Modern.az

Qarabağ döyüşündə yaralanmış 18 yaşlı əsgər - Nurlan Məmmədli kömək istəyir - FOTOLAR

Qarabağ döyüşündə yaralanmış 18 yaşlı əsgər - Nurlan Məmmədli kömək istəyir - FOTOLAR

Hadisə

5 Yanvar 2021, 15:40

Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan keçmişdə olduğu kimi, indi də igidlər diyarı, qəhrəmanlar ölkəsidir.


Modern.az
saytının “Vətəni yaşadanlar” rubrikasında təqdim etdiyi döyüşçü də igidlərdən biridir.


Beləliklə, Vətən Müharibəsində yaralanmış baş atıcı Nurlan Məmmədlini tanıyaq.


Nurlan Məmmədli 2002-ci il 13 aprel tarixində Bakıda anadan olub. Nurlangil ailədə 3 övladdır. Kiçik yaşda olmasına baxmayaraq vətən, torpaq üçün canını da qurban verməyə hazır olub. Həqiqi hərbi xidmətdə olan zaman Vətən müharibəsi başlayıb və ilk gündən müharibədə iştirak edib. Suqovuşan, Füzuli istiqamətində gedən döyülərdə şücaət göstərib.


Daha ətraflı qəhrəmanımızın özündən eşidək. Onun sözlərinə görə, bir niyyət var idi, torpağı azad etmək:


“Bizim tabor sentyabrın 27-si Füzuli istiqamətində döyüşə girdi, bir niyyətimiz var idi, o da işğalda olan torpaqlarmızı azad etmek. Bir məqsəd var idi: ölmək var, dönmək yox.

Ermənilərin 40 metr postu var idi, onu 2 günə aldıq və digər posta hücuma keçdik. Sanki dəliyə çevrilmişdik, 4 günə 2 post aldıq.

Müharibənin 11-ci günündəydik. Döyüşlər gedir, qələbə qazanmağa davam edirdik.

Oktyabrın 13-ü neytral bölgədə mühasirəyə düşdük, yarım saat mühasirədə qaldıq.

Bizim bölük 18 nəfərdən ibarət idi. 1 yaralı və 4 şəhidimizi döyüş bölgəsindən çıxaran zaman düşmən gülləsinə tuş gəldim. Sol tərəfdən - ürək nahiyəsindən yaralandım. Buna baxmayaraq, biz yenə ilə gedirdik. Lakin komandir buna icazə vermədi. Ya şəhid, ya da əsir düşəcəyimizi dedi. Biz geri çəkildik”.


Nurlan deyir ki, yaralanandan sonra vəziyyəti ağırlaşıb:


“Vəziyyətim çox pis idi. Gizir Məmmədli mənə yardım etmək istədi, amma, güllənin dərində olduğunu gördü və “Allah səni qorusun” dedi.

Həmin an əsgər yoldaşlarımın gözlərinin dolduğunu gördüm. Fikirləşdilər ki, öləcəm. Bu zaman biri “Nurlanın vəziyyəti necədir?”,-deyə soruşdu. Gizir “qan çox gedir, yarım saata burdan çıxa bilsə yaşayacaq”,- dedi.

Həmin ərazidən tək çıxmağa çalışdım. Bu zaman yenə erməni gülləsinə tuş gəldim. Və yenidən qəlpə yarası aldım. Ürək nahiyəmə qoyulan sarğı paketi yerə düşdü. Yenə sürünməyə davam etdim, səngərə gəlib çatdım”.

Nurlan səngərə çatanda o zaman hələ şəhid olmayan Milli Qəhrəman, polkovnik Şükür Həmidovun qarşısına düşüb. Nurlan polkovnikə “bağışla cənab polkovnik, sonacan gedə bilmədim” deyib. Şükür Həmidov isə “əsgər, sən axıra qədər getdin” deyərək, Nurlanı Beyləqana yola salıb.


Həmin anlarda Nurlanın tək arzusu var imiş, o da atasının səsini eşitmək...


“Tək istəyim atamın səsini eşidib, şəhid olmaq idi. Atama zəng etdim, amma, yaralı olduğumu demədim. Daha sonra sağollaşıb, qardaşıma yığıb, yaralandığımı, Beyləqana aparıldığımı dedim”.


Qazinin qardaşı Cavid Məmmədli
Nurlanın döyüş zamanı etdiyi zəngdən danışıb:


“Qardaşım sentyabrın 27-si səhər saat 6-dan döyüşlərdə olub. Suqovuşan, Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Nurlan oktyabrın 13-ü mənə zəng etdi. Vəziyyətin pis olduğunu, evdəkiləri mənə əmanət etdiyini dedi. Məndən halallıq istədi”.


Döyüşdə dalbadal iki dəfə yaralanmış Nurlan Məmmədli hazırda müalicə olunur.


Qardaşı Cavid Məmmədli heç bir qurum tərəfindən yardım olunmadığını deyib:


“Oktyabrın 13-ü Füzuli istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxaran zaman Nurlan ağır yaralandı. Yaralanan gün Beyləqana göndərilib. Daha sonra Bakıya gətirilib.

Ailədə işləyən tək mənəm, Xırdalanda kirayə evdə qalırıq. Sosial şəbəkələrdə paylaşım olana qədər heç bir yardım olunmamışdı. Paylaşımdan sonra Nurlan hospitala aparıldı, müalicə yazıldı. Həmin gündən qardaşımın baş ağrısı kəsmir. Hiss edirik ki, saçlarında ağarma gedir”.


Cavidin qardaşına tək arzusu sağalmağı, heç kimə möhtac olmamağıdı:


“Qardaşıma görə tək arzum odur ki, heç kimə möhtac olmasın. Özünü özü idarə etsin”.


Qeyd edək ki, Nurlanın ailəsi maddi durumdan əziyyət çəkir. Onun özünün yaralandığı sənədlərdə təsdiq olunmayıb, heç bir medalla təltif olunmayıb.
Nurlan həqiqi hərbi xidmətdə olduğu üçün yenidən geri çağırılır. Amma ailəsinin maddi durumu yaxşı olmadığından, Nurlanı müalicə edib, hərbi hissəyə göndərə bilmir.


Nurlan hazırda ev şəraitində müalicə alır və yanvarın 10-u yenidən hərbi hissəyə qayıtmalıdır.


Bu da 18 yaşlı Nurlanın Vətən uğrunda gedən döyüşlərdəki qısa hekayəsi.

Allah şəfa versin!


Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?