silah-sursatları yığıb götürürdük.


Artıq 1991-ci ilin oktyabr ayı idi. Mən ayağımdakı ağır çəkmələri çox az hallarda çıxarırdım. Kənd-kənd, məhəllə-məhəllə evləri axtarırdım.  Artıq Qarabağda hərb sahəsində xeyli təcrübə toplamışdım.  Həmin payız günlərinin birində  Xankəndi şəhərinin  girişindəki yoxlama məntəqəsində 5 zabit və 2 növbətçi əsgər keşik çəkirdik.  Növbəli surətdə yatmağa dincəlməyə gedirdik.  Birdən qəfil səsə oyandım.  Yaxın dostum Aleksandr Nedopekindən başqa, bütün hərbçilər şirin yuxuda yatırdılar. Yuxudan ayılanda anladım ki, erməni silahlı birləşmələri hücum ediblər. Hücum yatdığımız yerdə olduğundan, biz özümüzü qoruya bilməmişdik.   Onlar bizi kiçik bir maşına doldurub, dağ dibindəki mağaraya apardılar. Bütün silahlarımızı  götürmüşdülər. Mən və daha bir əsgər qaçmaq istədik. Bir saqqallı erməni mənim dabanımı  kəsib, yarama duz basdı. Və  dedi:  “Sən, qazaxsan, müsəlmansan!  Azərbaycanlılara kömək etməyə gəldin, hə?! Al, sənə!". Bu azmış kimi bir neçə nəfər üstümə düşüb təpiklə huşumu itirənə qədər məni döydülər”.


Baurjan deyir ki, ona kitablarda oxuduğu və hətta heç yerdə yazılmayan işgəncələri verirdilər:


“Barmağımı sındırdılar,  o qədər döymüşdülər ki, qabırğalarım qırıq-qırıq olmuşdu. Zülmün həddi-hüdudu yox idi.  Əlimi –ayağımı qandallayıb “Sən müsəlmansan”- deyib, arağı məcbur boğazıma tökürdülər.  Onların bu cəhənnəm əzabı düz bir həftə davam etdi. Sonra  bizim hərbi hissənin  zabitləri yerimizi öyrənib,  gəlib bizi  erməni quldurlarının əlindən xilas etdilər. Mənimlə olan 9 nəfərdən 7 nəfərini bu dağların gizlin yerində artıq öldürmüşdülər, hərbçilər gəlməzdən bir az əvvəl isə Aleksandrı-Saşanı da güllələdilər.


Məni Stepanakertdəki hərbi xəstəxanaya yerləşdirdilər. Bir gün eşitdim ki,  Qazaxıstandan olan iki nəfər - general-mayor Orinali Boranbayev və "Xalık Kenesi" qəzetinin müxbiri Polad Onqarbay məni axtarırlar. General Boranbayev  1991-ci ilin oktyabrında Qazaxıstan Respublikasının Prezidenti Nazarbayevin sərəncamı ilə Dağlıq Qarabağ Muxtar Bölgəsində millətlərarası sülhün bərpası ilə əlaqədar Qazaxıstandan göndərilən nəzarət qrupunun üzvü idi.  Mən onları görəndə inandım ki, Allah məni tək qoymadı.  Həmvətənlərini- məni ölümdən xilas etdilər. Lakin generalla birlikdə gələn  jurnalist Polad Onqarbaya həqiqəti danışmağa qorxdum.  Çünki hərbi hissədə məndən bu hadisəni 10 il ərzində  heç kimə danışmayacağım barədə iltizam almışdılar.  Nəzarət məntəqəsinə hücum və əsgər ölümləri barədə danışmaq olmazdı”.


Baurjanı Xankəndindən Bakıdakı xəstəxanaya köçürürlər.  Burada azərbaycanlı tibb petsonalı Baurjanın başına gətirilənlərin bir qismini biləndə, başına pərvanə kimi dolanır, və az qala onu milli qəhrəman səviyyəsində dəyərləndirirlər.  İki aydan sonra komissiya Baurjanın Almatıya qayıtmasına icazə verir. Qarabağdakı ermənilərdən ona qalan II qrup əlil kitabçası və qoltuq ağacları olur.


Rusiya Ordusunun  ondan aldığı iltizamın müddəti 10 ildən sonra bitir.  Bundan onra Baurjan Qarabağda hərbi xidmət keçməsi barədə sənədlərinin əslini almaq üçün  Rusiyanın və Qazaxıstanın  Müdafiə nazirliklərinə müraciət edir, hərbi xidmətdə olması barədə sənədləri istəyir. Çünki ona verilən əsgəri xidmət haqqındakı Hərbi biletdə qaynar nöqtədə qulluq etməsi, yaralanması, əlil olması barədə heç bir qeyd yox idi. Hansı səbəbdənsə onun hərbi hissədə çəkdirdiyi şəkilləri də yox etmişdilər. Onun Rusiyanın arxivlərinə, Podolsk arxivinə, Stavropol, Pyatiqorsk şəhər hərbi komendantlığına etdiyi müraciətlərin də heç bir nəticəsi olmur. Bütün gələn cavablar eyni idi: “Tələb etdiyiniz sənədlər tapılmadı”.


Bütün bunlar da bir nəticə verməyəndə Baurjan Doskaliyev 2002-ci ildə Almatıda general-mayor Orinali Boronbayevi və jurnalist Polad Onqarbayı axtarıb tapır. 1991-ci ilin şahidləri onu tanıyır və xıtırlayırlar. Baurjan həmin illərdə onu  Bakıda tək qoymadıqları üçün həmyerlilərinə təşəkkür edir.  Hətta başına gələnlər barədə elə həmin il “Xabar”  televiziyasına və Qazaxıstan radiosuna müsahibə verir. Verdiyi müsahibələr yayımlanmır. Baurjanın danışdığı hadisələr kimsəni maraqlandırmır. Çünki onun danışdıqlarına inanmaq istəmirlər.


30 ildir ki, Baurjan Doskaliyev bu ağrı-acını beynində və canında gəzdirir. Ötən illər ərzində o öz vətənində “Qazilər birliyi” yaratmaq istəyib. Artıq bu il ölkədə “Qazilər haqqında qanun” qəbul olunub.  Bu fürsətdən istifadə edən Baurjan  indi “Qarabağ qaziləri” adlı qeyri-hökumət təşkilatını qeydiyyata aldırmağa hazırlaşır.


Ermənilərin Baurjanın  taleyinə, bədəninə vurduğu zərər və başına gətirdikləri işgəncələrə görə  o hazırda II qrup əlildir. Ayda 60 min tenge  (240 manat) təqaüd alır. Çox gəzəndə ayaqları ağrayır. Beynindən aldığı zədələr, silkələnmələr nəticəsində isə yaddaşı zəifdir. 2004-cü ildən əlil kimi ev növbəsi gözləyir. Deyirlər ki, bəlkə bu il ona da mənzil verdilər. Bir də ki, o qədər çalışıb-vuruşub, qapılar döyüb ki, onun halal haqqı olan veteran kitabçasını əldə edə bilib.

Çox yerdə onun hərbi hissədə başına gələnlərə, xidmətdə olmasına şübhə ilə yanaşsalar da,  bir neçə hərbi yönümlü təşkilat onu öz sıralarına üzv yazıb. Üzvü olduğu təşkilatlardan "Qafqazda döyüş əməliyyatları veteranı", "Sovet qoşunlarının Əfqanıstandan çıxmasından 30 il" medalı ilə təltif edilib.  Evlidir, bir qızı var. Bu yaxınlarda qızına toy edəcək.


Bəli, 30 il onun üçün çox ağır keçib.  Baurjan Qarabağda keçirdiyi  heç bir gününu və heç bir anı  unutmayıb, unutmayacaq da. Çünki onun bədənin bütün əzalarında  erməni cəlladlarının izi var.  Ermənilərin özlərinin başladıqları  silahlı qarşıdurmanın və qanlı müharibənin əzabını  Baurjan hər gün yaşayır.


Baurjan deyir ki,  heç bir müharibə  və qan tökülməsi, ağlayan ana və körpə uşaqların göz yaşına  yaşlarına dəyməz!  Yolu uzaq Qazaxıstanda oturaraq  könlünə yaxın  Qarabağda sülhün əldə olunmasına görə çox sevinir. Deyir ki, təki sülh olsun, əmin-amanlıq olsun!


“Егемен Қазақстан” qəzeti.

Tərcümə etdi: Ülkər Əfəndiyeva

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?