Modern.az

Milli Məclis "Fərdi məlumatlar haqqında" qanun layihəsini 2-ci oxunuşda müzakirəyə çıxaracaq

Milli Məclis "Fərdi məlumatlar haqqında" qanun layihəsini 2-ci  oxunuşda müzakirəyə çıxaracaq

Təhsil

27 Yanvar 2010, 14:42

Milli Məсlisin yaz sessiyasında "Fərdi məlumatlar haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Modern.az xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında millət vəkili Yevda Abramov məlumat verib.

Qeyd edək ki, qanun layihəsi fərdi məlumatların toplanması, işlənməsi, mühafizəsi ilə bağlı münasibətləri tənzimləyir. Layihəyə əsasən, ölkədə milli informasiya məkanının fərdi məlumatlar seqmenti formalaşdırılacaq. Sənəd fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri də tənzimləyəcək. Fərdi məlumatların toplanması ilə müvafiq dövlət orqanları, hüquqi şəxslər və fiziki şəxslər məşğul ola biləcək. Hər bir vətəndaşın fərdi identifikasiya nömrəsi olacaq. Bu, hər bir vətəndaşa müəyyən edilmiş qaydada verilən və onun barəsində müvafiq məlumatları müəyyən etməyə imkan verən vahid və təkrarolunmaz kod olacaq. Vətəndaşların fərdi məlumatları açıq və konfidensial olaraq iki hissəyə bölünəcək. Fərdi məlumatlar toplandığı andan mühafizə olunacaq. Konfidensial məlumatlar mülkiyyətçi, operator və bu məlumatlara müraciət hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Şəxsin adı, soyadı, atasının adı daimi açıq fərdi məlumatlardır.

Milli Məclis Aparatının əməkdaşı Salman Sadıqov bildirib ki, birinci oxunuş müzakirələri zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər ekspertlər tərəfindən öyrənilib. Həmin təkliflərə əsasən, qanun layihəsində dil, üslub və texniki xarakterli dəyişikliklər edilib. Layihədə fərdi məlumatların mühafizəsi proseduru dəqiqləşdirilib. Eyni zamanda, fərdi məlumatların verilməsi ilə bağlı prosedur da konkretləşdirilib.

Müzakirələrdə millət vəkili İlyas İsmayılov, Rəfael Cəbrayılov, Fazil Mustafa layihə barədə fikirlərini bildirib.

Təklif edilib ki, vətəndaşlar haqqında fərdi məlumatların məcburi qaydada toplanması məhkəmə qərarı ilə həyata keçirilsin. Deputatlar deyiblər ki, vətəndaşlar haqqında fərdi məlumatların fiziki şəxslər tərəfindən toplanmasına icazə verilməsi gələcəkdə problemlər yarada bilər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüeynov bildirib ki, layihədə frpdi məlumatları toplayan fiziki şəxs dedikdə vəkillər nəzərdə tutulur: "Ola bilər ki, vətəndaş hər hansı bir məhkəmə prosesində özü ilə bağlı fərdi məlumatlardan istifadə hüququnu vəkilinə versin. Biz onu bu hüquqdan məhrum edə bilmərik".

Müzakirələri yekunlaşdıran qanunu hazırlayan işçi qrupunun üzvü S.Sadıqov millət vəkilləri təpəfindən səsləndirilən təkliflərin bir daha apaşdırılacağını bildirib.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı