Modern.az

“Fransa ermənilərin yerinə ağlayır” - MÜSAHİBƏ

“Fransa ermənilərin yerinə ağlayır” - MÜSAHİBƏ

3 Dekabr 2020, 11:43

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a müsahibə verib.


- Tahir müəllim, son 4 ayda Azərbaycanın ictimai-siyasi həyatında köklü dəyişiklik oldu. Azərbaycan Vətən Müharibəsindən qələbə ilə ayrıldı. Vətən Müharibəsi ilə bağlı fikirləriniz necədir?

- Müharibənin aparılmasının əsas səbəbi torpaqlarımızı azad etmək idi. Bütün müharibələr torpaq üstündə gedir. Xalqımız üçün torpaq müqəddəsdir. Çünki biz bu torpaqları əkib-becərmişik. Oradan özümüz üçün naz-nemət qazanmışıq. Amma təəssüf ki, bu torpaqlar müəyyən səbəblərdən əldən getdi. İlk səbəbi dövrün dəyişməsi ilə bağlıdır. Əgər o zaman Sovet rəhbərliyində Qorbaçov yox, ulu öndərimiz kimi bir insan olsaydı, bu qədər qırğınlar olmazdı. O dövr bütün Sovet ölkələri üçün çətin keçmişdi. Bizim səriştəli, qabiliyyətli bir rəhbərimizin olmaması torpaqlarımızın əldən getməsinə zəmin yaratdı. Ermənilər işğalı gerçəkləşdirdilər.

Bəzilərinə elə gəlirdi ki, torpaqları qaytarmaq asan olacaq. Məsələn, o vaxt Xalq Cəbhəsi, Əbülfəz Elçibəy deyirdi ki, torpaqları bir ildən sonra alacağıq. Amma bilmirdilər ki, verilən torpaq çətin geri qaytarılır. Nəticələrini də biz gördük. Bir milyondan artıq məcburi köçkün oldu, fəlakətlər yaşandı. Minlərlə insan qırıldı, şikəst oldu. Şükürlər olsun ki, sonradan yaxşı strateji plan hazırlandı. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uzunmüddətli siyasi gedişlər oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa elədi. Bu tarixi, analoqu olmayan qələbədir. Hər kəsə bu yuxu kimi gəlir. Dağıdılan, məhv olunan ərazilər erməni kimi azğın və həyasız bir düşməndən 44 gündə azad olundu. Bu plan uzun illərdir hazırlanırdı. Cənab prezident hələ 7-8 il əvvəldən bu haqda danışır, torpaqlarımızı azad edəcəyimizi deyirdi. Aprel döyüşlərində müəyyən uğurlar qazandıqdan sonra inamımız artdı. Beynəlxalq aləmdə bunun nəticəsi göründü. İllərdir ölkəmizdə keçirilən beynəlxalq yarışlar ilə dünyanı Azərbaycana çəkirdik.

Azərbaycan xalqının nəyə qadir olduğunu gördük. Qoşulmama Hərəkatına üzv ölkələr də də məsələnin BMT-nin qəbul etdiyi 4 qətnamə əsasında həll olunması haqda bəyanat yaydılar. Qoşulmama Hərəkatının sədri kimi cənab İlham Əliyev öz sözünü dedi. Əgər bizim siyasi gücümüz olmasaydı, belə hərbi uğurları əldə edə bilməzdik. İsrailin bizə köməyi unudulmazdır. Eləcə də qardaş Türkiyə və Pakistan dövlətləri böyük dəstək göstərdilər. Yeridilən siyasətin nəticəsində Azərbaycan Ordusu daha geniş miqyasda uğurlar qazandı. Cənab prezident çıxışlarında dünyanın bütün ədalətsizliklərini açıq şəkildə dedi.


- Qələbənin mərkəzində Azərbaycan əsgəri dayanır. Çünki müasir dövr üçün yeni bir obraz oldu. Artıq bütün dünyada əsgərimizin qəhrəmanlığından danışılır. Halbuki siz də etiraf edərsiniz ki, yaşlı nəsil gənclərə, onların Qarabağı ala biləcəyinə  inanmırdı...

- Mən hər zaman gənclərimizə inanmışam. Azərbaycan xalqı qonaqpərvər olduğu kimi, ona xəyanət edənə də amansızdır. Ermənilərə də biz vaxtilə qucaq açdıq. İnsanları dininə, irqinə, rənginə görə ayırmıram, Allah yaradıbsa, o insan yaşamalıdır. Xəyanətdə ermənilər yox, onlara bu ideyanı aşılayanlar günahkardır.

Şahnazarov tanınmış erməni rejissordur. Amma bütün müsahibələrində o dedi ki, Qarabağ Azərbaycanın torpaqlarıdır. Şovinizm, qərəz və kin heç bir milləti xoşbəxt eləməyib. Onların dövlətləri faşizmi təbliğ edir, deməli balaları da sonradan bunu təbliğ edəcəklər. Bilirsiniz, onların keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə sakit, rahatca yaşayır. Azərbaycanda 30 minə yaxın erməni var. Onlar elə bilirdi ki, bir-iki günlük müharibədən sonra hansısa ölkə bunları müdafiə edəcək. Ancaq cənab prezidentin siyasəti nəticəsində bunların qarşısı alındı. Sonradan qəbul etdilər ki, onlar uduzacaqlar. Rəhbərləri ağıllı olsaydı, xalqını boşuna qırmazdı. Ağılı insanlar bilirdi ki, qarabağ Azərbaycan torpağıdır və orada qanunsuz yaşamaq istəmirdi.

İndi bizim ərazilərimiz yararsız haldadır. Orada sadəcə onların postları var. Rəhbərlikləri atəşkəs dövründə şəhərlərimizi bombalatdı. Ermənistanda dövlət idarə olunmur. Onları havadarları idarə edir. Fransa ermənilərin yerinə ağlayır. Bizim xalq ürəyiyumşaqdır. Hətta əsgərlərimiz ermənilərə Qarabağdan köçməkdə kömək edirdi.
Kəlbəcərdə, Ağdamda heç kimə toxunmadıq, köçüb getmələrinə şərait yaratdıq. Bu bizim əxlaqımızın göstəricisidir. Erməni xalqı bədbəxt, xəstə xalqdır. Tiqran güya bunların çarı olub. “Xəzərdən Xəzərə” Tiqranın “layihəsi”dir. Bunlar ilk dövləti b.e əvvəl 105-ci ildə Suriyada yaradıblar. Suriya hökmdarının iki erməni sərkərdəsi olub, o öldükdən sonra xəyanət edib yerinə keçiblər. Bu gün onlar bütün dünyaya biabır olublar. Təəssüf ki, erməni təcavüzünə və şovinizminə yetəri qədər dəyər verilmir.

Rusiya ictimaiyyətinin yarısından çoxu erməninin gerçək üzünü gördü. Mitinqlərdə ruslar üçün təhqiramiz sözlər işlətdilər. Hər kəs bilməlidir ki, bunlar faşistlərdən də betərdir. Bir haşiyə çıxım. Bir neçə il əvvəl Fazil Mustafa, Azər Badamov, mən bir Afrika ölkəsinə gedərkən bizə orada adamyeyənlərin olduğunu dedilər. Biletimizi qaytarmaq istədik. Bütün gecə yol getdik. Oraya çatanda dedik ki, hər halda cənnətə gəlmişik. Zəncilər necə gözəl şəhər saxlayırlarmış. Dünyanın ən mədəni insanlarıdır. O zaman bir daha anladım ki, insan insandır. İnsan insana hörmət eləməlidir. Zəncilərin heç  vaxt saat beşdən sonra bayıra çıxmağa hüququ olmayıb. Çıxanlar o saat güllələnirdi. Üç min metr dərinliyindən qızıl çıxaracaq texnologiyalara malikidilər və bunların itməməsi üçün yəhudilərə, ingilislərə orda şərait yaradıblar. Siz bu qara insana da baxın, erməniyə də baxın.

Erməni baş nazirin arvadı silahlarla poza verirdi. Siz bunların məsləkinə, əqidəsinə, düşüncəsinə fikir verin. Ermənilər tərbiyə görməyiblər, həmişə onun bunun kölgəsində qalıblar. Amma işlədikləri evə həmişə xəyanət ediblər.


- Tahir müəllim, işğaldan azad edilmiş ərazilərin qanunvericilik bazası mütləq hazırlanacaq. Güman ki, Milli Məclis qanun layihələri işləyəcək. Aqrar komitənin sədri kimi, bu barədə nə düşünürsünüz?

- 600 min hektardan artıq yararlı torpaq sahəsi var. Əkilməyən torpaq sözsüz ki, ölür. Düşünün, əgər Azərbaycan həmin torpaqları əkib-becərsəydi, iqtisadiyyatımıza çox faydası olardı. O ərazilərdə yaxşı meyvə ağacları, fermalar var idi. Füzuli rayonu respublikada üzümçülük və pambıqçılıqda tanınırdı. Qubadlı və Kəlbəcər heyvandarlıq ilə məşhurdur. Digər yerlər tütünçülük, mineral sularla tanınır. Kəlbəcərin istisuyu hər şeyə dəyər idi. Bir stəkan içmək insana bəs edirdi. Bu sahələr üçün torpaqlarımız əlverişlidir.

Kənd Təsərrüfatı Nazirliyinin layihəsi var. Cənab prezident də deyib ki, bu sahələr çiçəklənəcək. Turizm üçün Şuşa dünyanın ən yaxşı zonalarından biridir. Sovet dövründə xarici ölkələrdən Şuşaya gəlirdilər. Qarabağımızın havası harda var ki? Ağdamda 18-ə yaxın şərab zavodu var idi. Ağdam çaxırı Sovetlər İttifaqında çox məşhur idi. Azad edilmiş yerlər yüksək potensiala malik kənd təsərrüfatı rayonlarımızdır. Proqramlar işlənməlidir.

Rayonlarımızın azad edilməsi təkcə aqrar yox, bütün sahələrə təkan verəcək. İşsizlik azalacaq,  rayon sakinləri evlərinə qayıdacaq. Bakının yükü azalacaq. Dövlətin yükü də azalacaq. Çünki məcburi köçkünlərin işıq, qaz kimi kommunal ehtiyacları dövlətimizin boynunda idi. Sakinlər qayıtdıqdan sonra təsərrüfatla, maldarlıqla məşğul olacaqlar. Bir çox iş yerləri açılacaq və istehsal olunan məhsullar bizə yarar verəcək. Bu böyük inqılabdır. Bunların hamısı qanunlar çərçivəsində həyata keçiriləcək.

Bu gün hələ də ermənilərə dəstək verən qüvvələr var. Vətəndaş və bir millət vəkili kimi təəssüf edirəm ki, dünya nə haldadır. Həmişə demokratiyadan, ədalətdən dəm vuran Fransa bu cür addımlar atır. Çox təəssüf edirəm ki, Fransaya Makron kimi biri rəhbərlik edir. Senatın qəbul etdiyi qətnamə Makronun əvvəlki çıxışlarından qaynaqlanır. Əgər onların dövlət orqanları hüquqa əsaslandıqlarını desəydilər, bəlkə də bu təklifə ancaq 10 deputat razı olardı. Bu, böyük rüsvayçılıq oldu, Fransanın imicinə  zərbə vurdu. Onlar ATƏT-in həmsədr ölkəsi kimi obyektiv mövqe tutmalı idilər. Ermənilər ilə fransızları ortaq xüsusiyyətlər birləşdirir: təcavüz, müstəmləkəçilik və insanları istismar etmək. Onlar dünyanın 150-dən çox ölkəsini müstəmləkə altında saxlayıb. Elə bir qitə yoxdur ki, Fransa orada müstəmləkə qurmasın, insanları qətlə yetirməsin. Bir gündə 4 min 700-dən artıq yəhudidən ancaq 32-si sağ qalıb. Belə çirkli tarixi olan dövlət demokratiyadan danışır. Siyasi əxlaqsızlıq budur.


- Bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib. Bəs sizcə, Türkiyənin sülhməramlı qüvvələri nə vaxt gələcək?

- Onların yaxın zamanda gələcəyi gözlənilir. Nəzarət mərkəzində hələ ki monitorinqlər aparılmır. Bu Ermənistana qıcıq verdi. Rusiyanın təşəbbüsü alqışlanmalıdır. Əgər onlar ərazidə olmasaydı, ermənilər təxribatlar törədə bilərdi. Amma indi ortada bəyanat var, sərhədlər var. Digər tərəfdən o xəyanətkarlar balaca bir şey olan kimi dünyaya hay-küy salıb bizi günahlandıracaqdı. Ermənistan Rusiyaya da xəyanət etdi.

Türkiyə Müdafiə Nazirliyi 1 illik monitorinqdə olacaqları haqqında bəyanat verib. Bu müddəti uzadmaq iradəsi isə Azərbaycan Respublikasındadır. Həmçinin, əgər beş ildən sonra Rusiyanın fəaliyyətində boşluqlar olarsa, müəyyən beynəlxalq təşkilatlara müraciət edə bilərik. Həqiqət budur ki, hazırda biz güclüyük. Amma yenə də Rusiya kimi bir dövlətlə baş-başa gəlmək olmaz. Agressiv hərəkətlər etməkdən çəkinməliyik. Faktlar qoyuldu, gedişlər edildi və nəticədə Gürcüstan, İran kimi ölkələr də bizim haqlı olduğumuzu anladılar.


- Vətən Müharibəsində gördük ki, bəzi Türkdilli dövlətlər açıq şəkildə Azərbaycana dəstək vermədilər. Bunu necə qiymətləndirirsiniz?

Qazaxıstan ərazi bütövlüyümüzü tanımaqla dəstək verib. Nursultan Nazarbayev bizim xeyrimizə siyasi  gedişlər edib. Onlar ciddi müdaxilə edə, qəti fikirlər deyə bilməzlər. Türkmənistan neytral qalıb. Özbəkistan da ərazi bütövlüyümüzü tanıyır. Hazırda xristian aləmini qorxudan Türkiyənin inkişafıdır. Hərbi potensialına görə dünyanın üçüncü ölkəsidir. Buna görə də Fransa kimi ölkələr insanlar arasında İslama qarşı təbliğat aparılır.

 

Namidə Bingöl

Fidan ƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir