Modern.az

“Bazar Store” marketində saxta endirim

“Bazar Store” marketində saxta endirim

15 İyul 2012, 17:31

“Head and soulders” şampunları nə vaxtdan ərzaq malı sayılır?

Mübarək Ramazan ayında şəhərin bir sıra dükan və mağazalar şəbəkəsi də bu ayın adından sui-istifadə edərək məhsullarında endirim etdiklərini aləmə car çəkirlər. Əslində savaba batmaq niyyəti ilə edilən bu təşəbbüsü bəzi işbazlar yenə də gəlir məqsədilə istifadə edirlər. Müştərilər də buna aldanaraq saxta endirimli dükanlara üz tuturlar.    Məsələn, tanınmış və imkanlı şəxslərin daim bazarlıq etdiyi “Bazar Store” marketi də orucluq ayından istifadə edərək ərzaq mallarında guya endirim edib. 

Endirimlərin hansı məhsullara və nə qədər olduğunu bilmək üçün elə həmin martketə yollandıq. İçəri daxil olduq və bütün ərzaq sıralarını gəzdik. Məlum oldu ki, vitrinlərdə endirim sözü yazılmış blanklar heç də bütün ərzaq mallarına aid deyil. İnzibatçı ilə görüşüb bunun səbəbini bilmək istədim. O dedi ki, endirimlər yalnız ərzaq mallarına aiddir və 10-20 % həcmindədir. “Məsələn, əvvəllər 1 manata olan ərzağı 80 qəpiyə satırıq”.

Düzü, inzibatçının söylədikləri ilə vitrində gördüklərim heç də bir-birinə uyğun gəlmirdi. Məsələn, “Head and soulders” şampunları nə vaxtdan ərzaq mallarına aid edilib ki, endirimlərə düşüb? Bu məsələnin bir tərəfidir. Digər yandan, alıcı necə bilsin ki, bu məhsulun qiymətində endirim olub. Çünki “endirim” sözü yazılmış blankda endirimdən əvvəlki qiymətlər göstərilməyib. Hazırdakı qiymətləri verməklə kifayətləniblər. Eyni zamanda tərifi ağıza sığmayan bu endirimlər çox az məhsullara aid edilib.

Satıcıya yaxınlaşıb soruşdum ki, bəs sizdə endirimlərlə bağlı hər hansı buklet-filan varmı? Cavabında dedi ki, hər ay olur, indi  qurtarıb. Dedim, bəs alıcı necə bilsin ki, doğurdan da endirim edilib, çünki əvvəl ki, qiymətlər göstərilməyib. Dedi ki, daimi alıcıların özləri bilir. Belə də olmalıdır.

Alıcıların da fikri maraqlı olar deyə onlara da yaxınlaşdım. Onların demək olar ki, böyük əksəriyyəti endirimlərdən xəbəri olmadıqlarını bildirdilər. Bəziləri isə buradan daim bazarlıq etmədiyi üçün endirimin olub-olmadığını bilmədiklərini dedi. Hətta gənc bir qız qiymətlərin bahalığından da şikayət etməyi unutmadı. “Endirimin olduğunu hiss etməmişəm. Yəqin ki, 20 qəpiklik məhsulu əvvəllər 2 manata satırdılarsa, indi 1 manata satırlar”.

Beləliklə, müştərilərin də fikirləri göstərir ki, bu market ramazan bayramından istifadə edib özünə reytinq yığmaqdan başqa bir şeylə məşğul olmur. Çünki endirim olan marketə girən kimi müştərilər bunu hiss etməli idilər və əgər endirim olsaydı, market özünə kütləvi müştəri ordusu cəlb edə bilərdi. Və yaxud da satıcı deyir ki, hər ay belə bukletlər olur. Məgər hər ay endirim olur ki, belə bukletlər olsun? Maraqlıdır!

Şahanə Rəhimli
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu