Modern.az

İsti kabinetini soyuq səngərə dəyişən kapitan - Ədliyyə zabitinin şəhidlik YOLU

İsti kabinetini soyuq səngərə dəyişən kapitan - Ədliyyə zabitinin şəhidlik YOLU

Reportaj

7 Dekabr 2020, 09:00

44 günlük Vətən Müharibəsində 2783 şəhid verdik... Onların şücaəti, vətənpərvərliyi, fədakarlığı dillərə dastan olub... 2783 şəhid öz qanı ilə şərəfli tarix yazdı. Kimisi könüllü idi, kimisi həqiqi hərbi xidmətçi... Aralarında həm zabitlər var, həm də sıravilər...

Onlar öz övladlarını, həyat yoldaşlarını, valideynlərini uğrunda canlarından keçdikləri bu Vətənə əmanət etdilər... Döyüşlərdə hər kəndi düşməndən geri alıb bayrağımızı ucaldanda bizə dünyaları verdilər, məğlub xalq töhmətindən xilas olduq.. 

Modern.az-ın haqqında bəhs etdiyi kapitan Ruhin Müzəffər oğlu Xəlilov da onlardan biridir...

İndi bu ad-soyad çoxlarına tanışdır... Rahat işini, isti kabinetini soyuq səngərə dəyişən könüllü vətən fədaisi...

1987-ci ilin 13 martında Cəbrayıl rayonunun Məzrə kəndində doğulmuşdu Ruhin Xəlilov... 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal olunanda onu cəmi 6 yaşı vardı...
Ailədə bir bacı, bir qardaş idilər... Onda kim bilərdi ki, 6 yaşında doğulduğu rayonu məcburən tərk edən bu uşaq vaxt gələcək Vətən torpağının xilaskarlarından birinə çevriləcək...

Ailəsi Cəbrayılın işğalından sonra Xırdalan şəhərində məskunlaşmışdı. Ruhin Xəlilov orta məktəbə Xırdalanda getdi, təhsilini də elə burada bitirdi. Xırdalan şəhər 1 saylı tam orta məktəbin2005-ci ildəki məzunları arasında Ruhin Müzəffər oğlu oğlu Xəlilov da vardı...

Vaxtilə təhsil aldığı məktəbin müəllimləri deyirlər ki, Ruhin məktəbin ağıllı, tərbiyəli və savadlı şagirdlərindən biri olub və bu keyfiyyətlərinə görə də həmişə fərqlənib.

Doğulduğu Cəbrayılı azad etmək eşqi ilə yaşayan Ruhin yaşa dolduqca, Vətən nisgilini də içində böyüdürdü... İnanırdı ki, nəhayət bir gün doğma rayonun azad olunması uğrunda savaşan əsgərlərdən biri məhz o özü olacaq. Bu arzu-istəklə ali təhsil aldı, hüquqşünas ixtisasına yiyələndi...

Ali təhsilini Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirib, ədliyyə sistemində işə qəbul olundu.


2011-ci ilin 14 oktyabrında Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə yekun vurulanda, uğurlu nəticəyə nail olan 56 namizəd arasında Ruhin Müzəffər oğlu Xəlilovun da adı var idi.

Ədliyyə işçisi kimi Biləsuvarda, İmişlidə çalışdı, 10 ilə yaxın müddətdə vəzifə pilləsində addım-addım yüksəldi. Çalışdığı yerlərdə prinsipallığı, haqq-ədalətin müdafiəçisi kimi hörmət-izzət qazandı.

İmişli Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışanda ədliyyə qulluğunu nöqsansız yerinə yetirməsi onu rəhbərliyin gözündə daha da ucaltdı..

Bacarığına, dürüstlüyünə, məsuliyyətli olmağına, peşəkarlığına inanıb irəli çəkdilər – Bakıya Ədliyyə Nazirliyinə işə gətirdilər. Ədliyyə kapitanı rütbəsinə yüksəldi..

Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olanda artıq bıçağın sümüyə dirəndiyini, daha geriyə yolun qalmadığını düşünən kapitan Ruhin Xəlilov ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazıldı.

Səbri tükənmiş və hər şeyi göz önünə almışdı... Sevdiyi qadını, üç azyaşlı uşağını, yaşlı ata-anasını, isti kabinetini, rahat işini soyuq səngərə dəyişmək, Vətən uğrunda könüllü yazılan minlərdən biri olmaq...

Vətən sevgisi ilə alışıb-yanan ədliyyə məmurunun uzun illər sonra müsəlləh əsgər kimi döyüşlərə qatılmasına fürsət yaranmışdı. Ruhin Xəlilov bu fürsəti qaçırmaq istəmirdi. İndi onun üçün məqam idi - nə olursa olsun, düşmənin sinəsinə dağ çəkmək, şəhidlərin, dağıdılıb viran edilmiş yurd yerlərinin intiqamını almaq lazımdır...


33 yaşlı ədliyyə kapitanının bu istəyindən xəbər tutan həyat yoldaşı Günel Xəlilova ona “istəmirəm gedəsən, azyaşlı uşaqlarımız var” deyəndə Ruhinin cavabı “yox, getməliyəm, gedib qayıdacağam” olmuşdu.

O, xanımını zəfərlə dönəcəyinə əmin etmiş, “İnşallah, qələbə bizim olacaq” söyləmiş və rahat olmağını istəmişdi.

Beləcə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, kapitan Ruhin Xəlilov işindən istefa verərək, Vətən Müharibəsi başlayandan 3 gün sonra - oktyabrın 1-də könüllü cəbhəyə getmişdi...

O, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan Şanlı Ordunun minlərlə əsgərindən biri oldu... Nə yaxşı ki, Ruhin Xəlilov doğulduğu və 6 yaşına kimi yaşadığı Cəbrayılın düşmən tapdağından azad olunduğu günü görə bildi...

Bacısı Gülnar Xəlilova: “Tovuz hadisələrindən sonra könüllü yazılmışdı. Bu haqda ailədən heç kimə deməmişdi, Sonradan bilmişdik...
Cəbhədən zəng edəndə deyirdi hər şey yaxşıdı, çox şey söyləmirdi... Öz rayonumuz – Cəbrayıl alınanda mesaj yazmışdı ki, doğma torpaqdayam. Sizi bura gəzməyə gətirəcəm”.

Ədliyyə zabitinin döyüş yolu 21 gün sürdü... Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndi, şücaət göstərdi. Döyüşən Ordunun tərkibində Laçın rayonu ərazisinədək irəliləyə bildi...

Təəssüf ki, bacısına verdiyi sözə əməl etmək ona qismət olmadı... Ruhin Xəlilov oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu...

Onu Bakıda – indi Üçüncü Fəxri Xiyaban adlandırılan məzarlıqda – şəhid olan döyüş yoldaşlarının əhatəsində dəfn etdilər...


Atası Müzəffər Xəlilov üçün oğul itkisi çox ağırdı. Qəhrəman, vətənpərvər oğul atası indi Ruhinin qoxusunu nəvələrindən alır... Müzəffər kişinin arzusu oğlunun uğrunda şəhid olduğu doğma torpaqlara getmək, orada ölməkdir...

Ruhin Xəlilov keçdiyi şərəfli döyüş yolu ilə xalqının və dövlətinin adını uca tutdu, qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldi.

O üç övladına – qızları - 7 yaşlı Qönçə və 5 yaşlı Melisaya, oğlu - 1 yaşlı Tunara şərəf və layaqətlə anılacaq bir yol qoyub getdi...

Qeyd: Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə R.Xəlilov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə R.Xəlilova ölümündən sonra "Fəxri ədliyyə işçisi" adı verilib.





Əfqan Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir