Modern.az

Mehdi Səlimzadə: “Yaxın müddətdə 1718 bələdiyyənin sədri seçiləcək”

Mehdi Səlimzadə: “Yaxın müddətdə 1718 bələdiyyənin sədri seçiləcək”

26 Yanvar 2010, 17:46

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadənin Modern.az-a müsahibəsi - Mehdi müəllim, bələdiyyələrin birləşməsindən və axırıncı bələdiyyə seçkisindən sonra yerli özünü idarəetmə orqanlarının sayı neçədir?

- Bildiyiniz kimi, ötən il ölkəmizdə bələdiyyələrin fəaliyyətini inkişaf etdirmək üçün  müəyyən təhlillər aparıldı, məlum oldu ki, bələdiyyələrin inkişafına maneçilik törədən bir çox faktorlar var və onların aradan götürülməsi zəruridir. Həmin vaxta qədər ölkəmizdə bələdiyyələrin sayı 2753 idi. Bizim özümüzün apardığımız təhlillər, bələdiyyələrlə qurduğumuz işlər nəticəsində məlum oldu ki, ölkəmizdə xeyli sayda bələdiyyə  fəaliyyətsizdir və yaxud da zəif işləyir. Məhz bunların aradan qaldırılması, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, onların inkişafına təkan verilməsi üçün bir neçə üsullar var idi ki, sonda da həmin yollardan istifadə edilməsinə qərar verildi. İnkişaf etmiş dövlətlərin bələdiyyəçilik sahəsində əldə etdiyi təcrübə də göstərir ki, işləməyən bələdiyyələri birləşdirmə, ləğvetmə və yenidən yaratma yoluyla problemlərdən qurtarmaq mümkündür. Bir sözlə, keçən il ölkəmizdə də belə bir prosesə başlandı. Bu yöndə Milli Məclis hətta ayrıca bir qanun qəbul etdi və ondan sonra Nazirlər Kabineti də bələdiyyələrin birləşməsi, onların mülkiyyəti, əmlakının müəyyənləşdirilməsi, təhvil-təslim edilməsi qaydalarını işləyib hazırladı. Beləliklə, ötən il ölkəmizdə 2753 bələdiyyədən 1567-si birləşdirildi. Birləşmə nəticəsində 574 yeni bələdiyyə yarandı. 23 dekabr 2009-cu il tarixdə ölkə üzrə 1718 bələdiyyə üzrə seçkilər keçirildi. Yəni, bu günə ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir...

- Bəs, həmin bələdiyyələrə son seçkilər zamanı seçilən üzvlərin sayı nə qədərdir?

- Son seçkilər zamanı həmin bələdiyyələrə seçilən bələdiyyə üzvlərinin sayı 15591 nəfər təşkil edir.

- Yeri gəlmişkən, seçkilər zamanı bəzi bələdiyyələrdə seçkilərin nəticələri də ləğv olundu...

- Bəli, seçki zamanı harada nöqsanlara yol verilmişdi, məhz orada seçkilərin nəticələri ləğv olundu. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən 1718 bələdiyyədən 1709-da seçkilər baş tutmuş sayıldı. Bu gün artıq həmin bələdiyyələr fəaliyyətə başlamaq ərəfəsindədirlər. 9 bələdiyyədə seçkinin nəticəsi ləğv olundu, yalnız onlar formalaşdırılmamış qalır. Çox güman ki, onlar da təkrar seçkilərdən sonra formalaşdırılacaq, fəaliyyətə başlayacaqlar. Onu da qeyd edim ki, Mərkəzi Seçki Komissiyası tərəfindən yeni seçilən bələdiyyə üzvlərinə vəsiqələr paylanılmaqdadır. Bu yaxın müddətdə bələdiyyə sədrlərinin seçimi məsələsi də həyata keçiriləcək. Yəni, bələdiyyə üzvləri toplaşıb, öz sədlərini seçəcəklər. Bununla yanaşı, onlar digər təşkilati işləri həyata keçirməlidirlər.

- Yaxın zamanlarda parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi də dinləniləcək. Odur ki, ötən dövr ərzində bələdiyyələrlə bağlı hansı nöqsanlar müəyyənləşdirilib, bu nöqsanların aradan qaldırılması üçün hansı addımlar atılıb?

- Bir məsələni nəzərinizə çatdırım ki, keçən ilki təhlillər, aparılan araşdırmalar göstərdi ki, bələdiyyələrin inkişafında xeyli irəliləyişlər var. Məsələn, bələdiyyələr qanunvericiliyə uyğun fəaliyyətlərin qurulması istiqamətində xeyli təcrübə əldə ediblər. Eyni zamanda, bizə 2008-ci ildə 2753 bələdiyyədən 15600 bələdiyyə aktı daxil olmuşdu. 2009-cu ildə isə bizə daxil olan bələdiyyə aktlarının sayı 20 minə yaxın oldu. Həmçinin 15600 bələdiyyə aktından 600-dən çoxunu ləğvə yazmışdıq. Amma 20 min bələdiyyə aktından cəmi 300-nü ləğvə yazdıq. Bu o deməkdir ki, artıq bələdiyyələr müəyyən təcrübə əldə ediblər. Bu, çox böyük irəliləyişdir. Amma bununla yanaşı, bəzi bələdiyyələrdə vəzifəli şəxslər, məsul işçilər tərəfindən hüquq pozuntularına, qanunsuzluqlara yol verildiyi də aşkarlandı...

- Bunlardan nə qədəri ilə bağlı tədbirlər görülməsi üçün hüquq-mühafizə, prokurorluq orqanlarına müraciətlər olunub?

- Biz bu məsələni hazırladığımız hesabata daxil etmişik və həmin hesabat da yəqin ki, yaxın günlərdə Milli Məclisə təqdim olunacaq. Sadəcə onu deyə bilərəm ki, ötən il təxminən 20-dən çox bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olundu və onlar prokurorluq orqanlarına göndərildi. Onlar tərəfindən də cinayət işi açıldı, həmçinin məhkəmə hökmü ilə müvafiq qaydada məsuliyyətə cəlb olundular...

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı