Modern.az

Bizim əsgər - Döyüşçü seyid Mirvahid: “Dedi ki, sizin jurnalist dostunuzla bir yerdəyəm” - FOTOLAR

Bizim əsgər - Döyüşçü seyid Mirvahid: “Dedi ki, sizin jurnalist dostunuzla bir yerdəyəm” - FOTOLAR

21 Dekabr 2020, 08:36

Modern.az saytının “Bizim əsgər” rubrikası davam edir. Qonağımız yazıçı Mirmehdi Ağaoğludur. O, bizə hərbçi əmisi oğlu Mirvahid Ağa haqqında danışacaq.


- Mirmehdi bəy, bizə əminiz oğlu haqqında məlumat verməyinizi istərdik.

- Mənim 7 əmim var. Mirvahid də rəhmətlik əmim Mirmahmud Ağanın oğludur. 1993-cü ildə Neftçalada anadan olub. Bir bacı, bir qardaşdılar. Vahid həmişə özünəməxsusluğu ilə seçilib. Özünün yanaşması, fərqli düşüncəsi var, ona zorla nəyisə qəbul etdirmək mümkün deyil. Sözünü birbaşa üzə deyəndi, daldada danışmağı xoşlamaz. İlk baxışda sakit, lal-dinməz adam təsiri bağışlasa da, bir az ünsiyyət qurandan sonra görürsən tamamilə istiqanlı, mehriban uşaqdı, şux zarafatları, hazırcavablığı var. Dediyim kimi, öz dünyası, həvəsi olan adamdır, ağlına nəsə bir ideya gəldisə, gecəsini-gündüzünə qatıb həyata keçirəcək. Bizim nəslin əksər nümayəndələrində olduğu kimi, onda da hərdəmxəyallıq var. İnformasiya texnologiyaları sahəsində özü-özünə biliklərini artırırdı, nə vaxt baxırdın, görürdün notbuku dizinin üstündə, hansısa proqramlaşdırma dilini öyrənir, nəsə proqram qurur. Notbukunun kompüter təminatında min cür dəyişiklik eləmişdi. Mən özüm kompüter, telefonla bağlı bütün dərd-sərimi ona deyirdim.

Mirvahid Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxuyurdu, sonra müəyyən səbəblərdən təhsili yarımçıq qaldı. İki-üç il müxtəlif işlərdə çalışdı, bir müddət Rusiyada da yaşadı. Sonra təzədən Azərbaycana qayıtdı, universitetdə təhsilini bərpa etmək istəyirdi. Lakin kəsirləri vardı, onları yoluna qoymaq lazım idi. Danışmışdıq ki, universistetə müraciət edək. Həmin ərəfədə Vətən müharibəsi başladı, sentyabrın 29-da ona çağırış gəldi, cəbhəyə yollandı, indiyə qədər də oradadır. 


- Onu döyüşə necə yola saldınız?

- Vətən müharibəsi başlayandan iki  gün sonra çağırış gəldi. Həmin vaxt Mirvahid Bakıda idi, təəssüf ki, görüşüb yola sala bilmədim, elə telefonla danışıb sağollaşdıq. Elə həmən gün Bakıdan Neftçalaya, hərbi komissarlığa yollandı.



- Ümumiyyətlə, vətənpərvərlik hissləri onda çoxmu qabarıq idi?

- Vətənpərvərlik elə bir hissdir ki, məncə Vətəni daha çox onun haqqında ağızdolusu danışanlar deyil, susanlar sevirlər. Vahid də ilk günlərdən döyüşlərə yollanmağı ilə əməli surətdə sevgisini nümayiş etdirdi. Yəqin dediklərimdən də anlaşıldı ki, bizim ailə seyid nəslindəndir, buna görə də bizim üçün şəhidlik həmişə bir qədər doğma, sakral anlayış olub, hardasa vüsala yetmək mənası daşıyıb. Elə onu yola salan zaman telefonda danışanda ürək-dirək verdim ki, çalış birinci özünü qoru, sonra Vətəni. O da dedi ki, şəhid olmaqdan qorxmuram, təki torpaqlar azad olunsun, bilək ki, hədər yerə ölmədik.


- Cəbhədə olduğu müddətdə şəxsən onunla əlaqə saxlaya bilirdiniz?


- Hərbi xidmətə çağırılandan bir neçə gün sonra Cəbrayıl-Zəngilan istiqamətinə aparıldığını öyrəndik. Oktyabrın 7-dən döyüşlərdə iştirak edib. İmkan düşdükcə ailəsi ilə danışırdı. Bir ara öyrəndim ki, orda telefonu da var, amma işlətdiyi nömrəyə zəng çatmırdı. Axşamlar döyüşdüklərinə görə daha çox gündüz vaxtı danışa bilirdilər, onda da aydın məsələdir ki, evlə danışmaq üstündə əsgərlər arasında adətən növbə olur. Mənə nə lazımdır? Bilim ki, salamatdır, zəng etməsə də olar, əsas odur canı sağ olsun. Amma hardasa oktyabrın ortaları idi, birinci dəfə onda zəng vurdu, qısa olsa da danışdıq. Zarafatla soruşdum ki, erməniləri iti qovan kimi qovursuz? O da zarafatla belə cavab verdi: “Erməni görürük qovaq da, yerlərini bilən kimi gəlib çatanda baxırıq ki, hər şeylərini atıb qaçıblar. İndi də elə erməni postundayam, onların günəş batareyaları var, gətirib qoşmuşam, telefonlarımızı bununla zaryadkaya qoyuruq”. Dedim orda da texnikadan-filandan əl çəkmirsən. Hə, onu da dedi ki, sizin jurnalist dostunuz Nəsimi Şərəfxanlı ilə bir yerdədirlər.


- Cəbhədən sizə söylədiyi maraqlı bir əhvalat varmı ki, indi oxucularımızla bölüşəsiniz?

- Açığı təhlükəsizliklə əlaqədar telefonla danışanda olduğu yeri, döyüşlər barədə ətraflı heç nə soruşmurdum. Cəbrayılda, Qubadlıda keçirilən bütün əməliyyatlarda iştirak etdiyini deyirdi. Sonradan Laçın istiqamətinə getmişdilər, indi də ordadır, arada şəkil göndərir. Dediyim kimi,  günəş batareyasını gətirib onu işə salmağını, bir dəfə girdikləri kənddə əsgər yoldaşı ilə tapdığı bir balon qoz mürəbbəsini yediklərini danışmışdı. Dedi “aparmaq imkanı yox idi, biz də məcburən iki nəfərə hamısını yedik”.

Telefonla danışanda əsasən kefini soruşurdum, düzdür, Vahid sarıdan narahat olduğum qədər arxayınlığım da vardı. Bilirdim ki, bərk oğlandır. İdman sarıdan hazırlıqlıdır. Hələ yeniyetmə vaxtında həyətlərində taxtadan dəzgah düzəltmişdi, o dəzgahın üstündə kunq-fu fənnlərini işləyirdi. Eynən filmlərdə Brüs Linin elədiyi kimi. Yəni deməyim odur ki, əmin idim, əlbəyaxa döyüşdə hər erməni Vahidin qabağında davam gətirə bilməz. Bununla belə bu 44 gündə çox narahat oldum. Mən də, ailəsi də, bütün qohumlar da. Bir neçə dəfə elə oldu ki, üç-dörd gün xəbər tuta bilmədik, onda açığı çox qorxurduq, dilə gətirməsək də ağlımıza min cür axmaq fikir gəlirdi.

Qayda idi, hər gün səhər qohumlar bir-birimizə zəng edib, “Vatsap”da yazıb soruşurduq ki, kim Vahidlə danışıb? Necədir, yaxşıdırmı? Biləndən sonra ki, bacısı, anası ilə, bibimlə, ya kiminləsə danışıb, ondan sonra həmin gün rahatlıq tapırdıq.

Noyabrın 10-da da Ermənistan tərəfi kapitulyasiya aktını imzaladıqdan sonra səhərə yaxın zəng vurdu. Telefonda əsgər yoldaşlarının da səsini eşidirdim. Sevinir, şənlənirdilər. Dedi gecədən atəşfəşanlıqdır orda. Qələbə xəbəri çıxandan sonra öyrəndik ki, ayağından qəlpə yarası alıbmış. Narahat olarıq deyə heç birimizə deməyib. Bir neçə gün sonra yara irin bağlayıb, o da tibb məntəqəsinə yollanıb. Orda həkimlər bir ana, bacı şəfqəti ilə qulluğunda durublar; yemək veriblər, su qaynadıb başını yuyublar, çəkmələrini təmizləyiblər. Vahid də zarafatla deyib ki, “bu qədər qayğı göstərməyin, sonra səngərə qayıtmaram”.

 


- Əminiz oğlu cəbhədən evinə qayıdanda Qarabağdan sizə nə gətirməsini istərdiniz?

 

- Mən əmim oğlunu digər əsgərlərimizdən ayırmıram. Əsgərlərimiz bizə Qarabağı bəxş etdilər. Onların bizə verdikləri ən böyük sovqat da zəfər payıdır. Azərbaycan əsgəri Vətən savaşında böyük rəşadət göstərdi. Bu müharibə çağdaş hərb elmi üçün də bir nümunə, yenilik oldu. Əliyar Əliyev, Allahverdi Bağırov, İsgəndər Aznaurov, Albert Aqarunov kimi yüzlərlə qəhrəmanımızın Birinci Qarabağ müharibəsində göstərdiyi igidliklər barədə çox  eşitmişdik. Lakin bu qəhrəmanlıqların nəticəsiz qalması, Qarabağın işğalda olması istər-istəməz xalqda natamamlıq kompleksi, inamsızlıq yaratmışdı. Bir çox uğursuzluqlarımızın kökündə məhz bu natamamlıq kompleksi, inamsızlıq dayanırdı. Məhz bu gün cəhbədə döyüşən, çağdaş terminologiya ilə desək, “Z” nəslinin uşaqları, yəni müharibələri yalnız virtual aləmdə, kompüter oyunlarında görən, əksəriyyəti Qarabağın işğalından sonra doğulan oğullarımız göstərdilər ki, virtual aləmdə, kompüter oyunlarında qazandıqları qələbələri real həyata da köçürə bilirlər. 30 ilə yaxın düşmən pəncəsində inləyən Qarabağı 44 günə geri alıb bu Vətənə, xalqa qaytardılar. 44 günə o qədər ərazini almaq mif-möcüzə kimi görünür. Mənim üçün bundan böyük pay yoxdur. Əmim oğlu da daxil, bütün əsgərlərimizə bu qələbə üçün təşəkkür edirəm. Ömrümüzün sonuna kimi onlara borcluyuq.


- Buyurun, əminiz oğlu Mirvahidə “Bizim əsgər” rubrikasında “Əsgər salamı” göndərin...

- Mirvahid bu gün nəinki mənim, bizim nəslin, həmçinin xalqımızın qürurudur. 44 günlük Vətən savaşımızda canı və qanı bahasına mübarizə aparan bütün əsgərlərimiz qarşısında baş əyirəm. Şəhidlərimizin ruhları şad olsun, necə ki şaddır, yaralılarımıza isə şəfa diləyirəm, tezliklə sağalıb adi həyata qayıtmalarını arzulayıram. Əsgərlərimizin - qazi və şəhidlərimizin Azərbaycan xalqının mənəvi dünyasında tutduqları mərtəbə ən yüksək mərtəbədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub