Modern.az

Vətəni yaşadanlar: Hələ doğulmayan oğluna ad qoymuş kəşfiyyatçı ŞƏHİD

Vətəni yaşadanlar: Hələ doğulmayan oğluna ad qoymuş kəşfiyyatçı ŞƏHİD

Reportaj

25 Dekabr 2020, 13:25

Qarabağ Azərbaycandır! İllər boyu bu söz hər kəsin dilindən nisgil, həsrət sözlüyü kimi işlənirdi. İllər sonra Azərbaycanın məğrur oğulları bu sözlə 44 gün ərzində min ömürlük dastan yazdı. “İrəli, dayanmaq yoxdur!” deyə qışqırıb, canlarını heçə sayıb, Qarabağı azad etdilər. Öz ömür dəftərlərini sonlandırıb, Azərbaycana yeni, daha güclü ömür yazdılar. Şəhidlik zirvəsinə yüksəlməyi özlərinə şərəf bildilər.


Modern.az
saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.


Bu dəfə haqqında danışacağımız şəhidimiz Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, baş gizir Camal Vidadi oğlu İsmayılovdur.


O, 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Hər bir azərbaycanlı kimi, şəhidimizin də ürəyində Qarabağımız nisgil kimi qalmışdı. Onun arzusu Qarabağda Azərbaycan bayrağını dalğalandırmaq idi. Bu arzu ilə ürəyi közərən Camal hərbçi olmağı qərara alır. 2002-ci ildə həqiqi hərbi xidmətə yollanan gizir dərin zəkası, bacarığı ilə hərbi hissə komandanlığının diqqətini çəkir. Beləcə Camal həyatının 18 ilini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, baş gizir kimi xidmətə həsr edir.


Qəhrəman gizirimizin qısa, amma şərəfli ömür yolunu həyatını bölüşdüyü Fatimə xanımdan eşidək:



“Şəhid yoldaşı olmaq çox çətin, həm də qürurvericidi. Mənim tələbə vaxtından arzum olub ki, həyatı gizli olan biri ilə evlənim. Camal da elə biri idi. Kəşfiyyatçı olduğu üçün heç nə danışmazdı. Hətta biz nişanlanandan sonra bildim ki, Camal hərbçidi.

O, bir çox təlimlərdə iştirak edib, 94 dəfə paraşütdən atlanıb, xizək, dağçılığın bütün sirlərinə bələd idi. Moskvada alman faşizmi üzrəində qələbənin 95 illiyi münasibətilə keçirilən paradda iştirak edib, medal alıb. Bayraq Meydanının açılışında iştirak edib. Təlimlərdən də həmişə yüksək nəticələrlə qayıdardı”.


Gizirimiz Füzuli uğrunda gedən döyüşlər zamanı yaralanan dostunu xilas edəndə ayağından və qolundan xəsarət alsa da, evdəkilə bildirməyib.


“Camalla danışanda səsinin döyüş bölgəsindən gəlmədiyini hiss etdim. Soruşdum ki, hardasan? Dedi ki, kazarmadayam, ayağım burxulub. Sonra dostlarından yaralandığını, dörd gün hospitalda yatdığını, daha sonra yenidən döyüşə qayıtdığını bildim”.


Şəhid dostu Kamil Şirinovla
:


“Camal mənimlə danışanda fərəh hissi keçirdiyini, illər sonra Cəbrayıla, Füzuliyə, Laçına qayıdacağımızı deyirdi. Söyləyirdi ki, qızlarımla bura gəlib, onları  Qarabağda gəzdirəcəm, yenidən Azərbaycanın üçrəngi barağını bu ərazilərə sancacam.

Camal işinə çox hörmətlə yanaşırdı. Onun hərbi geyimdə şəkli telefonumda ola bilməzdi. İşindən danışmazdı. Camal Vətənə, torpağa bağlı idi.

Döyüş yoldaşları Camalın son döyüşdə 200-ə yaxın erməni öldürdüyünü deyirlər. Həmçinin, onu da deyirdilər ki, Camal baş gizir olmasına baxmayaraq, biz ona hərbi salam verirdik. Onun döyüş yoldaşlarının çoxu hələ də Qarabağdadır, yaralanan və şəhid olanlar da var. Çox təəssüf ki, Camalla bağlı daha çox məlumatı onlar verə bilərlər”.


Camalın çox ata kimi qayğıkeş, həyat yoldaşı kimi mehriban olduğunu deyən Fatimə xanım, onunla bağlı hər danışanda özünü Azərbaycanın ən yenilməz insanı hesab edir.



Fatimə xanım şəhidimizin son gedişindən, son arzularından danışıb:


“Camal son dəfə gedəndə övladımıza ad qoyub getdi (Qeyd edək ki, Fatimə xanım üçüncü övladına hamilədir). Oğlumuz olsa Alpaslan, qızımız olsa adını Qəmzə qoymaq istəyirdi.

Şam yeməyini yedik, Camal hava alıb, gəzmək istədi. Yolda mənə təlimə gedəcəyini söylədi, qayıdacağından çox əmin idi. Dedim ki, bizi tək qoyub gedirsən. Dedi ki, elə şeylər düşünmə. Sizi birinci Allaha, sonra isə Vətənə əmanət edirəm. Övladlarımızı mənə tapşırdı. “Qızlarıma yaxşı bax, istəyirəm onlar xaricdə ali təhsil alsınlar, onları hərtərəfli, dünyagörüşlü böyüt, sənə arxayınam. Çünki mən hər zaman təlimlərdə olmuşam, sən onları tək böyütmüsən. Uşaqları mərd böyüt” dedi”.


Xanımı deyir ki, Camal son görüşündə övladları ilə vaxt keçirir, onları öpüb, bağrına basırdı. Sanki, son olduğunu bilirdi...


“Həmin gün uşaqlarını o qədər bağrına basdı, öpdü, onlarla çoxlu oyun oynadı ki... O gecə övladları ilə yatdı, son dəfə iylərini içinə çəkdi”.

Allaha ibadət edən şəhidimiz, hər duasında şəhidlik zirvəsinə yüksəlməyi istəyirmiş. Bu duanı yüksək səslə edirmiş.

“Camal namazı bitirdikdən sonra başqa duaları sakit edirdi. Dua edəndə “Allahım məni şəhadətə ucalt” sözlərini yüksək səslə deyərdi. Övladlarını, məni bir növ bu günlərə hazırlayırdı. Qızımız bir dəfə, “ata, şəhidlik nədir?” -deyə sual verdi. Camal deyərdi ki, qızım, hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar. Onların pensiya kağızı şəhidlikdir. O, Vətən uğrunda şəhidliyə ucalmağı, bu qədər arzu edirdi”.



Camalın qardaşı, Dövlət Sərhəd Xidmətininin hərbçisi Ülvi İsmayılov
da onunla bağlı xatirələrini bölüşüb:


“Camal ilə bağlı xatirələrim çoxdur. Onu görüb, hərbçi olmağı qərara almışam. Onun nəşini gətirmək üçün Tərtərə getdik. Orada onu görəndə, gözlərimə inanmadım, üzündə təbəssüm var idi. Çiyinlərindən tutub silkələdim ki, ayılsın. Dedilər artıq neçə gündür ki, rəhmətə gedib. “Bronjileti”ni açdım ki, bədənində qan artıq quruyub”.


Camal övladlarının, həyat yoldaşının ağlamağını istəmirmiş. “Çünki məğrur duruşlu, vətən uğrunda şəhidliyə yüksələn insanla qürur duyular, ağlanmaz”  deyirmiş.


“Son gedişində mənə şəhid olsa, ağlamamağımı tapşırdı. Dedi ki, “ağlayırsansa yanımda ağla, mən getdikdən sonra ağlama. Heç kimin yanında göz yaşı tökmə. Qızlarıma da mənim şəhidliyimi ağlaşma kimi göstərmə”.

Uşaqlara görə, özümü möhkəm tutmuşam ki, onlar kədərlənməsin. Mən bilirəm ki, o harda olsa da, mənim tək qoymayacaq, həmişə bizimlə olacaq.

Hazırda bir oğul övladı gözləyirəm. Bu, Camaldan mənə yadigardır. Camal oğlunun da idmançı olmağını istəyirdi. Amma, mən oğlumun atasının yolunu getməyini istəyirəm”, - Fatimə xanım deyir.


Camal son mesajında da şəhid olacağını hiss etdirib:


“Həmişə mənə “səni qoyub hara gedərəm...” deyərdi. Axırıncı mesajında mənə yazdı ki, “sizin başınızı uca edəcəm, özündən də, uşaqlardan da muğayət ol”. Mən bu mesajından sonra çox narahat oldum, ümidsizliyə qapıldım. Bildim ki, artıq Camal yoxdur”.

Torpaq uğrunda ölən varsa, Vətəndir. Vətən nə doğulduğun yer, nə də yaşadığın ölkədir. Vətən sənin bir hissəndir. O yerdir ki, yaşının hansı çağında olmağından asılı olmayaraq, həmişə ora qayıtmağa can atırsan.

Camal da həmin torpaqlara qayıtmağa can atdı. Orada şəhid olmağı arzuladı. Belə də oldu.


Ta
bor komandirinin sözlərinə görə,
Camal Laçın yüksəkliyinin alınmasında son qanına qədər döyüşərək, şəhidlik zirvəsinə ucalıb.


Şəhidlər xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır.


Camal da qanı ilə min ömürlü dastan yazdı. Allah rəhmət eləsin!



Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı