Modern.az

Vətəni yaşadanlar: Azər Yusifli - Zəngilana bayraq taxan döyüşçünün ŞƏHİDLİK YOLU - FOTO+VİDEO

Vətəni yaşadanlar: Azər Yusifli - Zəngilana bayraq taxan döyüşçünün ŞƏHİDLİK YOLU - FOTO+VİDEO

13 Dekabr 2020, 14:31

Vətən bizim doğulub böyüdüyümüz doğma yurd-yuvadır. Bizim vətənimiz Azərbaycandır. Hər birimiz onu daim sevməli və qorumalıyıq. Vətən həm də bizim anamızdır. Vətənpərvərlik hissi körpələrimizə ana laylasından başlayır. Həmin körpələrimiz böyüdükcə ürəyi Vətən sevgisi dolu olan mərd, igid əsgərlərə çevrilirlər. Vətəninə göz dikən düşmənlərə qarşı savaşır, torpağına göz dikənləri cəzalandırır, torpağının intiqamını alır. Vətənimizin azadlığı, firavanlığı uğurunda neçə-neçə oğullarımız öz canlarından keçiblər.


Torpaqlarımız 30 ildir ki, işğal altında idi. Azərbaycan ordusu sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları sayəsində böyük Zəfər qazandı.

 

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2783 nəfər əsgərimiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Biz 30 il boyunca “Qan yaddaşımız”ı unutmadığımız kimi, bundan sonra da “Zəfər yaddaşımız”ı unutmamalı, unutdurmamalıyıq. 


Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasına start verir.

Rubrikamızda qəhrəmanlıqlarından danışacağımız ilk şəhidimiz müharibə başladığı gündən döyüşlərə qoşulan torpaq uğrunda canını fəda edən Azər Yusiflidir.

 

Yusifli Azər Nazim oğlu 1994-cü ildə mart ayının 28-i Ağstafa rayonun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Böyük Kəsik kənd orta məktəbinin birinci sinfinə daxil olan Azərin ibtidai sinif müəllimi elə öz anası Yeganə Məmmədova olub.

 


Azər 2012-ci ilin aprelində hərbi xidmətə yollanır və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsi ilə xidmət edir.

Hərbi xidmətini bitirdikdən sonra bu sahədən ayrılmaq istəməyən qəhrəmanımız sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edir və işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 nömrəli hərbi hissəsində başlayıb. Xidmətdə fərqləndiyinə görə, Azər dəfələrlə hərbi hissənin komandiri, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılıb. Hərbi döyüş və idman hazırlığında xidmətlərinə görə Azəri Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus xüsusi təyinatlı dəstəyə göndərirlər. Orada keçirilən döyüş təlimlərində və taktiki, texniki fəaliyyətlərində Azər üstünlüklər qazana bilir.

 

2020-ci ilin iyulunda Qəhrəmanımız Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. Döyüş yoldaşları Azərin dəfələrlə kəşfiyyatçı kimi Ermənistan ərazilərinə keçdiyini, xüsusi əhəmiyyətli əraziləri və obyektləri tədqiq etdiyini bildirirlər.

 

Nəhayət, sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarına məxsus, xüsusi təlim keçmiş “xüsusi təyinatlı kəşfiyyat dəstəsi” bütüntorpaqların azad olunması üçün ön sırada xidmətə yollanır.

 

Həmin dəstənin üzvü olan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışırlar.
Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı məhz Azər sancıb.

 


Döyüş yoldaşı Xəyal Namazov Azər haqqında danışır:

“Həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə ifadə edə bilmərəm. Hər dəfə döyüşlərdə erməniləri öldürdükcə “Bu da Xocalının heyfidir!” deyirdi...”


Müharibənin ilk həftəsində Azər yaralanır və hospitalda müalicə almalı olur. Həkimlər deyir ki, gecə-gündüz növbə çəkir, onu saxlamağa çalşırdılar. Üç gün sonra Azər hələ tam sağalmamış yaralarını sarıyıb döyüşə -cəng meydanına  qayıdır. Bu sadəcə hünər işi deyil, bunun üçün həm də Vətəni sevən böyük ürək lazımdır.

 

Azərin döyüş yoldaşı Vüqar Zamanov:

“Mən Cəbrayılda yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Azər bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr uzaqlıqdakı tibbi xidmət məntəqəyə çatdırdı”.

 

Son döyüşdə bizimkilər ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürdülər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir. Həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanır. Məsafə uzaq olduğuna görə, tibb məntəqəsinə təxliyə olunana qədər hədsiz qan itirmədən şəhid olur.

 

Azər gənc yaşında bənzərsiz bir ömür yaşadı. Artıq hamımız bilirik ki, Azərin və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən-nəsilə insanlara ötrülən bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq. Namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi...

 

Nakam ömrü bənzərsiz olduğu kimi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizdir.

Nişanlısı – ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım Azərin yoxluğuna heç cür inana bilmir:

 


“Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” deyərək gülə-gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. O torpaqlara nə vaxtsa gedə biləcəyimi bilmirəm. Nə üçün gedərəm... Bəlkə də bir ümid aparar - Səni taparam deyə... Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla...”.

Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur.

 

Vətən savaşının bitdiyi, Ermənistan tərəfinin kapitulyasiyaya - təslim olma aktına əyilməyə məcbur olduğu, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı Azərin - Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixində Songül xanım Azərə yazır:

 

“Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu... Mənim borcum isə son nəfəsimə qədər sənin adına, sevginə - Sənin ucalığına layiq yaşamaq... Əgər bunun adı yaşamaqdırsa... Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”

 

Döyüş yoldaşlarının çəkdiyi maraqlı bir video görüntü var. Zəngilan azad edildikdən sonra Azər bir məktəb binasına daxil olur. Hayların bayrağını və özlərinə “milli qəhrəman” elədikləri Monte Melkonyanın şəklini divardan söküb ayaqlarının altına atır və tapdalayır. Daha sonra zaman-zaman türkün tarixini və coğrafiyasını mənimsəyən oğru millətin tarixi abidələrinin sərgiləndiyi bir divar kağızına doğru gedir. Hayların xülyalarında, miflərində yaratdığı Böyük Ermənistan xəritəsini və tarixi abidələrin şəklini divardan söküb ayaqlayır, əzdikcə bu da “şərəfsizlərin məktəbi” deyir. 

 

Döyüş yoldaşlarının sözlərinə görə, Azər hər erməni öldürdükcə bu da “Xocalının hayıfı!"- deyirdi.

 

Azəri gənc yaşında ən çox sarsıdan, yandıran bir məqam Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana – bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi. Azər Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi.

 

Ən böyük arzusu şəhidlik zirvəsinə - şəhadət məqamına ucalmaq idi. Dediyini etdi, əqidəsindən və yolundan dönmədi, qisasını aldı və şəhid oldu.

 

Nur içində uyu, Azər! Siz bizim hər ayın hansısa gününü, qara ilə haşiyələnmiş təqvimimizi dəyişdirdiniz. İndi artıq təqvimdəki o qara, haşiyələnmiş rəqəmlər yoxdur. Artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var – Zəfər günü!!!

 

Təkcə varlığıyla deyil, yoxluğuyla qalib olanlar Böyük İnsanlardır...

Qalibiyyətin, Zəfərin mübarək, Azər!

 

Zəngilana şanlı Azərbaycan bayrağını ilk sancan və böyük rəşadətlə azad etdiyi torpaqda Şəhadətə ucalan İgid!

Yurdumun ər qeyrətli, Tarix yazan Mərd Oğlu!

 

Unutmayaq ki, qələbəni Şəhidlərimizin qanı bahasına, Ali Baş Komandanımızın siyasəti, ordumuzun əzmi nəticəsində qazandıq.

 

Allah rəhmət eləsin...

 

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir