Modern.az

Azərbaycanın xarici borcu - artıb, azalıb?

Azərbaycanın xarici borcu - artıb, azalıb?

21 Dekabr 2020, 13:18

2020-ci il 1 iyul tarixli vəziyyətinə Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8213,2 milyon ABŞ dolları olub.

Modern.az
xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Rəsmi məlumata görə, 2020-ci ilin ilk 6 ayı ərzində birbaşa xarici dövlət borcunun cari ilin əvvəli ilə müqayisədə 106,8 milyon ABŞ dolları məbləğində endirilməsinə nail olunub. Bununla belə, 2020-ci ilin əvvəlindən dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirləri, ölkəmizin neft hasilatının azaldılması ilə bağlı OPEC+ razılaşmasına qoşulması, habelə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar nəticəsində 2020-ci il üzrə ÜDM 82,8 milyard manat həcmində və ya 2,4 faiz real artıma qarşı, hal-hazırda mənfi 4,0 faiz real artım tempi nümayiş etdirəcəyi, nominal ifadədə isə 71,8 milyard manat təşkil edəcəyi gözlənilir. Belə olan təqdirdə, birbaşa xarici dövlət borcunun məbləğinin 106,8 milyon ABŞ dolları azalmasına baxmayaraq, xarici dövlət borcunun ÜDM-a nisbəti 17,3 faizdən 19,5 faizədək artıb.

Xarici dövlət borc portfelinin 62,7 faizini sabit, 37,3 faizini isə dəyişkən faiz dərəcəsi ilə olan borclar təşkil edib. İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 42,5 faizi 10 ilə qədər olan müddətdə, 51,5 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 6,0 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Birbaşa xarici dövlət borcunun 82,0 faizi ABŞ dollarında, 8,3 faizi avroda, 4,6 faizi XBH-da (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,9 faizi yapon yenində, 1,3 faizi isə digər valyutalarda cəlb olunmuşdur. Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə 745,0 milyon ABŞ dolları (ÜDM-in 1,8 faizi) məbləğində şərti öhdəliklər nəzərə alınmaqla Azərbaycan Respublikasının xarici dövlət borcu 8958,2 milyon ABŞ dolları və ya ÜDM-in 21,3 faizini təşkil etmişdir.

Cari ilin əvvəli ilə müqayisədə şərti öhdəliklər daxil olmaqla xarici dövlət borcunun məbləği 132,8 milyon ABŞ dolları həcmində azalmış, ÜDM-ə nisbətdə isə 2,4 faiz artmışdır. Hesabat dövrünə birbaşa daxili dövlət borcu 1320,1 milyon manat, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə 130,0 milyon manat məbləğində şərti öhdəliklər də nəzərə alınmaqla daxili dövlət borcunun ümumi məbləği 1450,1 milyon manat və ya ÜDM-in 2,0 faizini təşkil etmişdir.

2021-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2198,8 milyon manat məbləğində vəsait nəzərdə tutulur. Həmin xərclərin 2031,7 milyon manatını xarici dövlət borcuna xidmət xərcləri, 167,1 milyon manatını isə daxili dövlət borcuna xidmət xərcləri təşkil edir.

Xarici dövlət borcuna xidmət xərclərinin 1753,0 milyon manat məbləğində hissəsinin birbaşa cəlb edilmiş kreditlər üzrə xərclərə, 278,7 milyon manat məbləğində hissəsi isə Azərbaycan Respublikası Hökumətinin müvafiq qərarları əsasında bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərə xidmət xərclərinə istifadə olunması nəzərdə tutulur. Birbaşa xarici dövlət borcuna xidmət xərcləri hesabına 1322,5 milyon manat məbləğində əsas, 430,5 milyon manat məbləğində faiz ödənişləri, daxili dövlət borcu üzrə isə 6,9 milyon manat məbləğində əsas, 160,2 milyon manat məbləğində faiz ödənişləri təmin ediləcəkdir.

Cari il ilə müqayisədə 2021-ci ildə borca xidmət xərclərinin artmasının əsas səbəbləri aşağıdakılardır:

 1. əvvəlki illərdə imzalanmış bir sıra kredit müqavilələri üzrə əsas borcun qaytarılmasına 2021-ci ildən etibarən başlanılması;

2. Azərbaycan Respublikası Hökumətinin müvafiq qərarları əsasında bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş və dövlət büdcəsinin vəsaitləri hesabına xidmət olunan öhdəliklər üzrə ödənişlərin 2020-ci ildə (426,7 milyon manat) “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına təmin edilməsi üzrə müvafiq qərar qəbul edilmişdir. Məhz bu səbəbdən 2020-ci il dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri bir qədər az olmuşdur.

Azərbaycan Respublikasının 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 1300,0 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddinin (limitin) 1200,0 milyon manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin (limitin) 1000,0 milyon manat məbləğində olması təklif edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi