Modern.az

ATƏT-in Minsk qpupuna diplomatiya dərsi

ATƏT-in Minsk qpupuna diplomatiya dərsi

Parlament

14 Dekabr 2020, 17:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən son dövrlər regionda baş vermiş mühüm tarixi hadisələr və Qarabağ uğrunda başa çatmış Vətən müharibəsindən sonra yaranmış ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini açıqlamışdır.

 

O, bildirmişdir ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşmuşdur. Azərbaycan bu məsələni beynəlxalq hüquq çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin tələblərinə uyğun şəkildə həll etmiş və bununla da Ermənistanın ərazi iddialarından irəli gələn tarixi ədalətsizliyə son qoymuşdur.

 

Prezident İlham Əliyev tutarlı arqumentlərlə və tarixi faktlarla ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün malik olduğu imkanlardan və 28 illik vasitəçilik mandatından heç də səmərəli istifadə etmədiyini göstərmiş və onun fəaliyyətini qənaətbəxş hesab etmədiyini cəsarətlə, açıq şəkildə bəyan etmişdir. O, öz qərarlarını reallaşdıra bilməyən BMT-nin bu məsələdə prinsipiallıq nümayiş etdirmədiyinə eyham vuraraq, Qarabağ probleminin Azərbaycanın öz imkanları hesabına həll olunmasının qaçılmaz olduğunu bildirmişdir. Lakin eyni zamanda bu məsələdə Rusiyanın rolunu kifayət qədər yüksək dəyərləndirərək, Minsk qrupunun üzvlərindən biri kimi Türkiyənin də bölgədə baş verən hadisələrə biganə qalmayaraq ədalətli siyasi mövqe nümayiş etdirdiyinə diqqət yönəltmişdir.  O, atəşkəs rejiminə nəzarət etmək məqsədi ilə Azərbaycanın Ağdam rayonunda yaradılan Monitorinq Mərkəzində bu iki ölkənin yer almasını regional əməkdaşlığın çox yaxşı təzahürü, həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzi kimi dəyərləndirmişdir.

 

Pu gün artıq hər kəs anlayır ki, uzun illər ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar və erməni lobbisinin təsiri altında birtərəfli mövqe sərgiləyən Qərbin siyasi güc mərkəzləri manipulyasiyalar edərək bölgədə status-kvonun saxlamaq və sonda Azərbaycanı mövcud vəziyyətlə barışmağa sövq etmək məqsədi güdmüşlər. Münaqişənin yalnız danışıqlar və dinc vasitələrlə həllinin alternativinin olmadığı barədə  27 il ərzində ortaya atılmış fikirləri müzəffər Azərbaycan  ordusu cəmi 44 gün ərzində darmadağın etdi. Bununla da cənab İlham Əliyevin danışıqlar prosesində bir tərəfdən hücum diplomatiyasına, digər tərəfdən isə xalqın etimadına, dəmir yumruq kimi birləşmiş vətəndaş həmrəyliyinə söykənən və münaqişənin hərb variantını istisna etməyən mövqeyinin doğruluğu birdəfəlik sübut olundu: “Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər”.

 

Tariximizə Vətən müharibəsi kimi düşmüş ikinci Qarabağ savaşının nəticəsində ağır məğlubiyyətə uğramış Ermənistanın siyasi rəhbərliyi faktiki olaraq kapitulyasiya aktı olan 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalamağa məcbur olmuşdur. Bu gün həm beynəlxalq aləmdə, həmdə də öz xalqının gözündə nüfuzunu tamamilə itirmiş Ermənistanın avantürist lideri Paşinyan, habelə onun sələfləri Koçaryan və  Sarkisyan təkcə təxribatlar törətməklə danışıqlar prosesinin pozulmasına və müharibənin başlanmasına görə deyil, həm də beynəlxalq konvensiyyalara zidd olan, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma, mülki insanların öldürülməsi və vandalizm hərəkətləri kimi hərbi cinayət hesab olunan davranışlarına görə məsuliyyət daşıyırlar.

 

Burada bir məsələni xüsusilə vurğulamağa ehtiyac duyuram. Cənab İlham Əliyevin ifadələrinin bir istiqaməti də belə bir inama bağlıdır ki, Vətən müharibəsinin nəticələri Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb oldu və onunla heç kimin güc dilində danışa bilməyəcəyi barədə reallığı ortaya qoydu.

 

Azərbaycan isə hər zaman həm danışıqların aparıldığı müddətdə, həm də hərb meydanında beynəlxalq hüquq prinsiplərinə sadiq qaldığını sübut edib, atəşkəs rejiminə ardıcıl riayət edib. Vaxtılə, ötən əsrin sonlarında xüsusi qəddarlıqla 1 milyondan artıq azərbaycanlını öz tarixi vətənindən qovmuş, öz ölkəsində məcburi köçkünə çevirmiş Ermənistandan fərqli olaraq bu gün Azərbaycan yerli erməni sakinlərinə dinc, yanaşı yaşamaq təminatını vermiş, işğqaldan azad edilmiş ərazilərdən çıxmaq üçün müvafiq şərait yaratmış, hətta müəyyən güzəştlərə də getmişdir. Cənab İlham Əliyev “Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər”, söyləməklə dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi təqdim olunan Azərbaycanın hər zaman ədalətli mövqedə durduğunu və humanist dəyərlərə sadiq qaldığını nümayiş etdirir.

 

Söhbət əsnasında Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfərinin heç də rəsmi Bakının dəvəti ilə baş tutmadığını və bunun qarşı tərəfin təşəbbüsü olduğunu bildirən Prezident İlham Əliyev əslində güclü diplomatik gediş edərək, Dağlıq Qarabağ münaqişəsinin bitməsi ilə “hazıra nazir” kimi zühur etmiş Minsk qrupunun bu tərkibdəki vasitəçilik fəaliyyətinə ehtiyac qalmadığına incə bir işarə vurmuş oldu. 

 

İşğaldan azad edilmiş ərazilərdə tez bir zamanda yüksək həyat şəraitinin yaradılması üçün dövlətimizin böyük siyasi iradəyə malik olduğunu bildirən ölkəmizin rəhbəri eyni zamanda Ermənistanın Azərbaycana vurduğu çoxmilyardlıq ziyana görə beynəlxalq hüquq müstəvisində cavab verəcəklərinə əminliyini ifadə etmişdir: “Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq”.

 

Dövlətimizin başçısı Vətən müharibəsindən sonra regionun gələcək inkişafı ilə bağlı müzakirələr üçün yeni imkanların yarandığına, Rusiya, Türkiyə kimi qonşu ölkələrin yaxından iştirakı ilə bölgədə yeni iqtisadi-siyasi konfiqurasiyanın formalaşacağına əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev sülh və əmin-amanlıq naminə bölgədə yeni nəfəsə ehtiyac duyulduğunu Minsk qrupunun həmsədrləri vasitəsilə bütün dünyaya bəyan etmişdir: “Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun”.  

 

Düşünürəm ki, bunu təkcə Azərbaycan üçün deyil, həm də beynəlxalq əhəmiyyətli, çoxşaxəli siyasi və iqtisadi tarixi nailiyyətlərin anonsu kimi dəyərləndirmək lazımdır.

 

Əli Hüseynli, 

Mİlli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi