Modern.az

O, şair doğulmuşdu

O, şair doğulmuşdu

Ədəbi̇yyat

16 Dekabr 2020, 15:23

Şuşa qalası alınanda sevindiyim qədər Ramiz Kərəm qalası çökəndə üzüldüm. Dünən Azərbaycanın həqiqi istedad sahibi olan bir şairini itirdik.  Ramiz Kərəmin bircə misrasından, bircə şeirindən xəbərdar olanlar onun fitrətən şair olduğunu təsdiqləyərlər. Onu öz sadəliyindən , səmimiliyindən , bir də ədəbi tənqidimizin  subyektiv münasibəti ( burada başqa amillər də var) üzündən bu gün geniş ictimaiyyət  kifayət qədər tanımır. Onu da  etiraf edim ki, R.Kərəmin özü də tanınmaqdan, məşhurlaşmaqdan (bu fikri təsdiq edən gerçək faktlar barədə qismət olsa sonra yazacam)  qaçırdı. Ona görə qaçırdı ki, o, həqiqi  istedad sahibi idi.  Onun bir yolu vardı. Ömrünün sonuna qədər də bu yolla getdi. O, bu  dünyada  həqiqi şair və əsl insan kimi yaşadı. Təbii və səmimi.”Olduğu kimi göründü, göründüyü kimi oldu”. Onun sözü –poeziyası ilə hərəkəti, davranışı arasında fərq görünmürdü. Hər kəs öz dünyasından çıxış edir. Hər kəs öz dünyasını yazır. Ancaq baxır o dünya necədir. R. Kərəm çox zəngin daxili aləmi, fərqli duyğu-düşüncəsi, özəl ovqatı olan şairlərdən idi.

Çox nadir istedad sahiblərindən idi ki, Tanrı onu istedadla bərabər insanı insanlıq mərtəbəsinə yüksəldən  bütün ali dəyərlərlə mükafatlandırmışdır. Etiraf edək ki, bu gün  elə ədəbiyyat və sənət adamları var ki,  nadir sənət nümunələrinə müəlliflik etsələr də, adam onları görəndə qaçır, onlarla salamməleyk belə etmək istəmir. Ramiz Kərəm  özgə bir insan idi. Onunla  ötəri münasibətdə olanlar belə bunu təsdiqləyərlər.

R.Kərəm titulsuz, ordensiz-medalsız  olsa da, ancaq anadan şair doğulmuşdur. Tam səmimi və bütün məsuliyyətimlə deyirəm ki, o, ədəbiyyatımızda yaşayacaq bir şairdir. Bu məqamda gerçək bir nümunə deyim. Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətində dərc olunan “Hece taşları” aylıq şeir dərgisinin Azərbaycanın Qarabağdakı qələbəsinə həsr olunmuş xüsusi buraxılışında R.Kərəmin ” Zəfər şeiri”də  özünə yer almışdır.

İndilikdə onun yaradıcılığından  geniş söz açmaq iqtidarında deyiləm.

Ancaq R.Kərəmin  yaradıcılığının yaxın gələcəkdə geniş tədqiq olunacağına, poetik nümunələrinin müntəxəbatlara salınacağına əminəm.

Ramiz Kərəm bu gün doğulduğu   ata yurdunda-  Gədəbəyin Ataxal kəndində  doğmalarının yanında Allaha əmanət edilir. Çox təəssüflər olsun ki, onusevənlər məlum səbəblərdən bu törəndə iştirak edə bilmir. Bir dözülməz ağrı da budur...

 

Xeybər Göyyallı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi