Modern.az

Şəhid anası Prezidentdən kömək istədi - MÜRACİƏT

Şəhid anası Prezidentdən kömək istədi - MÜRACİƏT

17 Dekabr 2020, 21:10

Vətən Müharibəsinin şəhidi, 30 sentyabr tarixində cəbhənin Füzuli rayonu istiqamətində həlak olmuş  Fərid Təşkilat oğlu Hacıyevin anası Zəminə Hidayət qızı Quliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, kömək istəyib.

Modern.az-ın məlumatına görə, əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan və hazırda Biləsuvardakı məcburi köçkün qəsəbəsində yaşayan şəhid anası müraciətində bildirib:

“Hörmətli Prezident, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva,

Sizə müraciət etməyimə səbəb həyat yoldaşım Təşkilat Hacıyevin hazırda ağır vəziyyətdə olması və təcili köməyə ehtiyac duymasıdır.

Öncə onu qeyd edim ki, oğlumuz Fərid Hacıyev Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kimi sentyabrın 27-dən başlayan Vətən Müharibəsinin ön sıralarında döyüşüb.

Sentyabrən 30-da isə cəbhənin Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Fərid Hacıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezidentin 15 dekabr 20-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Digər oğlumuz isə hazırda cəbhənin Tərtər rayonu istiqamətində hərbi xidmətdədir.

Həyat yoldaşım Təşkilat Hacıyev oğlumuz Fəridin şəhid olmasından sonra ağır infarkt keçirdi və ürəktutması səbəbilə təcili olaraq “Zəfəran” klinikasında cərahiyyə əməliyyatına məruz qaldı. Təəssüf ki, həyat yoldaşım elə oradaca koronavirus infeksiyasına yoluxdu və biz onu çətinliklə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirə bildik.

Hazırda ağır vəziyyətdə olan Təşkilat Hacıyev həmin xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub və yaşam uğrunda mübarizə aparır.

Hörmətli Prezident və Birinci vitse-prezident,

Sizdən artıq dərəcədə xahiş edirəm ki, həyat yoldaşımın həyatda qalması üçün müvafiq yardım göstərilməsinə kömək edəsiniz.

Çünki oğlumuz Fərid Hacıyev şəhid olmazdan öncə vəsiyyətində üç azyaşlı övladını atasına əmanət edib. Şəhidin əmanətinə sahib çıxan atası isə ölüm-dirim arasında qalıb.

Sizə böyük inam və dərin hörmətlə Vətən Müharibəsi şəhidinin anası Quliyeva Zəminə Hidayət qızı (tel: 050 797-27-17)".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub