Modern.az

Prezidentin verdiyi İSMARICLAR

Prezidentin verdiyi İSMARICLAR

19 Dekabr 2020, 10:50

Prezident İlham Əliyev dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış etdi.

 

Prezidentimizin çıxışı həmkarlarına və beynəlxalq auditoriyaya diplomatik ismarıclarla zəngin idi. Onlardan bir neçəsinə xüsusi diqqət yetirmək istərdim.Məsələ ondadır ki,iclasdan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin  mətbuat konfransı keçirmişdi və Qarabağ məsələsinə yanaşmasına ictimai şəkildə aydınlıq gətirmişdi.Bildirmişdi ki, Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılır,eyni zamanda etiraf etmişdi ki,beynəlxalq-hüquq baxımından Dağlıq Qarabağ da Azərbaycan ərazisidir.

 

Prezident İlham Əliyev iclasda Rusiya Prezidentinin həmin açıqlamasını  xüsusi olaraq xatırlatdı və bunu təsadüfən etmədi. Dövlətimizin başçısı ölkəmizin ərazi bütövlüyünün bir gün əvvəl  Rusiya Prezidentinin  özü tərəfindən tanındığını xatırlatmaqla,  gələcəklə bağlı məsələnin də ölkəmizin daxili işi olduğuna işarə etdi. Prezidentimiz bu fikri xüsusi vurğuladı: ”Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalıb. Bu, artıq tarixdir”. Ard-arda ifadə olunan bu iki fikrin məna yükü ondan ibarətdir ki,  Azərbaycana aid ərazidə  münaqişə keçmişdə qalıbsa, deməli, statusla bağlı müzakirə ediləcək məsələ də qalmayıb.

 

Prezident İlham Əliyevin xüsusi olaraq üzərində dayandığı digər məsələ  Rusiya-Türkiyə  Monitorinq Mərkəzinin Ağdam rayonunda fəaliyyətə başlaması ilə bağlı idi.Dövlətimizin başçısı  ictimai şəkildə bir daha xatırlatdı ki,mərkəzin yaradılması noyabrın 10-da imzalanmış üçtərəfli birgə bəyanatda nəzərdə tutulub.

 

Cənab Prezident öz həmkarları ilə yanaşı, həm MDB məkanındakı ictimaiyyətin, həm də beynəlxalq auditoryanın diqqətinə bir daha çatdırdı ki, Qarabağ Ermənistan tərəfindən viran qoyulub, Azərbaycan torpaqlarına faktiki qəbilə təfəkkürü ilə yanaşılıb. Dövlətimizin başçısı vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu belə ifadə etdi: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi”.

 

Məlumdur ki, ağır hərbi məğlubiyyətdən sonra Ermənistanda dərin ictimai-siyasi böhran yaşanır, hakimiyyət uğrunda əsl savaş gedir. Bu savaşda revanşist qüvvələr, o cümlədən Ermənistanın keçmiş rəhbərlərindən R. Koçaryan və S. Sarqsyan da iştirak edirlər. Prezidentimizin çıxışındakı məqamlardan biri məhz onlarla bağlı oldu və şübhəsiz ki, bu da təsadüfi deyildi. R. Koçaryanın Moskvaya səfər etməsi ilə bağlı məlumatların yayıldığı bir vaxtda  dövlətimizin başçısı onun və Sarqsyanın ünvanına bu fikirləri bildirdi: “Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük”.  Bu cümlələr revanşistlərə dəstək verənlərə  diplomatik mesaj anlamına da gələ bilər.

 

Prezidentimizin tədbirdəki bu çıxışı dövlətimizin beynəlxalq hüquqa söykənən mövqe və maraqlarının diplomatik müstəvidə öz həmkarlarına, eləcə də MDB ictimaiyyətinə və beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu çıxış bir daha ona dəlalət edir ki, ümumxalq maraqlarımızla bağlı məsələlər ciddi nəzarətdə saxlanılır, o cümlədən cəmiyyətimizi düşündürənlər də diqqətdən yayınmır.

 

Ülvi Quliyev,

Milli Məclisin deputatı

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi