Modern.az

Vətən Müharibəsinin həkimi: “Yaralı komandir dedi ki, birinci məni yox, əsgərləri sağalt!”

Vətən Müharibəsinin həkimi: “Yaralı komandir dedi ki, birinci məni yox, əsgərləri sağalt!”

Reportaj

2 Dekabr 2020, 13:27

Vətən Müharibəsinin qəhrəmanlarını tanıtmaqda davam edirik.

Modern.az-ın növbəti qəhrəmanı həkim İntiqam Məmmədovdur.

Şəki Mərkəzi Rayon Xəstəxanasının Əməliyyat bölməsinin müdiri işləyən İntiqam Məmmədov Vətən Müharibəsində fədakarlıq göstərən həkimlərimizdəndir:


“Beynimdə yaralıları həyata qaytarmağı düşünürdüm”

“Müharibə başlayandan sonra hərbi hospitala yollandım. Oktyabr ayı idi. Naftalanda yerləşən hospitala yaralıları gətirirdilər. Əslində hərbçiləri müalicə etmək ilk işim deyildi. 1990-cı illərdə ali təhsilimi başa vurduqdan sonra - 1997-2001-ci illərdə   cəbhə bölgəsində hərbi həkim kimi fəaliyyət göstərmişəm. İkinci Qarabağ müharibəsi başlayanda könüllü getdim. Bir həkim kimi onlarla yaralı hərbçinin həyata qaytarılması və sağlamlığına qovuşması üçün əlimdən nə gəlirdisə, hamısı etdim. Yaralı əsgərlər hospitala gəlincə, beynimdə onları sağaldıb yenidən həyata qaytarmağı düşünürdüm”.


Həkim deyir ki, yaralı əsgərlərin arasında igid oğulları gördükcə, daha da güclü olurmuş:

“Yaralı əsgərlərdə qorxu hissi yox idi. Torpaqlar uğrunda savaşa gözləri yumulu gedirdilər. Yaralı gətirirdilər. Deyirdi ki “tez yaramı sarıyın. Döyüş yoldaşlarımın yanına qayıtmalıyam. Onlar tək qalıb. Kömək lazımdır”.
Heç bir əsgər xəstəxanada yatmaq istəmirdi. Döyüş ruhları çox yüksək idi. Növbəti yaralılar gətiriləndə bir komandir də yaralanmışdı. Onu dərhal müalicəyə götürəndə etiraz etdi. Əsgər heyəti də yaralanmışdı. Komandir dedi ki, “məni yox, birinci əsgərləri sağaldın. Onlara baxın. Sonra mənə baxarsız”. Biz bu müharibədə bu cür oğullar gördük. Komandir əsgərlərini o dərəcədə sevirdi ki, özünü ikinci plana atmışdı. Əsas onları düşünürdü. Bir yaralı əsgər də vardı. Yarasını sarıyırdıq. Birdən qışqırdı ki “əsgər yoldaşım döyüşdə qalıb. Ona kömək edə bilmədim. Atasına söz vermişəm ki, axıra qədər vuruşacam. Tez sarıyın mən gedirəm”.
Bu cür cəsarətin, vətənpərvərliyin qarşısında biz də aciz idik. Bir söz deyə bilmirdik. Ancaq bu müharibədə biz fərqli gələcəyin şahidi olduq. Ötən 30 ilə yaxın müddətdə bizim əməyimiz boşuna getməyib. Vətənpərvər oğullarımız böyüyüb”.


“Bakıda təlimdə olduğumu dedim”

Vətən Müharibəsində arxa cəbhədə savaşan həkimimiz ailəsindən xüsusi dəstək aldığını deyir:

“Ailəm də məni dəstəklədi. Onlar da mənim kimi düşünürdü. Əgər bir yaralıya şəfa verirdimsə, bu, ailəmi də sevindirirdi. Yaralılarımız arasında bir nəfər şəhid oldu. Əsgərin şəhid olmasına çox üzüldüm. Axırıncı gələnlərdən idi. Ağır vəziyyətdə idi. Mənim ad günüm müharibə vaxtına düşdü. Ailəm və doğmalarım ilə qeyd edə bilməsəm də, bu məni narahat etmədi. Sadəcə, övladlarım narahat olmasın deyə onlara Bakıda təlimdə olduğumu demişdim”.


Yaralıları müalicə edən həkim koronavirusa yoluxur

Müharibə bitən ərəfədə İntiqam Məmmədov ağır xəstələnir:

“Müharibə dövründə bir məqsədim vardı. Yaralı  hərbiçilərin şəfa tapması mənim üçün çox önəmli idi. Amma müharibə bitən günü özümü pis hiss etməyə başladım. Sonrakı müayinələrdə koronavirusa yoluxduğum aşkarlandı. Vəziyyətim xeyli ağırlaşsa da, Allaha şükür ki, müalicəm müsbət nəticə verdi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?