Modern.az

Mübariz Əhmədoğlu: “Ermənistan 7 rayonu qaytarmağa razılıq verib”

Mübariz Əhmədoğlu: “Ermənistan 7 rayonu qaytarmağa razılıq verib”

27 Yanvar 2010, 14:48

Modern.az xəbər verir ki, bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan son danışıqlar (Soçi danışıqları) mə ümumilikdə münaqişə ətrafında cərəyan edən proseslərlə bağlı mətbuat konfransı keçirib.  M.Əhmədoğlu deyib ki, artıq münaqişənin tənzimlənməsi yönündə proseslər fərqli format daşıyır: “Soçi görüşü fərqli formatda keçirildi.  Əvvəlcə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri görüşdülər. Sonra isə 3 ölkənin xarici işlər nazirləri müzakirələrə qatıldılar.  İdman proqramı və yemək mərasiminin ardınca Adler hava limanında ATƏT-in Minsk Qrupunun həmsədrləri də müzakirələrə qatıldılar”.

SİTM sədrinin qənaətincə,  Soçi danışıqlarının gedişindən 3 əsas nəticə çıxarmaq mümkündür.  Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunu prosesdən kənarda saxlamağa çalışır: “Rəsmi Ankaranın prosesin həlli ilə bağlı müzakirələrə qatılmasını da Rusiya öz maraqlarına zidd hesab edir.  Soçidə tərəflərin konkret hər hansı bir sənəd imzalamaması da bu amillə bağlıdır.  Kreml Türkiyənin regionda fəallığı artırdığı bir dövrdə münaqişənin həlli ilə bağlı sənəd imzalanmasını məqbul saymır.  Bütün bunlarla yanaşı, əminliklə demək olar ki, Rusiyanın problemin həllində maraqları dəyişib.  Rusiya hesab edir ki, postkonflikt dövründə Cənubi Qafqazda formalaşmış balans dəyişməməli, qorunub saxlanılmalıdır”.

Buna baxmayaraq, politoloq Soçi görüşünün Azərbaycan üçün uğurlu olmadığını düşünür: ”Çünki görüşün yekunu olaraq konkret sənəd imzalanmayıb.  Biz uğurdan yalnız konkret sənəd imzalandıqdan sonra danışa bilərik”.

SİTM sədri həmçinin, Ermənistan rəhbərinin qorxaq və ikiüzlü siyasət yürütməsini də önə çəkib.  Onun sözlərinə görə, Ermənistan XİN başçısı Edvard Nalbandyanın Madrid prinsiplərinin üstündən sükutla keçməsi Ermənistanın əlavə vaxt qazanmaq arzusu ilə bağlıdır: “Tərəflər arasında 5 rayonun qaytarılması ilə bağlı hər hansı bir müzakirə aparılmır.  Ermənistan işğal etdiyi 7 rayonu qaytarmağa söz verib.  Hətta Ermənistan prezidenti dəfələrlə qeyd edib ki, işğal altındakı 7 rayonu qaytarmaqla bağlı Rusiya prezidentinə söz verib. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.  Ermənistan işğal altında olan bütün rayonları geri qaytarmalıdır”. 

Sonda Əhmədoğlu Ermənistanın sülh danışıqlarını süni vasitələrlə uzatmaqda davam edəcəyi təqdirdə, Azərbaycanın hərbi vasitələrdən istifadə etməsinin qaçılmaz olacağını bildirib: “Azərbaycan Laçın koridorunu sıradan çıxarmaqla Dağlıq Qarabağın Ermənistanla əlaqələrini tamamilə kəsə bilər. Bunun üçün Azərbaycan silahlı qüvvələrinə cəmi 2-3 saat vaxt lazım olacaq. Azərbaycanın hərbi potensialı Dağlıq Qarabağı 90 sm dərinliyində şumlamağa imkan verir. Bu gün Azərbaycanda 120 kilometrlik məsafəni sərbəst vurmaq imkanına malik olan raketləri var. Ağdamdan Ermənistanın hava sərhəddi isə cəmi 55 kilometrdir. Ermənilər bu gerçəkliyi unutmamalıdırlar”.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır