Modern.az

Ad günü səngərdə olan şəhidin SON ZƏNGİ - Tarix müəlliminin oğlu tarix YAZDI

Ad günü səngərdə olan şəhidin SON ZƏNGİ - Tarix müəlliminin oğlu tarix YAZDI

14 Dekabr 2020, 08:53

Azərbaycan tarixi vətən, millət, torpaq, el-oba, ailə uğrunda canını fəda edən qəhrəmanların adı ilə zəngindir. 44 gün davam edən İkinci Qarabağ savaşı da neçə-neçə igid oğlanlar tanıtdı bizə... Ölümün gözünə dik baxan, onun üstünə yeriyən, adlarını tarixə yazdıran oğullar... Hərəsi ayrılıqda bir qəhrəmandı... Düşmənə öz yerini göstərdilər, Vətən torpaqlarını işğaldan azad etdilər, bu şərəfli yolda qazi də oldular, şəhid də... Tarix qarşısında Azərbaycanı üzü ağ, alnıaçıq etdilər...

Modern.az saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı ya da son görüşü haqqında danışılır.

Budəfəki təqdimatımız Quba rayonundan olan Ömər Əbdül oğlu Mustafayev haqqındadır...

Şəhidlik əbədi bir qəhrəmanlıqdı. Ömər də adını o qəhrəmanlar sırasına yazdırıb. O, son nəfəsinin yaşında - 22 yaşda qaldı... Çünki şəhidlər yaşlaşmır, qocalmır...

Ömərin hələ nə qədər arzu-istəyi vardı... Əməlləri də gəncliyi kimi tər-təmiz idi...

Şəhidimizn atası Əbdül Mustafayev halal zəhmətlə dolanan, torpağa bağlı bir kişidir. Quba rayonunun dağların əhatəsində yerləşən Zeyid kəndində doğulub. Orta məktəbi də orda bitirib. Əvvəlcə Bakıdakı Pedaqoji texnikumda təhsil alıb. Sonra 3 il Quba rayonunun Vladimirovka kəndində müəllim işləyib. 1992-1998-ci illərdə təhsilini təkmilləşdirib, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda oxuyub. Ali təhsil aldıqdan sonra doğulduğu Zeyid kəndina qayıdıb, orada işləyib, tarix dərsi deyib.

4 il əvvəl isə müəllimliklə vidalaşan Əbdül Mustafayev, ailəsini götürərək, Qubanın Amsar Qışlaq kəndinə köçüb. Təsərrüfatla - arıçılıqla məşğul olmağa başlayıb.

Müəllimliyi arıçılığa dəyişən Əbdül kişinin məqsədi ailədə böyüyən 4 övladına halal zəhmətlə gün-güzaran qurmaq idi... Hər bir ata kimi onun da övladlarıyla bağlı istəkləri var... Ailənin böyük uşağı Ömərlə bağlı isə ayrıca arzular düşünürdü...


“Oğul itkisi hər bir ata üçün ağır dərddir. Amma düşünəndəki, bu itkini Vətən, torpaq, millətin gələcəyi naminə vermisən, onda qəddini dik tutub, şərəflə danışır, qürur duyursan...”.

Bu sözləri Əbdül kişi oğlu Ömər haqqında xatirələrini bizimlə bölüşərkən söylədi...


“Ömər 1998-ci il oktyabrın 1-də anadan olmuşdu. Orta məktəbi Zeyid kəndində oxuyub qurtarıb. Daha sonra həqiqi hərbi xidmətə gedib.

Onu 2016-cı il oktyabr ayının 21-də Amsar Qışlaq kəndindən əsgər yola saldım. Öncə Goranboyda – Ağcakənddə xidmət elədi. Üç aydan sonra onu Tərtərə gətirdilər. Təmas xəttində xidmətə davam etdi. Sonra xidmət yerini dəyişdirdilər. N saylı hərbi hissədə “Həmlə qrupu” adlanan xüsusi bölükdə xidmət etməyə başladı.
Atəşkəs pozulanda, düşmən hücumu baş verəndə onları tez-tez ön xəttə aparırdılar. Həm kəşfiyyatçı, həm də minamyotçu idi. Atıcı silahlardan bacarıqla istifadə etdiyinə görə dəfələrlə tərifnamələr almışdı.

“Həmlə qrupu”nun hərbi qulluqçuları hər həftə imtahan verirdilər, imtahandan keçə bilməyənlər başqa-başqa hərbi hissələrə göndərilirdi, güclülər “Həmlə qrupu”nda saxlanılırdı. Ömər həmişə sınaqlardan yaxşı çıxmışdı, ona görə elə axıra kimi “Həmlı qrupu”nda saxlanıldı”.


Atası deyir ki, Ömər həqiqi hərbi xidməti başa vurandan sonra müddətdən artıq hərbi qulluqçu  (MAXE) kimi Orduda qalmaq istəyib:

“Mən icazə vermədim. Dedim dövlətin qarşısında xidməti vəzifəni vermisən. Evin böyük oğlusan, gəl indi təsərrüfat işlərində mənə kömək elə.

Ömərdən başqa 1 bacısı, iki qardaşı var. Bacısı gəlin köçüb. Qardaşları bir qədər balaca  olduğundan istədim ki, Ömər ən yaxın köməkçim olsun. Etiraz etsə də, razılaşdı...

Amma tez-tez də mənuimlə mübahisə də edirdi ki, niyə onun MAXE kimi qalmağına mane oldum. Hətta buna görə bəzən məndən inciyirdi də....

Uşaqlıqdan torpağa, vətənə bağlı idi... Baxırdım ki, hərbi sahəyə də sevgisi var... Ona görə hardasa peşman da olmuşdum ki, niyə onun MAXE kimi Orduda qalmağına maneçilik törətdim”.

Əbdül kişinin sözlərinə görə, Ömər arıçılıqda onun köməkçisiymiş:

“Təsərrüfat işlərində mənə yaxından kömək edirdi. Boş vaxtı olanda da başqa nəyləsə məşğul olurdu”.

Atası deyir ki, Ömər Mustafayev sonradan MAXE olmaq üçün bir neçə dəfə müraciət edib. Amma arzusu bəzi səbəblərdən gerçəkləşməyib. 2020-ci ilin iyul ayında beş verən Tovuz döyüşlərindən sonra isə Öməri evdə saxlamaq mümkün olmayıb:

“Tovuz hadisələri baş verəndə, general-mayor Polad Həşimov şəhid olanda Ömər Səfərbərlik Xidmətinin Quba rayon şöbəsinə geib, könüllü olaraq Orduya yazılıb.
Bu haqda mən sonradan xəbər tutdum. Sentyabrın 15-də onu Səfərbərlik Xidmətinə çağırıblar. Evdə də heç kimə demirdi ki, rayon mərkəzinə niyə gedib-gəlir. Sentyabrın 20-də axşam bizə dedi ki, bəs gedib könüllü Orduya yazılıb və səhər onu da aparacaqlar. Onda deyirdilər ki, təlimə aparırlar, müharibə olacağını hələ heç kim bilmirdi. Sentyabrın 21-də onu Qubadan yola saldıq.
Ayın 26-da qardaşı ilə telefonda danışanda deyib ki, bir gün sonra onları cəbhə xəttinə aparacaqlar. Amma elə 27-nə keçən gecə Qusar batalyonunun tərkibində həyəcan siqnalı ilə ön xəttə aparmışdılar”.

Ömərin xarakterindən danışan şəhid atası onu yorulmaz, işdən-gücdən qorxmayan biri kimi təsvir edir:

“Çox zəhmətkeş uşaq idi. Həm də bir qədər də səbirsiz idi, elə bil arzularının arxasınca tələsirdi. Qorxu yox idi canında. Yəni qorxaq uşaq deyildi. Cəsarətliydi... Hörmətcil idi, böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Ünsiyyətcil idi, münasibət qurmağı da tez bacarırdı”.


Ömər Mustafayev elə döyüşlərin 1-ci günündən öndə olub. Tez-tez də olmasa da, iki-üç gündən bir evə zəng vurub, hal-əhval tuturmuş.

“Bəzən bir həftə zəng eləmirdi, biz də nigaran qalırdıq. Zəng vuranda xahiş edirdim ki, bizi nigaran saxlama, öndə gedən hərbçilər arasındasan, bərk narahatıq. Gah deyirdi telefon olmur, gah deyirdi şəbəkə tutmur ya da söyləyirdi ki, vaxtı olmur.

Həmişə vəziyyətini soruşanda əksinə, o, bizə ürək-dirək verirdi ki, özünüzdən muğayat olun, özünüzə yaxşı baxın. Deyirdi ki, siz mənim üçün, əsgər yoldaşlarım üçün Allaha dua edin. Bir nəvəm var, onunla maraqlanırdı. Deyirdi mənim yerimə onu öp, deyirdim ay bala, özün gəlib öpərsən. Bəzən yüngülvari zarafatlaşırdıq da”, - şəhid atası deyir.

Ömər cəbhənin müxtəlif istiqamətlərində döyüşüb: Ağdam, Füzuli, Goranboy, Ağdərə, Hadrut, Xocavənd, Cəbrayıl... Bu döyüşlərdə qəhrəmanlıq göstərib, əsgər yoldaşlarının rəğbətini, komandirlərin isə hörmətini qazanıb.

“Bir yerdə qalmırdı onların bölüyü. Yerlərini tez-tez dəyişirdilər”.

Oktyabrın 1-i Ömər Mustafayevin ad günü olub... O, bu dəfə doğüm gününü ağır döyüşdə - səngərdə yola verib...
 
Ömərin ailəsinə sonuncu zəngi oktyabrın 21-də səhər olub. Elə o zəngdən bir neçə saat sonra – təxninən günorta saatlarında da şəhidlik zirvəsinə yüksəlib.

Şəhid atası:

“Axırıncı dəfə mənimlə oktyabrın 19-u və 21-də danışdı. Ayın 19-da danışanda bizim bir yaxın qohum vardı - bibim nəvəsi Rəşad Rövşən oğlu Ağayev - o şəhid olmuşdu. Onda mən yas məclisindəydim, danışanda xəbəri Ömərə vermədim ki, birdən fikri qarışar, halı dəyişər.
Ayın 21-i səhər-səhər yenə danışdıq. Danışığımız adətən çox qısa olurdu. Maksimum 2-3 dəqiqə.
Məndən sonra elə həmin vaxt qardaşı ilə də danışıb. Sanki bizimlə ayrı-ayrılıqda halallaşıb...”.

Ömər adətən döyüş tapşırıqlarının icrasından sonra arxaya çəkilib dincələndə evə zəng edirmiş. Atası deyir ki, hər dəfə onunla danışanda arxayın olurmuş ki, 2-3 gün sonra yenə zəng vuracaq.

Amma bu dəfə həmişəki təkrar olmayıb...

Ayın 21-də, ailəsinə sonuncu dəfə zəng vurduğu günün axşamtərəfi Quba rayon Səfərbərlik Xidmətinə, İcra Hakimiyyətinə, bələdiyyəyə artıq xəbər gəlib çatıb ki, əsgər Ömər Mustafayev ağır döyüşdə şəhid olub.

“Xəbəri mənim birbaşa özümə deməmişdilər, bir qohumumuza vermişdilər. Axşam yaxın bir dostum zəng edib məndən soruşdu ki, Ömərlə danışmısanmı, vəziyyəti necədir... Dedim ki, hə, səhər-səhər danışmışam. Saat neçədə danışmağımla maraqlandı, müxtəlif suallar verdi, mən də şübhələndim. Gecə yeznəmiz gəldi bizə, dedi uşaq yaralanıb. Məni həyətə çağırdı, bayıra çıxanda gördüm evin qarşısında maşınlar dayanıb, xeyli adam toplaşıb, rəsmi şəxslər də vardı. O saat bərk həyəcanlandım, artıq başa düşdüm ki, nəsə pis bir hadisə olub. Xəbəri dəqiqləşdirdim, bir ata üçün oğul itkisi haqda xəbər eşitmək çox ağır olur... Amma evdəkilərə bildirməmək üçün özümü tox tutdum, onlara deim ki, Ömər yaralanıb, yanına getməliyəm.
Elə gecəykən getdik Füzuliyə - Horadiz qəsəbəsindəki xəstəxanaya... Çünki mənə meyiti tanımaq üçün ora getməli olduğumu söyləmişdilər. Yanına top mərmisi düşmüşdü Ömərin...
22-si axşam onu dəfn elədik. Qubada Şəhidlər Xiyabanında torpağa tapşırdıq. İndi özü kimi şəhid döyüşçülərin əhatəsində yatır...”.


Şəhid atası ilə oğlu haqda danışmaq bizə də çətin idi... Hər sualı verəndə onun yarasını təzələdiyimizin fərqindəydik... Amma neyləməli, bunlar yazılmalı, şəhidlərimiz ictimaiyyətə tanıdılmalıdır ki, torpaq necə oğullarla Vətən olub...

“Ömərin arzuları çox idi. İşgüzar, zəhmətkeş uşaq idi. Gələcək həyatla bağlı planları vardı, deyirdi ki, bunu elə edək, onu belə edək... Qismət beləymiş...
 
Təbii ki, oğul itirmək çox ağırdı, mənim üçün də, anası, bacısı, qardaşları üçün də... Hələ də bu itkiyə inanmaq istəmirəm, Ömərin yoxluğu ilə barışa bilmirəm. Evdəkilər də həmçinin... Anasının da gözü elə bil yoldadır, tez-tez qapıya baxır, sanki düşünür ki, Ömər bu gün gələr, sabah gələr...”.

Dəfn zamanı şəhid Ömər Mustafayevin tabutunun büküldüyü bayraq atasına bağışlanıb. Əbdül kişi indi oğlunun qoxusunu o bayraqdan alır. Ruhun şad olsun Ömər, uğrunda vuruşduğun torpaqlar düşmən tapdağından xilas oldu... Atan tarix müəllimiydi, özün tarix yazdın... Gələcək nəsillər bu torpaqda sənin nəfəsinlə nəfəs alıb, sənin qeyrətinlə çalışıb, sənin igidliyinlə vətənin keşiyində dayanacaq...


Əfqan Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir