Modern.az

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ləğvindən sonra hesabatlılıq problemi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ləğvindən sonra hesabatlılıq problemi

31 Dekabr 2020, 17:35

Ekspertlər Təşəbbüsün sadəcə məlumat toplanması səviyyəsində qalacağından  narahatdır

Yazını hazırlamağa Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın internet səhifəsini ziyarət etməklə başladıq. Komissiyanın fəaliyyəti ilə bağlı sonuncu xəbər 2019-cu ilin 12 iyuluna aiddir. Həmin məlumatda bildirilir ki, Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti (//hssk.gov.az/az/news/100106) iclası keçirilib. Həmin iclasda 2018-2019-cu illər üzrə ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə “Grant Thornton” şirkəti qalib elan edilib. Həmçinin, iclasda Benefisiar Sahiblik məlumatlarının açıqlanmasına dair Yol xəritəsinin tətbiqi layihəsinin gedişatı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Amma növbəti yox, son iclas olan həmin toplantıdan ləğv edilənədək keçən 1 il 2 ay müddətində Komissiya 1 dəfə də olsun toplana bilməyib. Baxmayaraq ki...

Tarixə çevrilən İLKLƏR

Azərbaycan uzun illər Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) ilə bağlı bir neçə ilkə imza atıb. 2003-cü ilin iyunun 17-də Londonda keçirilən MHŞT üzrə I Beynəlxalq konfransda Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilən beynəlxalq səyləri dəstəklədiyini bəyan edərək MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürdü. Azərbaycan həm də 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqladı. Mədən sənayesində şəffaflığın təmini istiqamətində addımları davam etdirən 2009–cu ildə “MHŞT üzrə tam hüquqlu üzv” statusu alan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görüldü...

Amma hər şey 2013-cü ilin sonlarında başladı.  Milli Məclis vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və “İnzibati Xətalar Məcəlləsi”nə 8 əlavə, 50-dək düzəliş etdi. Qanunvericiliyə edilən bu dəyişikliklər ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə təsirsiz ötüşmədi. Hökumət və hasilat sənayesində fəaliyyət göstərən şirkətlərlə birgə memorondumun tərəfi olan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindəki çətinlik səbəbindən Azərbaycanın bu beynəlxalq təşəbbüsdə statusu 2015-ci ildə aşağı salındı. Buna baxmayaraq yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan oldu.  2017-ci il martın 8-9-da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olundu. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin təşkilat kimi MHŞT-ni tərk etdiyini, amma hasilat sənayesində şəffaflıq, hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəklədiyini və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmində olduğunu bəyan etdi.

Uğurlu başlanğıcdan statistik məlumat toplanılmasına aparan yol

2017-ci ildə  Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı. Komissiya formalaşdırıldıqdan sonra ilk iki ildə aktıv fəaliyyət göstərdi. 2017 və 2018-ci illər üzrə HSŞ hesabatları ictimaiyyətə açıqlandı.

Bununla yanaşı Standartın tələbinə uyğun 2020-ci ildən benefisiar sahibliyin (Hasilat sənayesində çalışan şirkətlərdən faydagötürən sahiblər) açıqlanması istiqamətində də tədbirlər görüldü. HSŞ Komissiyası Asiya İnkişaf Bankı ilə 2017-ci ilin 14 sentyabrında “Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarını açıqlanmasına dair Yol Xəritəsinin icrasını dəstəkləmək məqsədilə texniki tapşırıq” sənədini imzaladı.
2018-ci ildə “Azərbaycanda Hasilat Sənayesində Benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqinə dəstək üzrə” ilkin hesabat hazırlandı.
Həmçinin, Benefisiar sahiblik məlumatlarının açıqlanması sistemləri barədə qabaqcıl beynəlxalq təcrübə” adlı ikinci və “Benefisiar Sahiblik Tərifinin Layihəsi” adlı üçüncü hesabat təqdim edildi. Amma prosesləri daha irəli aparmaq mümkün olmadı.
2020-ci il, 28 iyul tarixli Prezident fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya ləğv edildi. Fərmanda göstərildi ki, HSŞ üzrə daha ardıcıl və dayanıqlı hesabatlılığın tətbiqini təmin etmək məqsədilə  HSŞ üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilir. DSK-ya tapşırılır ki, HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, HSŞ üzrə hesabatların davamlı toplanılmasını və toplanan hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etsin.
Amma bu gün Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda davam etdirilməsi ilə bağlı birmənalı fikir yoxdur.

“Azərbaycanda hasilat sənayesi üzrə hesabatlılıq sual altına düşüb”

 



İqtisadçı ekspert, MHŞT üzrə Çoxtərəfli qrupda uzun müddət təmsil olunan Azər Mehtiyev deyir ki, Azərbaycanda artıq Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində standarta uyğun hesabat hazırlanması və təşəbbüsə dair digər öhdəliklərin yerinə yetirilməsi gündəmdə deyil:

“Azərbaycan Təşəbbüsdən 2017-ci ildə çıxıb, sadəcə sonradan bu prosesi milli çərçivədə davam etdirmək istəyirdi. HSŞ üzrə Komissiyanın yaranması ilə bağlı sənəddə Benəlxalq standarta uyğun hesabatlılıq nəzərdə tutulurdu. Bu ilin yayından isə  Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya da ləğv olundu. Artıq Azərbaycanda hasilat sənayesi üzrə hesabatlılıq sual altına düşür. Benefisiar sahibliklə bağlı işlərin həyata keçirilib-keçirilməməsi ilə bağlı da qeyri-müəyyənlik davam edir. Sadəcə bu sahə üzrə məlumatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) tapşırılıb. DSK xüsusi bir bülleten  formasında hasilat sənayesi ilə bağlı, hasilat, gəlirlər və digər statistik məlumatlara dair bir toplu hazırlamaq üzərində işləyir.  Yəqin ki bu proses artıq sadəcə statistik məlumatların açıqlanması formasında gedəcək”.


“Komitənin məlumatlarına cəmiyyətdə ictimai etimad yüksək deyil”

 



Mədən sənayesində şəffaflığın artırılması təşkilatının Beynəlxalq İdarə Heyətinin üzvü olmuş iqtisadçı Qubad İbadoğlu son prosesləri Azərbaycanın Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündən imtinası kimi qiymətləndirir: “Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü təkcə illik hesabatların açıqlanmasından ibarət deyildi. Əvvəl bu proses hesabatların açıqlanması ilə gündəmə gəlsə də, sonradan genişləndi və əlavə keyfiyyət dəyişikliklərinə gətirib çıxaran istiqamətlər müəyyənləşdirildi. 2021-ci ildən isə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə üzv olan ölkələrin hər biri bütün Hasilatın Pay Bölgüsü sazişlərini dərc etməyə başlayacaq. Azərbaycanda isə Hasilatın Pay Bölgüsü ilə bağlı 20-dən çox saziş imzalansa da, cəmi 4-5 saziş ictimaiyyət üçün açıqdır. Qalanlar isə dərc olunmur. Azərbaycan bu təşəbbüsü tərk edəndən sonra bu istiqamətidə digər ölkələr xeyli qərarlar verilib.  Üzv ölkələrdə Benefisiar sahibliklə bağlı, həm də ekoloji və tenderlerlə bağlı məlumatların verilməsi və hesabatların kəmiyyət və keyfiyyət baxımından genişlənməsi işi aparılıb. Beynəlxalq əlaqələndirmə, beynəlxalq öhdəlik olmadığından Azərbaycan bu ilin yayınadək yalnız hesabat dərc etməklə işini bitmiş sayırdı. Buna görə də bu sadəcə mənasız bir  işə çevrilmişdi və proseslər göstərirdi ki, Hasilat Sənayesində Şəffaflığın təmin edilməsi hökumətin marağında deyil. Düzdür, açıqlanan hesabatların özü də bir məlumat mənbəyi idi. Ekspertlər, jurnalistlər bu hesabatlardan çıxış edib müəyyən təhlillər aparırdı. Bu prosesin də dayandırılması Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün sonuna gətirib çıxardı”.

 

 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da hesab edir ki, Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündən təmamilə uzaqlaşıb: “HSŞ Komissiyasının yaranması ilə bağlı sərəncamdan sonra ümid var idi ki, Azərbaycan MHŞT-dən çıxsa da, özü müstəqil şəkildə beynəlxalq standartın tələblərinə uyğun təşəbbüsü davam etdirəcək. Sonrakı dövrdə Komissiyanın fəaliyyəti davam edirdi, hətta vətəndaş cəmiyyəti institutları da prosesə daha aktiv cəlb olunmuşdu. Amma sonradan bu missiya Dövlət Statistika Komitəsinə ötürülməklə proses donduruldu. İndiyədək real rəqəmlərlə yerdəki icra orqanlarının DSK-ya təqdim etdiyi rəqəmlər arasında fərqlər olurdu. Hazırda DSK-nın məlumatlarına cəmiyyətdə ictimai etimad yüksək deyil. Belə olduğu halda Hasilat Sənayesi ilə bağlı məlumatların toplanması, ictimaiyyətə açıqlanması və şəffaflığın təmin edilməsi mümkün olmayacaq”.  

“Ümid edirik ki, irəli doğru bir addımın şahidi olacağıq”

"Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, Azərbaycan Prezidentinin 5 aprel 2017-ci il tarixli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanı beynəlxalq əsaslar və standartların davam etdirilməsini nəzərdə tuturdu: “Fərmana əsasən hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı. 2017-2019-cu illər ərzində Komissiya müstəqil, ixtisaslaşmış audit şirkətin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq Hesabatları hazırladı və dərc etdi. Bu hesabatlara vətəndaş cəmiyyəti tərəfindən də rəylər verildi.  HSŞ Komissiyası vətəndaş cəmiyyəti ilə fəal əməkdaşlıq edir və mütəmadi konsultasiya mexanizmi formalaşdırdı. Komissiyanın fəaliyyəti Azəbaycana müstəqil olaraq hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi sahəsində beynəlxalq standartlara əsasən milli təcrübəsini yaratmağa imkan verdi. Obyektivlik naminə qeyd etmək lazımdır ki, HSŞ Komissiyası gözləntiləri doğrultdu.

 


2020-ci il, 28 iyul tarixli Prezident fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya ləğv edildi, şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə olundu. Düşünürəm ki, əsas yanaşma ölkəmizin hasilat sənayesində  şəffaflığın təmin edilməsi ilə bağlı 2003-cü ildən bəri əldə etdiyi  təcrübəni,  uğurları saxlamaq və daha da inkişaf etdirməkdir. Son zamanlar ölkə başçısı səviyyəsində şəffaflıq və hesabatlılıqla bağlı çox ciddi çağırışlar olub, tənqidlər səslənib. Bunu hökumətin yanaşması kimi qəbul etsək Dövlət Statistika Komitəsi həm keçmiş təcrübəni və yeni tələbləri də nəzərə almalıdır. Ümid edirik ki, irəli doğru bir addımın şahidi olacağıq”.

Dövlət Statistika Komitəsi yalnız statistik məlumatlar toplayacaq

Əldə etdiyimiz məlumata görə, artıq Dövlət Statistika Komitəsi  Hasilat Sənayesində Şəffaflıq üzrə statistik göstəricilər sisteminin hazırlanması üçün ilkin sənəd hazırlayıb.

 

 

Həmin sənədə görə, hasilat sənayesində çalışan müəssisələrin sayı, neft-qaz hasilatı, qiymətli metal və digər hasilat sənayesi məhsullarının istehsalı ilə məşğul olan qruplar üzrə məlumatlar Dövlət Vergi Xidmətindən alınacaq. Hasilat Sənayesində çalışan şirkətlər isə hasil olunan xam neftin həcmi və dəyəri,  hasil olunan təbii qazın həcmi və dəyəri, hasil olunan qızıl və gümüşün yalnız həcmi, mis filizləri və konsentratlarının həcmi və dəyəri, hasil olunan dəmir filizinin həcmi ilə bağlı məlumatları Dövlət Statistika Komitəsinə təqdim edəcək.
İxrac olunan hasilat sənayesi ilə bağlı məlumatlar isə həm müəssisələr, həm də Dövlət Gömrük Komitəsindən alınması nəzərdə tutulur.
Hasilatla əlaqədar dövlətə ayırmalar və ödənişlərlə bağlı məlumatlar isə Dövlət Neft Fondu, müəssisələr, SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən təqdim olunacaq.
Bu isə göstərir ki, artıq Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü  texniki data yığımı və dərci prosesi olacaq. Baxmayaraq ki, Təşəbbüsün fəlsəfəsi hökumətin (hasilat sənayesini) idarəetməsinin keyfiyyətini qiymətləndirməyə hədəflənib.     



Xalid Vahidoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi