Modern.az

İrəvanda Rəşid Behbudov, Zeynəb Xanlarova, Nəzakət Məmmədovanın valları...

İrəvanda Rəşid Behbudov, Zeynəb Xanlarova, Nəzakət Məmmədovanın valları...

21 Dekabr 2020, 10:07

İrəvanda ilk dəfə 1985-ci ildə olmuşdum. O zaman Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi əlaqələr sektorunun müdiri idim. Ermənistan EA-nın Ədəbiyyat İnstitutu ilə birlikdə “Azərbaycan-erməni ədəbi-mədəni əlaqələri” adlı kollektiv kitab hazırlamaq barədə razılığa gəlmişdik. Plan-prospekt tərtib etmək, mövzular və müəlliflər heyəti haqda ilkin müzakirələr aparmaq üçün İnstitutdan İrəvana ezamiyyətə göndərilmişdim.

Aradan 35 il keçib.

İndi həmin günləri xatırlayanda görürəm ki, bu üçdə bir əsr ərzində erməni cəmiyyəti sözün həqiqi mənasında tam vəhşiləşib.

Məncə, o zaman insanlıq meyarlarına az-çox cavab verənlər hələ vardı.

İrəvan xoşuma gəlmədi. Sönük, cansıxıcı təsir bağışlayırdı. Bilmirəm, mənə elə gəlirdi, yoxsa həqiqətən belə idi – getdiyim hər yerdə nə isə əsəbi bir atmosferin, didişmə ab-havasının hökm sürdüyünü hiss edirdim.

Amma heyrətləndiyim məqamlar da oldu. Mağazalarına baxanda bizdən daha yaxşı yaşadıqlarını görməmək mümkün deyildi. Özümüzün istehsal etdiyimiz, amma çətinliklə tapdığımız mallar burada ürəyin istəyən qədər idi.

İnstitutda məni normal qarşıladılar. Bir dəfə şöbədə, bir dəfə isə restoranda şərəfimə ziyafət düzəltdilər. Xüsusi düşmən münasibət hiss etmədim. Yalnız restoranda yanaşı oturduğumuz erməni həmkarım xeyli içəndən sonra ehtiyatla istəsəm məni soyqırımı abidəsinə apara biləcəyini dedi, o zaman heç adlarını əməlli-başlı bilmədiyim Tələt və Ənvər paşanı pisləməyə başladı. Amma ertəsi gün nə mən abidəyə getməyə maraq göstərdim, nə də o təkid etdi.

Başqa bir əməkdaş isə məni evinə qonaq çağırdı. O qədər də imkanlı olmadığı dərhal sezilirdi. Amma yaxşı süfrə açmışdı. Mənə fəxrlə köhnə patefonun yanına qalaqlanmış valları göstərdi. Rəşid Behbudov, Zeynəb Xanlarova, Nəzakət Məmmədova – hamısı Azərbaycan musiqisi idi. Bir az içəndən sonra haradansa köhnə bir dəf tapıb gətirdi. Qulağına tutub bacardığı şəkildə “Küçələrə su səpmişəm”, “Üçtelli durna” və s. mahnılarımızı mızıldandı.

Gəldiyim gün axşam şəhəri gəzməyə çıxmışdım. Deyəsən, oteldən çox uzaqlaşmışdım. Geri qayıtmaq üçün yolu tapa bilməyəcəyimi görüb bir taksi saxladım. Ünvanı deyən kimi sürücü Azərbaycan dilinə keçdi.

-Bakıdansan?

-Aha.

-Mən də Bakıdan köçüb gəlmişəm. Ara, ehtiyatlı ol. Gecə vaxtı belə yerlərdə tək gəzmə. Tutub adamın başın kəsərlər.

-Hamının başın kəsirlər? – deyə söhbəti zarafata çevirmək istədim.

-Yox. Türkün, musurmanın...

Vur-tut iki ildən sonra taksi sürücüsünün dediyi prosesə start verildi... Və bizi tam hazırlıqsız yaxaladılar.


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?