Modern.az

Vətəni yaşadanlar - “Ana bizi təbrik elə, artıq Şuşadayıq!” - Şəhid Qubad Əliyev

Vətəni yaşadanlar - “Ana bizi təbrik elə, artıq Şuşadayıq!” - Şəhid Qubad Əliyev

Reportaj

22 Dekabr 2020, 09:35

Azərbaycan ordusu sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində böyük Zəfər qazandı. Yağı düşmən tapdağında olan torpaqlarını 30 il sonra geri aldı. Bu Qələbənin arxasında geriyə bir dəfə belə baxmadan canını qurban verən igid, qorxmaz Azərbaycan oğulları dayanır.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2800-dən çox əsgərimiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Biz 30 il boyunca “Qan yaddaşımız”ı unutmadığımız kimi, bundan sonra da “Zəfər yaddaşımız”ı unutmamalı, unutdurmamalıyıq. 


Modern.az
 saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.


Bu dəfə qəhrəmanlığından danışaçağımız şəhidimiz Şuşanın azad edilməsində iştirak etmiş Qubad Əliyevdir.


Əliyev Qubad Usur oğlu 1994-cü il fevralın 4-də Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə 1-ci sinifə gedib. 2010-cu ildə orta məktəbi bitirib, Sumqayıt şəhər 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirib.


Qubad 2013-cü ildə hərbi xidmətə çağırılıb və Ağdam rayonu 190 saylı  hərbi hissənin əsgəri olub. Hərbi xidməti başa vurduqda baş atıcı və tuşlayıcı vəzifəsində xidmətə layiq görülüb.

Şəhidimiz hərbi xidmətdən qayıtdıqdan sonra “Delta Qrup CO” MMC-də Logistika Departamentinin Mərkəzi Anbar şöbəsində fəhlə işləyib. 2016-cı ildə ailə həyatı quran Qubadın bir oğlu dünyaya gəlib.


O, 2020- ci il sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da Vətənənin müdafiəsinə çağırılıb. 

Qubad cəbhə bölgəsinin Qubadlı, Ağdərə, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri olub. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışır.

Şəhidimizin mərdlik göstərdiyi son döyüşü Xocavaənd rayonunda - Qırmızı Bazar istiqamətində Şuşaya doğru olub.

Qubad noyabrın 8-i saat 13 radələrində anasına zəng edərək deyib:

"Ana, bizi təbrik edə bilərsən. Biz artıq Şuşadayıq. İllər sonra Şuşanın azad etdik".

Şuşa xəbərini anasına çatdıran Qubad telefon danışığınından 2 saat sonra Şuşa yüksəkliyində qəhrəmancasına həlak olub.

Şəhidin dəfn mərasimində iştirak edən yaralı döyüş yoldaşı Qubadın qəhrəmanlıqlarıdan danışıb:

"Qubad Vətən müharibəsində bir addım belə özünü geri vermədi. Şuşanın alınması uğrunda gedən qızğın döyüşlərdə Qubad və Fərid adlı başqa bir döyüş yoldaşımız dağın başında yerləşən mövqedə düşmənlə üzbəüz vuruşurdu".

Oktyabrın 9-dan müharibəyə gülə-gülə gedən Qubadın noyabrın 9-da ailəsinə şəhid olmaq xəbəri gəlir. Qubad Əliyev noyabrın 11-də Sumqayıtın şəhidlər xiyabanında dəfn olunub.

Bu da 26 yaşlı qəhrəman bir gəncin qısa ömür hekayəsi...

Allah rəhmət eləsin!

Fidan İlqarqızı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?