Modern.az

"Reket qəzet"lər niyə satışdan da yığışdırılmır?

"Reket qəzet"lər niyə satışdan da yığışdırılmır?

28 Yanvar 2010, 14:00

Mətbuat Şurası tərəfindən “reket qəzet”lərlə bağlı yeni-yeni siyahıların açıqlanmasına öyrəncəli olmuşuq. Adları “qara siyahı”ya düşən “reket nəşrlər” deyəsən heç bundan narahat da deyillər və əvvəlki kimi fəaliyyətlərini davam etdirirlər.  Həmin qəzetlərin satışına da maneçilik yoxdur. Bu gün yayım firmalarının istənilən köşkündən “reket qəzet”lərin təzə nömrələrini almaq olar. Bugünədək 90-a qəzet və jurnal “reket” elan olunub. Görəsən Mətbuat Şurası “reket qəzet”lərin yayımı ilə məşğul olan firmalarla əməkdaşlıq edib, onların dövriyyəyə buraxılmaması üçün niyə müvafiq addımlar atmır?

 

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynov suala geniş cavab verə bilməyəcəyini bildirdi. R.Hüseynzadə dedi ki, Mətbuat Şurası hüquqi qurum olmadığından “reket qəzet”lərin fəaliyyəti ilə bağlı digər tədbir görə bilmir.

Mətbuat Şurasının “Reket qəzet”lərlə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadənin isə məsələyə münasibəti belə oldu: “Biz həmin nəşrləri ictimai rəyə əsaslanıb “reket” elan edirik və onları ictimai qınağa veririk. Sonrakı addımlar bizlik deyil”.

“Qaya” Mətbuat yayımı firmasının sədri Xanhüseyn Əliyev bildirdi ki, yalnız məhkəmə qərarından sonra “reket nəşrlər”in yayımını dayandıra bilərlər: “Mətbuat Şurası “reket qəzet”lər barədə ancaq təklif verir. Burada gərək məhkəmənin qərarı da olsun. Ona görə də  biz həmin nəşrlərin yayımını davam etdiririk”.

 

“Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Səfərli də eyni fikirdədir: “Bəzi vaxtlarda Mətbuat Şurasının keçirdiyi tədbirlərdə mən də iştirak edirəm. Məlum olur ki, elə nəşrlər var ki, onlar qəzetçiliklə deyil,  insanları şantaj etməklə məşğuldurlar. Bu qəzetləri birdəfəlik bağlasalar əlbəttə yaxşı olar. Mətbuat Şurası bu qəzetləri “reket” elan edir, ancaq məhkəmə qərarı lazımdır ki, bundan sonra onların yayımı dayandırılsın”.

 

“Qasid” Mətbuat yayımı firmasının sədr müavini Ağəli İsmayılov isə ümumiyyətlə  “reket qəzet”lərin satışı ilə məşğul olmadıqlarını deyir: “Çünki “reket qəzet”lərin bizimlə müqaviləsi yoxdur. Hansı qəzetlərin bizimlə müqaviləsi varsa, o qəzetlərin yayımı ilə məşğul oluruq. “Reket qəzet”lərlə müqaviləmiz olarsa, o zaman həmin qəzetlərin də yayımıni təşkil edərik”.

 

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu